ARAİKİN MOSKVADA NƏ İŞİ VAR? - Terrorçu Rusiyaya hansı kimliklə səfər edir?



Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən erməni quldur dəstələrinin başçısı Araik Arutyunyan Rusiya xüsusi xidmət orqanları tərəfindən Moskvaya çağırılıb.

Ermənistan KİV-in məlumatına görə, Arutyunyanın Moskvaya getməsinə səbəb Rusiya kəşfiyyatının ona “qulaq burması” vermək istəyi olub.
İddialara əsasən, Araik Arutyunyanın Nikol Paşinyanın əmrlərinə tabe olması Kremli həddən artıq qıcıqlandırıb.
Separatçının Moskvada olması qalsın bir yana, onun Rusiya paytaxtına hansı yolla gedib çıxması da özlüyündə maraqlı məqamdır.

Açıq desək, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən, əli dinc əhalinin qanına bulanan bu terrorçunun sülhməramlıların nəzarətində olan bölgədən sülhməramlı kontingentin aid olduğu dövlətə səfər edə bilməsi sözün əsl mənasında heyrət doğurur.

Üstəlik, Rusiyaya sözügedən şəxsin hansı kimliklə səfər etməsi də, aydın deyil. Araik Arutyunyan haranın vətəndaşıdır? Mövcudluğu və varlığı heç kim tərəfindən qəbul edilməyən “dövlət”in, yoxsa Ermənistanın? Birinci versiya yəqin ki, Kreml üçün daha böyük rüsvayçılıq olardı.

Yox, əgər ikinci versiyadırsa, Rusiya sülhməramlıları qısa müddətdən sonra daha bir ağır sınaqdan keçməli olacaq. Moskvada izahat verən Araik Laçın dəhlizindən Qarabağa – Azərbaycana buraxılacaqmı? Kim olaraq buraxılacaq və buna kim cürət edəcək? Yoxsa sülhməramlılar ilk dəfə bizi təəccübləndirib, öz işinin öhdəsindən gələcək? Yəqin ki, bu suala cavab almaq üçün çox gözləməli olmayacağıq…

Çünki Rusiyadan cavab almalı olduğumuz və çoxdan gözlədiyimiz suallar onsuz da mövcuddur. Dövlət başçısının Kremlə “İsgəndər”lərlə bağlı ünvanladığı sualı kimi.
İndi isə bu sual daha da qəlizləşəcək, çətinləşəcək: “İsgəndər-M” raketlərinin Qarabağda, Araikin isə Moskvada nə işi var?
Rusiya kimi böyük bir dövlət üçün hansısa terrorçunun tapılması kiçik bir iş ola bilər. Onun Moskvada sorğu-suala tutulması, hətta məqsədi nə olur-olsun ona “qulaq burması” verilməsi də bir o qədər əhəmiyyətli sayılmaz. Əhəmiyyətli məsələ, bu terrorçunun nəyə görə tutulmaması, Azərbaycana təhvil verilməməsidir. Moskvada kimlər bir terrorçuya görə Azərbaycanla münasibətlərə kölgə salır?
Suallar çoxdur.

Ancaq ən azı Rusiya xalqının da vacib bir sualı var: Öz vətəndaşının qatili ilə eyni masa arxasında oturanlar kimlərdir?
Axı, Araik Arutyunyan adlı terrorçunun əlində qanı olanlardan biri də elə Gəncə şəhərinə hücumda həlak olan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovdur.(oxu.az)



Tarix: 22-04-2021, 23:28
Xəbəri paylaş



Xəbər lenti