“Dotasiyasız bölgə” problemi həll olunacaqmı?



İqtisadçı Rövşən Ağayev
Mediadan soruşurlar ki, nə zaman Azərbaycanda bütün bölgələr “dotasiyasız bölgə” statusu ala biləcək?
Amma ən vacib sual bu olmalıdır: Azərbaycanda “dotasiyasız bölgə” adlandırmaq üçün meyar necədir?
Bizim hökumətin meyarı belədir ki, ixtiyari bir rayonda (şəhərdə) topalanan vergilər yerli icra hakimiyyəti orqanlarının, onların sərəncamındakı mənzil-istismar sahələrinin və uşaq bağçalarının saxlanmasına kifayət edirsə, həmin inzibati ərazi avtomtik olaraq maliyyə müstəqilliyi olan, “dotasiyasız bölgə” statusu qazanır. Hazırda Azərbaycanda 65 rayon və şəhərdən 42-ni hökumət tam maliyyə müstəqilliyi qazanmış elan edib.
Azərbaycan sovetlərin dağılmasından sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə yerli hakimiyyətləri sadəcə mərkəzi hakimiyyətin yerlərdəki səlahiyyətsiz sözçüsü, tapşırıqlarının icraçısı kimi qalmaqdadır. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə, nə də inzibati əksmərkəzləşmə baş vermədi.
Maliyyə və inzibati əksmərkəzləşmənin baş vermədiyi ölkədə “dotasiyasızlıq” əmsalını hesablamağın da əhəmiyyəti qalmır, bu nəzəri-metodoloji baxımdan da yanlışdır. “Maliyyə müstəqilliyi” əmsalı o zaman hesablanır ki, mərkəz hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə “dotasiyasız bölgə” yarada bildikləri ölçülür.
Azərbaycanın indiki vaxtında real “dotasiyasız bölgə” çərçivəsinə hansı rayon və şəhərlərin daxil olduğunu müyyən etmək istəyirsinizsə, hər bir ərazi üzrə aşağıdakı funksional istiqamət üzrə xərcləri toplayın:
Aqrar və yerli əhəmiyyətli meliorasiya infrastrukturu
Yerli əhəmiyyətli yol-nəqliyyat infrastrukuturu
Səhiyyə
Orta və məkətəbəqədər təhsil
Sosial müdafiə
Mədəniyyət və incəsənət
Ekologiya
Bir rayon (şəhər) çərçivəsində bu istiqamətlər üzrə xərclənən vəsaitlərin cəmini toplayın, sonra həmin ərazidə yığılan vergilərin cəmi ilə müqayisə edin. Alınan rəqəm hər bir ərazinin real olaraq dotasiyadan asılılıq səviyyəsini göstərəcək.
Bizim hökumətin hazırkı metodlogiyasından çıxış etsək, uşaq bağçalarına sərəncam vermək hüquqi yerli icra orqanalrından alınsa, bütün bölgələr “dotasiyasız” olacaq. Amma geçəklikdə belə olacaqmı?
Tarix: 21-01-2021, 09:54
Xəbəri paylaş



Xəbər lenti