Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı


Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı


Azərbaycanda “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Tribuna.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli proqramla bağlı fikirlərini bölüşüb. O, sənəddə düzgün istiqamətlərin və təsbitlərin yer aldığını qeyd etsə də, quru sərhədlərin bağlı qalmasının turizmin inkişafına ciddi maneə olduğunu bildirib.

“Sadəcə, məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil.

Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır”, – deyə iqtisadçı vurğulayıb.

N.Cəfərli Cənubi Qafqaz ölkələri arasında turizm əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, Gürcüstan düzgün siyasət və yeni turizm məhsullarının yaradılması hesabına regionun turizm mərkəzinə çevrilib:

“Avropa, ABŞ, Yaponiya, Çin kimi çox pul xərcləyən yerlərdən gələn turistlər bir bölgəyə gedəndə çalışırlar ki, ətraf ölkələrə də səfər etsinlər. Çünki Cənubi Qafqaz bir dəfə səfər ediləsi coğrafiyadır”.

İqtisadçı Polşadan gələn turist qrupunu nümunə göstərərək, Gürcüstan və Ermənistanı ziyarət edən turistlərin quru yolla Azərbaycana keçə bilməməsinin ölkənin turizm imkanlarına zərər vurduğunu bildirib.

“Tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra minir avtobusa, Ermənistana keçir, 1-2 gün oranı da gəzir, sonra həmin avtobusla Azərbaycana da gəlmək istəyir – amma sərhədi keçə bilmir. Bu, turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgəsinin turizm potensialına böyük zərbə vurur”, –

N.Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Ermənistan bu imkanlardan istifadə edərək Gürcüstanla birgə turizm layihələri həyata keçirməyə başlayıb.

N.Cəfərli Ermənistan və Azərbaycana turist səfərləri ilə bağlı artım-azalma göstəricilərini də müqayisə edib. O bildirib ki, son bir ildə Ermənistana turist səfərləri 19 faiz artdığı halda, Azərbaycana gələn turistlərin sayı 14 faiz azalıb.

İqtisadçı hesab edir ki, bu göstəricilər quru sərhədlərin bağlı olmasının Azərbaycanın turizm sektoruna yaratdığı problemləri bir daha ortaya qoyur.

Tarix: Dünən, 11:41
Xəbəri paylaş



Xəbər lenti