DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…


DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…

Dünən Hurriyyet.az-da Dövlət Sərhəd Xİdmətində (DSX) baş verən qanunsuzluqlar, maliyyə maxinasiyaları ilə bağlı məlumat vermişdik. Bu informasiya saytımızda dərc olunduqdan sonra redaksiyamıza daha bir mənbədən məlumat daxil olub. Adının açıqlanmasını istəməyən sərhədçi bildirir ki, DSX-da baş verən qanunsuzluqları saymaqla bitməz. Onun sözlərinə görə, söhbət təkcə dövlət büdcəsindən oğurlanan pullardan getmir, bu qurumun rəhbərliyi hərbçilərin də “cibinə girir”, hər ay müxətəlif bəhanələrlə onların maaşından pullar tutulur.
Mənbə fakt olaraq 3 hərbi hissədə baş verən qanunsuzluqları göstərir. İddia edir ki, işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən bu hərbi hissələrdəki maliyyə fırldaqları ilə yaxından tanışdır. Onun sözlərinə görə, sözügedən hərbi hissələrin hər birində 60 müşahidə məntəqəsi (“post”) var. Hər məntəqəyə isə orta hesabla 5 hərbçi nəzarət edir. Bu isə o deməkdir ki, hər bir hərbi hissədə 300, üç məntəqədə isə ümumilikdə 900 sərhədçi xidmət göstərir. Məlumata görə, ay ərzində yanacaq xərci adı altında bu hərbçilərin hər birininin maaşından qanunsuz olaraq 30 manat tutulur, bu da ay ərzində 27 min manat deməkdir. Halbuki, dövlət tərəfindən hərbi hissələrə bu kimi xərclər mütəmadi olaraq ödənilir.
Mənbə deyir ki, bundan əlavə, sözügdən 900 sərhədçinin maaşından 20 manat da “ölüm fondu”na yığılır. Bu pulların yığılmasında məqsəd, guya, hansısa yaxını rəhmətə gedən hərbçilərə dəstək göstərməkdir. Doğrudur, kiminsə yaxını rəhmətə gedən zaman həmin hərbçiyə maliyyə dəstəyi göstərilir. Amma bu zaman ən çoxu 600 manat ödənilir. Nəzərə alsaq ki, ay ərzində “ölüm fondu”na 18 min manat pul toplanılır, deməli, bu vəsaitin də böyük hissəsi rəhbərlik tərəfindən mənimsənilir.
Beləliklə, mənbənin sözlərindən aydın olur ki, cəmi 3 hərbi hissədə nə az, nə çox, ay ərzində sərhədçilərin maaşından qanunsuz olaraq 45 min manat kəsilir. Bu pulun da ən çox 5 min manatı “təyinatı üzrə” xərclənsə də, 40 min manat “yuxarıların” cibinə girir.
Maraqlıdır ki, hərbçilər maaşlarından qanunsuzq olaraq hər ay 50 manat kəsilməsinə dəfələrlə etiraz etsə də, onların şikayətinə məhəl qoyulmur. Əksinə, etiraz edənlər müxtəlif üsullarla cəzalandırılır ki, bu haqda da ötən yazımızda ətraflı qeyd etmişdik.
“Hürriyyət”
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 16-10-2024, 21:59
Xəbəri paylaş



Xəbər lenti