“ “Bayevik”lər Azərbaycana qarşı vuruşmaq istəməyənlərin arvadlarını, qızlarını ya zorlayır, ya da güllələyirdilər...”
“Nə qədər ki, Qarabağdakı Azərbaycan torpaqlarındakı, xüsusən Xankəndindəki, Əsgərandakı silahlı ermənilərin çıxarılmasıyla yanaşı, sovet dövründən bəri burada azərbaycanlılarla münasibəti qızışdıran, əsasən Ermənistandan gələn, eyni zamanda xarici kəşfiyyat agentləri yaxalanıb cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmayıb, gələcək üçün təhlükələr hələ də qalacaq. 1988-1990-ci illərdə öncədən buralarda yaşamış ermənilərin çoxunu məhz xaricdən xüsusi olaraq göndərilən və ya Qarabağda yaşasa da, əvvəldən kəşfiyyat qurumları tərəfindən ələ alınmış ekstremist ermənilər qızışdırıb yoldan çıxarır, müxtəlif vasitələrlə azərbaycanlılara qarşı yönəldirdilər...”
Bunu Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, Şuşa rayonunun Malıbəy kəndinə dönməyi səbirsizliklə gözləyən istefada olan polkovnik Azay Kərimov söyləyib.
“Bilirsiz, Qarabağda öncədən yerləşmiş ermənilərlə biz sovet dövründə dinc yanaşı yaşayırdıq. Aramızda ciddi bir problem olmurdu. Yadımdadır ki, 1989-1991-ci illərdə artıq münaqişənin silahlı qarşıdurmaya keçdiyi bir vaxtda Şuşanın Malıbəy kəndinə qonşu olan Dağdağan kəndindəki ermənilər, bizə bir güllə də atmamışdılar. Onlar bizimlə rastlaşanda bunları danışırdı:
“Biz kəndə gələn saqqallı “bayevik”lərə deyirik ki, oğullarımızın sizə qoşulub azərbaycanlılara qarşı qırğın törətməsini istəmirik. Buna cavab olaraq həmin quldurlar gecə gəlib evdən arvadlarımızı, qızlarımızı aparıb ya güllələyir, ya da zorlayırlar. Bir sözlə, nə yolla olur-olsun, bizi məcbur edirlər ki, Azərbaycana qarşı müharibədə iştirak etməlisiz...”
Bax, belə yollarla münaqişə alovlandıqdan, artıq Xocalı, Qaradağlı soyqırımları baş verdikdən, torpaqlarımız işğal olunduqdan və yenidən xeyli hissəsi azad olunduqdan sonra çox müşkül bir vəziyyət yaranıb. Qarşılıqlı nifrət pik həddə çatıb. Bu gün bəlkə də birtəhər dişimizi sıxıb oradakı yerli ermənilərlə yenə də yanaşı yaşaya bilərik. Amma cəzalanmamış, təmizlənməmiş, orda-burda silah-sursat gizlətmiş ekstremist, separatçı, terrorçu ermənilər bir daha aranı qızışdıra, yenidən mülki azərbaycanlı əhaliyə hücumlar təşkil edə bilərlər. Buna heç kəs zəmanət vermir. Odur ki, dövlətimiz, müvafiq qurumlarımız bu məsələ üzərində ciddi düşünməlidir...”-deyə Qarabağ qazisi vurğulayıb.
Sultan Laçın
Tarix: 13-01-2021, 10:23