Biz mədəniyyət paytaxtımızdayıq, gah “barış göyərçini”, gah da “müharibə şahini” kimi davranan Anna isə “Puşkin” restoranında
“Bakıda Bayraq Meydanının açılışında çıxış edərkən dedim ki, gün gələcək və Azərbaycan bayrağı Şuşa da daxil olmaqla işğal olunmuş ərazilərdə dalğalanacaq. Və o gün gəldi. Yadımdadır, o zaman separatçı rejimin bəzi “təmsilçiləri” Şuşadakı Azərbaycan bayrağının yalnız bir halda - əgər, Azərbaycan “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb orada səfirlik açarsa, qaldırıla biləcəyini deyirdilər”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə erməni işğalından azad edilmiş Şuşanı ziyarət edərkən söylədi.
“Dövlət başçısı son dəfə Şuşada düz 39 il əvvəl, 14 yanvar 1982-ci ildə olduğunu xatırladı. “Bu gün, 39 il sonra yenidən buradayam. Bu dəfə müharibədə qalib gələn və igid əsgərlərimiz sayəsində bu şəhəri azad edən baş komandan olaraq geri qayıtdım”, - deyə İlham Əliyev vurğuladı.
Bəli, Şuşa azad edildi və indi hər bir azərbaycanlının mədəniyyətimizin beşiyi olan bu gözəl şəhəri görmək imkanı var. O mədəniyyət ki, erməni tərəfindən metodiki olaraq məhv edilirdi. İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin azad edilmiş torpaqları gəzərək haqlı olaraq məscidlərin və dini ibadətgahların dağıdılmasının, təhqir edilməsinin, onlara qarşı vandalizmin qəbuledilməz olduğunu bəyan etməsi heç də boş yerə deyildi. Azərbaycan Qarabağdakı tarixi, mədəni və dini irsin məhvinə görə Ermənistandan təzminat almaq niyyətindədir. İddianın məbləği böyük olacaq - on milyardlarla dollar. Hansı ki, bu pul Ermənistanın yoxudur və edə də bilməz. Torpaqlarımızı işğal altında saxlamağına və təbii sərvətlərimizin istismarından pul qazandığına baxmayaraq, bölgədəki iqtisadi cəhətdən ən geridə qalan dövlət Ermənistan idi. İndi Ermənistan üçün vəziyyət faciəvi kritik hala gəldi.
“Ermənistan rəqəmlərdə və faktlarda” kanalının 2020-ci ilin yanvar-sentyabr ayları məlumatlarına görə, Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəmi 630 min dollar (!) və ya 311 milyon dram olduğunu göstərdi. 2019-cu ilin eyni dövründə bu məbləğ 80 milyon dollar idi. Yəni, 2019-cu illə müqayisədə eniş 99,2 faiz təşkil edib.
Erməni iqtisadçılar dramın tədricən devalvasiyasına, artan işsizliyə və ölkə vətəndaşlarının ölkəni əbədi tərk etmək istəklərinə işarə edərək həyəcan təbili çalır. Bu da öz növbəsində, onsuz da hər il əhalisinin sayında güclü azalma olduğunu bildirən Ermənistanın problemlərini daha da ağırlaşdıracaq. Bunlar isə bütün Ermənistan hakimiyyətlərinin apardığı düşünülməmiş siyasətin nəticəsidir.
Eyni zamanda, erməni ictimaiyyəti və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər hər şeydə müstəsna olaraq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və onun vətəndaş nigahlı həyat yoldaşı Anna Akopyanı günahlandırırlar. İş o yerə çatıb ki, onlara açıq şəkildə xain deyilir, kilsələrdə əl vermirlər. Paşinyanın ətrafının aktiv olaraq, onun qanadının altından ayrılmağı düşündüyü barədə məlumatlar var. Nikol Vovaeviç çox toksik bir liderə çevrilib.
Ancaq bu yaxınlara qədər hər tində “Qarabağ Ermənistandır və nöqtə” deyə qışqıran, Şuşada, Cıdır düzündə rəqs edən Paşinyan indi haradadır? Erməni mətbuatının yazdığına görə, bütün cəbhələrdə məğlubiyyətinin acısını alkoqolla boğmağa çalışaraq, çox içməyə başlayıb. Bəs, onun vətəndaş nigahlı həyat yoldaşı haradadır? Anna Akopyan və qızları “Köhnə Yeni il”i Moskvadakı “Puşkin” restoranında qeyd etdilər.
“Mediaport Telegram” kanalı bir video yayımlayaraq bu barədə məlumat verdi. Avtomobillər restoranın girişində dayandı. Akopyanı çox sayda təhlükəsizlik işçisi, habelə Nikol Paşinyanın həyat yoldaşına xidmət edən Rusiyadakı Ermənistan səfirliyi müşayiət edirdi.
Bu həmin adamdır ki, müharibədəki məğlubiyyəti Ermənistanda onun adı ilə əlaqələndirilir. O, açıq şəkildə müharibənin gedişatına müdaxilə etməkdə, Ermənistanın hərbi rəhbərliyinə təzyiq göstərməyə çalışmaqda, ani hədəflərə çatmaq üçün minlərlə ermənini qaçılmaz ölümə göndərməyə hazır olmaqda, ölmüş erməni hərbçilərinin xatirəsinə hörmətsizlikdə günahlandırılır. Akopyanın gah “barış göyərçini”, gah da “müharibə şahini” kimi davrandığını yaxşı xatırlayırıq. Həm də onun yaratdığı, amma döyüşə gedib çıxmayan qadın batalyonunu da…
Ən əsası isə hamı Anna Akopyanın Mehriban Əliyeva ilə qiyabi polemikaya girmək cəhdini xatırlayır. Məsələ belə idi. Azərbaycanın Birinci vitse-prezidenti Qarabağda muğam dinləmək xəyalından bəhs etdi və “Telegram” kanalında yazdı ki, “Azərbaycan xalqının yalnız bir arzusu var - Qarabağ torpağındakı Qarabağ şikəstəsini birlikdə dinləmək”.
Anna Akopyan, həmişəki kimi kinayəli tərzi ilə Mehriban xanımı vətənimizin o vaxt işğal altında olan ərazilərində - Qarabağda muğamı dinləməyə dəvət etməyə cəsarət etdi. Üstəlik Akopyan ölkəmizə qarşı təhdidlər səsləndirməyə cürət etdi. “Yeni bir müharibəyə başlayarlarsa, çox güman ki, muğamı dinləməyin onlar üçün reallaşmaz bir xəyal olacağı yeni qəsəbələr yaranacaq”, - demişdi.
Akopyanın bu lovğa çıxışları indi ona elə Ermənistanın özündə xatırladılır. Ancaq ən əsası, hamımız həm Nikol Paşinyanın, həm də həyat yoldaşının davranışının nəticəsini görürük. Doğma Ermənistanda belə, onlara ünvanlanan lənətləri eşitmədən küçələrdə gəzə bilmirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva isə Şuşanı ziyarət edilər. Qalib olaraq qayıtdılar. Artıq Şuşanın dirçəldilməsi və Azərbaycanın mədəniyyət paytaxtı statusuna qaytarılması üçün çalışırlar. Bütün bunları görəndə yalnız Nikol Vovaeviçə və onun vətəndaş nigahlı xanımına bir sual vermək istəyirəm: “Nə oldu?”.