Qafar Çaxmaqlı: “Ruslar tədbir görməsələr, 10 noyabr bəyanatından irəli gələn vəzifələri yerinə yetirməsələr, ”dəmir yumruq" işə düşməlidir"
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi İrəvana növbəti sərt xəbərdarlığını etdi. Dövlət başçısı Ermənistan xarici işlər naziri Ara Ayvazyanın yanvarın 5-də Xankəndinə səfəri barəsində dedi ki, bu addımlar davam etsə, Azərbaycanın cavabı “çox sərt” olacaq.“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində” - Prezident xəbərdarlıq nitqində bildirib.
Bunun ardınca Azərbaycan XİN növbəti bəyanat yayıb və rəsmi İrəvanı ağlını başına yığmağa çağırıb.
“Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir”- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib. Qeyd edilib ki, rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”.
Göründüyü kimi, həm Prezident, həm XİN mövqeyini ifadə edib, bundan sonra Ermənistanın təxribatlarını əngəlləmək və erməni rəsmiləri başa salmaq digər instansiyaların üzərinə düşəcək. Bəs, erməni məmurlar bir daha qeyri-qanuni şəkildə Qarabağa gəlsələr, onlarla bağlı hansı tədbirlərə əl atıla bilər? Onlar fiziki baxımdan aradan görtürüləcək, yoxsa həbs edilib Bakıya gətiriləcək? Qafar Çaxmaqlı Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, bütün Qarabağda Azərbaycanın suveren haqlarını bərpa etmək birinci dərəcəli məsələdir və bura ciddi nəzarət edilməlidir: “Bu gün Ermənistanın XİN rəhbəri gəlib-gedəcəksə, sabah burada istənilən təxribatçı hərəkətlərə yol verilə bilər. Azərbaycana giriş-çıxışa nəzarət edilməlidir. Məlumdur ki, rus sülhməramlıları bu işi yerinə yetirməyəcəklər, ona görə də buradakı kontrol nöqtələrində Azərbaycanın iştirakı vacibdir. Bu gün biz ermənilərə xəbərdarlıq edə bilərik və bəzi hərbi tədbirlər də görə bilərik, amma bu məsələnin həlli anlamına gəlməz. Azərbaycan işğaldan hələlik azad olunmamamış və Rusiyanın ”sülhyaradıcılarının" nəzarətində olan ərazilərdə ciddi kontrol həayta keçirməlidir. Kim olur-olsun, buraya gələn hər hansı şəxs qanunlarımızı, sərhədlərimizi pozduğundan onlara cinayət işi qaldırılmalıdır. Ruslar tədbir görməsələr, 10 noyabr bəyanatından irəli gələn vəzifələri yerinə yetirməsələr, “dəmir yumruq” işə düşməlidir. Bunu indi etməliyik, üstündən müəyyən müddət keçəndən sonra bu işləri etmək çətin olacaq".
Q.Çaxmaqlı hesab edir ki, işğaldan azad olunmamış ərazilərə nəzarət etməsək, ermənilər buranı “su yolu”na döndərəcəklər: “Buranı terroristlər yuvasına döndərəcəklər, artıq erməni mətbuatında yer almaqdadır ki, xarici ölkələrdən də buraya gəlib-gedənlər var. Ermənistan açıq deyir ki, onlar 3-cü Qarabağ müharibəsinə hazırlaşırlar. Ordunu yenidən qurur və Qarabağdan da silahlı qüvvələrini çıxartmağa hazırlaşmırlar. Mənə elə gəlir ki, əvvəlki səhvləri təkrar etmədən sərt addımlar atılmalıdır. Əlimizdə bunun üçün əsaslar da var”.
Ekspert bildirdi ki, ermənilər cəsəd axtarışı adı ilə hətta işğaldan azad olunmuş ərazilərimizə də girirlər...
Tarix: 16-01-2021, 09:08