Vüqar Əhmədov prezidentin etimadını doğrultdumu?- “Azərişıq” ASC-də müəmmalı maliyyə əməliyyatları

Vüqar Əhmədov prezidentin etimadını doğrultdumu?-


Bir neçə gündən sonra Vüqar Əhmədovun “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilməsinin bir ili tamam olacaq.

Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edən prezident İlham Əliyev bəyan etmişdi ASC sədrinin vəzifəsinə məsuliyyətlə yanaşacağına əmindir. Vüqar Əhmədovun prezidentin bu etimadını nə qədər doğrultduğuna isə indi aydın gətirmək zamanıdır. Bu o qədər də çətin deyil. Ötən bir il ərzində elektrik təminatı ilə bağlı vəziyyətdə ciddi keyfiyyət dəyişikliyi baş verməyib. Əlbətdə, vəziyyət pisləşməyib. Ancaq ciddi keyfiyyət dəyişikliyi baş verməyib. Halbuki, “Azərişıq” ASC-nin rəhbərliyində baş verən kadr dəyişikliyi, eləcə də bu ASC-yə büdcədən ayrılan on milyonlarla manat büdcə vəsaiti qurumun fəaliyyətində müsbətə doğru dəyişikliyin baş verməsini təmin etməli idi. Bu baş verməyibsə, kadr dəyişikliyinin effektli olmadığı, büdcə vəsaitlərinin isə səmərəli və şəffaf istifadə edilmədiyi qənaəti yaradır. “Azərişıq” ASC-yə büdcədən ayrılan vəsaitlərin neçə xərclənməsinə qismən aydınlıq gətirmək olar. Məsələn, müxtəlif növ kabellərin satın alınmasına “Azərişıq” ASC-i 17 milyon manatdan artıq pul xərcləyib. Bu kabellər isə “Göknur Bakı LTD” MMC-dən alınıb. Məlum olduğu kimi “Göknur Bakı LTD” MMC-yə Rahib Hüseynağa oğlu Zeynalov rəhbərlik edir. Rahib Zeynalov isə “Azərişıq” ASC-nin keçmiş, “Azərenerji” ASC-nin hazırkı sədri Balababa Rzayevin qardaşıdır. Ancaq “Azərişıq” ASC-nin maliyyə əməliyyatları arasında ən çox diqqət çəkən Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi ilə bağlı Şəki rayonu ərzisində elektrik təchizatı işlərinin görülməsi ilə bağlı “Dizayn İnşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardığı maliyyə əməliyatıdır. Çünki, 8 milyon manatdan artıq büdcə vəsaitinin sərf olunaraq həyata keçirilən bu maliyyə əməliyyatında iştirak edən “Dizayn İnşaat Group” MMC-i ötən ilin sonlarında təsis edilib. Təsis ediləndən dərhal sonra isə “Azərişıq” ASC-i 8 milyon manatlıq maliyyə əməliyaytı keçirib. Burada ən maraqlı məsələ ötən ilin sonlarında yaranan bir şirkətin belə böyük və spesifik işləri həyata keçirmək üçün mütəxəsis və texniki vasitələrə malik olması şübhə doğurur. Çünki, bu şirkətin Nizamnamə kapitalı cəmi 10 manatdır. Bu şübhəli məsələlərə “Dizayn İnşaat Group” MMC-nin rəhbəri Vüsal ğaməcid oğlu Osmanovun mövqeyini öyrənmək istəsək də, əlaqə vasitələrini tapa bilmədik. Ümid edirik ki, bu məsələyə “Azərişıq” ASC-nin rəhbərliyi aydınlıq gətirəcək. Şübhəli maliyyə əməliyyatlarından biri də “Azərişıq” ASC-nin “Azelektro Service Co” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrinə tələb olunan müxtəlif tipli dayaqların satın alınması məqsədi ilə həyata keçirilən bu maliyyə əməliyaytı zamanı 7 milyon manatdan artıq büdə vəsiti sərf edilib. Çox maraqlıdır ki, “Azelektro Service Co” MMC-nin hansısa istehsal fəaliyyətihaqqında heç bir məlumat yoxdur. Elə isə sual olunur ki, “Azərişıq” ASC-yə satdığı 7 milyon manatlıq dirəkləri haradan alıb. Bu məqama “Azelektro Service Co” MMC-i rəhbəri Paşa Baba oğlu Quliyevlə aydınlıq gətirmək istəsək də, əlaqə yarada bilmədik. Ümid edirik ki, bu məsələyə də “Azərişıq” ASC-nin rəhbərliyi aydınlıq gətirə biləcək. Biz isə araşdırmalarımızı davam etdirəcəyik.

Azad AYDIN
sozcu.info
https://sozcu.info/sosial/15938-vuqar-hmdov-prezidentin-etimadn-dorultdumu-azriq-asc-d-mummal-maliyy-mliyyatlar.html
Tarix: 17-12-2020, 16:37
Xəbəri paylaş



Xəbər lenti