Azərbaycanda benzin, dizel yanacağı və əhali üçün içməli su tariflərinin artırılmasından sonra cəmiyyətdə yaranan bahalaşma gözləntiləri özünü sürətlə doğruldur. Belə ki, artıq həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında ciddi qiymət artımları qeydə alınmaqdadır.Əhalini narahat edən əsas məsələ ərzaq məhsullarının bahalaşmasıdır. Belə ki, Azərbaycan əhalisinin istehlak xərclərində ərzaq məhsullarının xüsusi çəkisi kifayət qədər böyükdür. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan da görünür ki, yanvar ayında əhalinin qeyri-ərzaq xərcləri əvvəlki ilin eyni dövrünə nisbətən azalsa da, ərzaq xərclərində artım müşahidə olunmaqdadır. Belə ki, rəsmi məlumata əsasən 2021-ci ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkələrində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 faiz artıb.
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,5 faizi ərzaq məhsullarının, 6,2 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarə şəbəkələrindən satış həcmi 3,1 milyard manat, onun tərkibində ərzaq məhsullarının payı isə 44,8 faiz olmuşdu. O cümlədən keçən ilin yanvarında əhali ərzaq məhsullarının alınmasına 1 milyard 378,2 milyon manat xərcləmişdisə, bu ilin yanvarında bu xərc 1 milyard 468,3 milyon manata yüksəlib.
2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb. Ötən ilin eyni dövründə isə bu rəqəmlər müvafiq olaraq 309,1 manat, 157,2 manat və 151,9 manat olmuşdu.
Aydın məsələdir ki, koronavirus pandemiyasının gəlirləri kəskin azaltdığı 2020-ci ildə, elə indi də əhalinin ərzaq məhsullarına daha çox pul xərcləməsi daha çox ərzaq istehlak olunmasından irəli gəlməyib, məhsulların qiymət artımı ilə bağlıdır. Belə ki, proqnozlaşdırıldığı kimi, yanacağın və suyun qiymətinin kəskin bahalaşması ərzaq məhsullarının qiymətini yüksəldib. Ötən həftədən başlayaraq ərzaq məhsulları 20-30 faizə qədər bahalaşıb. Əsas istehlak mallarının tədarükçüsü və istehsalçısı olan “Azərsun” Holdinq, “Avrora” və “Veysəloğlu” şirkətlər qrupunun bazara çıxardığı malların qiyməti artıb.
Məsələn,1 litrlik duru yağlar 4 manatdan 5 manata yüksəlib. Qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata, şəkər tozunun qiyməti isə topdansatışda 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib. Unun qiyməti 1 kiloqram üçün 1,15-1,30 manatdan 1,30-1,60 manata yüksəlib. Bəzi çörək istehsalçıları da çəkini bir neçə qram artırmaqla qiymətlərə 10 qəpik əlavə ediblər. Yumurtanın, südün, meyvə şirələri, sərinləşdirici içkilər, habelə uşaq yeməkləri, qida əlavələrinin dəyərində də 15-25 faizə qədər bahalaşma var.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında isə ötən ay bir sıra məhsulların qiymətində artım olduğu qeyd edilir. Belə ki, komitənin məlumatına əsasən, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,3 faiz artıb. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayı ilə müqayisədə 1,2 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 1,4 faiz bahalaşıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub.
Yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksində əvvəlki aya nisbətən 2,5 faiz artım qeydə alınıb. Komitə bu artımı Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərindəik bahalaşma ilə izah edir.
Onu da qeyd edək ki, ərzaq məhsullarının qiymətində qlobal bazarlarda da bahalaşma müşahidə olunmaqdadır. Təbii ki, ərzaq məhsullarının mühüm hissəsini xaricdən idxal edən Azərbaycanda onların qiymət artımı anlaşılandı. Amma dünya bazarında qiyməti artmayan məhsullar da bahalaşıb ki, bu da inhisarçıların daha çox qazanmaq istəyindən irəli gəlir. Lakin maraqlıdır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ölkədə süni qiymət artımının aşkarlanmadığı bildirilir.
“Araz” Supermarketlər şəbəkəsinin PR sektor müdiri Səfər Aslanovun “Yeni Müsavat”a bildirdiyinə görə, bahalaşma bütün market şəbəkələrində müşahidə olunur: “Bahalaşma tendensiyası yalnız "Araz" Supermarket şəbəkəsində müşahidə olunmur, ümumi tendensiyadır. Bundan əlavə, məhsulların satış qiymətini Araz Supermarket şəbəkəsi təyin etmir. Tədarükçü şirkətlərlə əlaqə saxlamanızı tövsiyə edirik. Bu mövzu ilə bağlı daha təfsilatlı məlumatları tədarükçü şirkətlərin təmin etməsi mümkündür”.
