
“Azərişıq” ASC Xocalı rayonu Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsini yenidən quracaq.
Tribuna.az xəbər verir ki, bununla bağlıə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Məlumatda deyilir ki, tenderin qalibi “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC olub. Tərəflər arasında anlaşmaya əsasən layihənin icrasına 7 milyon 880 min 419 manat xərc çəkiləcək.
Qeyd edədk ki, sözügedən şirkət 2005-ci ildə yaradılıb. 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Tribuna.az-ın araşdırması zamanı bəlli olub ki, bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir. Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır.
Xatırladaq ki, Ağstafanın icra başçısı Seymur Vaqif oğlu Orucovdur. Onun Əlövsət Orucovla hansı qohumluq əlaqəsinə malik olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin belə bir ehtimal var ki, Maya Orucova ilə Seymur Orucov yaxın qohumdurlar.
Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.