Laçında yeni dəhliz salınacaq: “Nə qədər tez olarsa, o qədər yaxşıdır”





“Beləliklə, ermənilər alternativ yoldan istifadə edər və rus sülməramlıları həmin yeri qoruyar”
 

Prezident İlham Əliyev dünən xalqa müraciətində çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin Laçın dəhlizi barədə də danışıb: “İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır.

Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində.
Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələnin əhəmiyyətini “Sherg.az”a şərh edib: 

“Belə bir maddə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatında var. Biz istəmirik ki, Laçın dəhlizi şəhərdən keçsin. Odur ki, Prezidentin vurğuladığı kimi, üç il ərzində yeni bir dəhliz salınacaq. Amma, əlbəttə, daha tez də ola bilər. Və nə qədər tez olarsa, o qədər yaxşıdır. Beləliklə, ermənilər alternativ yoldan istifadə edər və rus sülməramlıları həmin yeri qoruyar”.
Tarix: 2-12-2020, 16:02
Xəbəri paylaş



Xəbər lenti