Təəssüf ki, tədarükçü şirkətlərdən bahalaşmanın səbəbləri barədə hər hansı məlumat ala bilmədik. Elə ölkənin ən iri ərzaq məhsulları istehsalçılarından da həmçinin. Həm idxalçı, həm də istehsalçı şirkətlərin öz “işlərini” susaraq görmələri Azərbaycanda adət halını alıb desək, yəqin ki, səhv etmərik...
Xatırladaq ki, Tarif Şurası yanvarın əvvəlində benzin və dizel yanacağının qiymətini artırarkən ictimai nəqliyyatda gediş haqlarının artmaması üçün sərnişindaşıma ilə məşğul olan şirkətlərə kompensasiya ödəniləcəyini, ödəniş mexanizminin isə yanvarın sonunadək müəyyənləşdiriləcəyini bəyan etmişdi. Lakin hələlik nə mexanizm açıqlanıb, nə də şirkətlərə kompensasiya ödənişi kimi. Şuradan “Yeni Müsavat”ın sorğusuna verilən cavabda bildirilir ki, dizel yanacağının qiymətində dəyişikliyin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması məqsədilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiyanın verilməsi mexanizminə dair təkliflər hazırda aidiyyəti qurumlarla müzakirədədir: “Təkliflər və rəylər nəzərə alınmaqla aidiyyəti üzrə təqdim olunacaqdır”.
Beləliklə, aydın olur ki, yanvarın 5-də yanacaq bahalaşsa da, 40 gündən çox vaxt keçməsinə rəğmən, hələ də daşımaçı şirkətlər üçün kompensasiya ödənişi təmin olunmayıb. Üstəlik, demək olar ki, bütün texnikası dizellə işləyən aqrar istehsalçılar üçün subsidiyanın artırılacağı deyilsə də, bu istiqamətdə də hər hansı addım atılmayıb. Bu isə o deməkdir ki, tezliklə daxildə istehsal olunan aqrar məhsulların da qiymətində bahalaşma olacaq: yanacaq xərcləri aqrar sektorda məhsulların maya dəyərinin 30 faizindən yuxarı paya malikdir.
İqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifovun “Yeni Müsavat”a bildirdiyinə görə, yanacağın qiymətlərində baş verən dəyişiklikdən sonra qiymətlərdə artım daha qabarıq şəkildə özünü büruzə verməyə başlayıb: “Qiymətlərin artımına iki əsas amil təsir edir. Birincisi, yanacağın qiymətləri həqiqətən də digər məhsulların qiymətlərinə birbaşa və dolayı yolla təsir edir və bu, başadüşüləndir. Lakin ikinci amil ticarət aləminin yaranmış vəziyyətdən maksimum bəhrələnmək məqsədilə istifadə etməsidir. Yanacağın qiymətləri dəyişən günün sabahından başlayaraq bir neçə gün ərzində tikinti materialları satılan bazarlarda belə bəzi məhsulların satışı dayandırıldı. Məsələn, sementin satışının nə üçün dayandırıldığını soruşduqda cavab verilirdi ki, mal sahibləri hələlik yeni qiymətləri bəyan etməyiblər. Qiymətlərin dinamikasını aparmaq qədər asan bir iş yoxdur. Bunu hər kəs edə bilər. Siz eyni mağazaya daxil olub həftədə bir dəfə eyni məhsulların qiymətlərini qeydə alırsınız və bir neçə aydan sonra qiymətlərin necə dəyişdiyini görürsünüz. Bir qədər öncə 7-8 manata satılan kərə yağı indi 13-14 manata satılırsa, necə demək olar ki, qiymətlərdə heç bir artım yoxdur?”
Ekspert deyir ki, bu məsələdə ən yaxşı tərəzi ailə büdcəsi ərzaq təminatına güclə yetən ailələrin arasında sorğu keçirtmək yolu ilə vəziyyəti öyrənməkdir: “Belələri qiymətlərdə baş verən ən cüzi dəyişikliyi belə qeydə alırlar. Əgər qiymətlər əsası olmadan artırılırsa, bu halda İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vəziyyəti aydınlaşdırıb müvafiq tədbirlər görməlidir”.
Belə bahalaşma şəraitində dövlətin üzərinə düşən əsas vəzifə aztəminatlı əhalinin dəstəklənməsi olmalıdır. Bu istiqamətdə atılması zəruri olan əsas addım isə ölkədə minimum əmək haqqı və pensiya məbləğlərinin artırılması ola bilər.
“Yeni Müsavat”
Tarix: 17-02-2021, 11:04