
Son günlər pensiya kapitalının vətəndaş vəfat etdikdən sonra vərəsələrinə keçirilməsi ilə bağlı təkliflər yenidən gündəmə gəlib. Təkliflərə əsasən, şəxsin topladığı pensiya kapitalının müəyyən hissəsinin, o cümlədən ən azı 30 faizinin varisin hesabına köçürülməsi və həmin vəsaitdən istifadə imkanının yaradılması təklif olunur.
Hüquqşünas Sahib Məmmədov EDnews-a açıqlamasında bildirib ki, mövcud pensiya sistemi dəyişdirilmədən belə bir mexanizmin tətbiqi mümkün deyil.

Onun sözlərinə görə, Azərbaycanda pensiya kapitalı fərdi qaydada toplansa da, onun xərclənməsi həmrəylik prinsipi əsasında həyata keçirilir.
“Bizdə yığım fərdi qaydada aparılır. Hər kəsin öz hesabı var, vəsait orada toplanır. Amma xərclənməsi həmrəylik sistemi üzrədir”, – deyə hüquqşünas qeyd edib.
Sahib Məmmədov izah edib ki, şəxsin topladığı kapital müəyyən hesablama əsasında pensiyanın təyin olunmasına xidmət edir. Məsələn, pensiya kapitalı 144-ə bölünərək aylıq pensiya məbləği müəyyənləşdirilir. Bu rəqəm 12 illik dövrə uyğun gəlir. Lakin həmin müddət başa çatdıqdan sonra şəxsin kapitalı tükənsə belə, pensiyanın ödənilməsi dayandırılmır.
Onun sözlərinə görə, eyni zamanda kifayət qədər pensiya kapitalı toplamayan şəxslərə də müəyyən şərtlər daxilində minimum pensiya təyin edilir. Bundan başqa, əlilliyə görə əmək pensiyalarının ödənilməsi də ümumi həmrəylik sistemi çərçivəsində həyata keçirilir.
“Biz bu gün işləyənlərdən maliyyə yığırıq ora, amma orada pul yığılıb qalmır. O, indiki pensiyaçılara verilir. Bir müddət keçəcək, biz gələcəkdə pensiyaçı olanda sonrakı nəslin yığdığı bizə veriləcək”, – deyə Sahib Məmmədov bildirib.
Hüquqşünas qeyd edib ki, mövcud qanunvericilikdə əmək pensiyasının müəyyən hallarda faktiki olaraq ailə üzvlərinə keçməsi mümkündür. Onun sözlərinə görə, ər və ya arvad vəfat etdikdə müəyyən şərtlərlə həyat yoldaşının pensiyasından istifadə edilə bilər. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvlərinə, o cümlədən uşaqlara və digər hüququ olan şəxslərə təyin edilir.
Sahib Məmmədov hesab edir ki, pensiya kapitalının 30 faizinin və ya digər hissəsinin vərəsələrə verilməsi təklifi mövcud sistemin maliyyə mexanizmi baxımından real görünmür.
“Bu 30 faiz məsələsinin qəbul olunacağını mən real görmürəm”, – deyə hüquqşünas vurğulayıb.
O bildirib ki, belə mexanizm özəl pensiya fondlarında tətbiq oluna bilər. Çünki özəl pensiya sistemində şəxsin hesabında toplanan vəsait vərəsəlik qaydasında bütöv və ya müəyyən hissədə ailə üzvlərinə verilə, yaxud onların pensiyasına əlavə edilə bilər.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda da pensiya kapitalının vərəsəlik qaydasında keçirilməsini təmin etmək üçün mövcud pensiya mexanizminin köklü şəkildə dəyişdirilməsi lazımdır.
Sahib Məmmədov həmçinin pensiya sistemində işləyənlərin və pensiyaçıların nisbətinə diqqət çəkib. O bildirib ki, sistemin dayanıqlılığı üçün işləyənlərin sayının pensiyaçıların sayına nisbəti daha yüksək olmalıdır.
“Normal halda ən azı üç işləyən bir pensiyaçını saxlamalıdır. İdeal halda isə yeddi işləyən bir pensiyaçını saxlamalıdır”, – deyə o qeyd edib.
Hüquqşünas əməkhaqları arasındakı kəskin fərqlərin də pensiya sisteminə təsir etdiyini bildirib. Onun sözlərinə görə, yüksək əməkhaqqı alan şəxslərin gələcəkdə daha yüksək pensiya əldə etməsi üçün sistemə daha böyük sosial sığorta ödənişləri daxil olmalıdır.
“Əmək haqları arasında kəskin fərqlər var. 18 min, 20 min, bəzən 30-40 min manat əməkhaqqı alanlar var. Bir də 400 manat minimum əməkhaqqı alanlar var. Onların pensiyaları da müvafiq olaraq fərqli olur”, – deyə Sahib Məmmədov əlavə edib.
Ziyafət Əlisoy