Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başladı


Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başladı
Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır. Bununla yanaşı suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdır.
Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kbm olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.
Sentyabr ayının 27-dən başlayan əks hücum nəticəsində Şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunmuşdur. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunmuşdur.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatında qənaətin yaranmasına səbəb olacaqdır.
Müdrik, uzaqgörən daxili və xarici siyasəti və Şanlı Azərbaycan ordusunun yüksək və davamlı qələbələri münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə kənd təsərrüfatı və meliorasiya işçiləri adından yüksək minnətdarlığımızı çatdırır, bu nailiyyətlərin bütün Azərbaycan xalqı ilə birlikdə bizdə də böyük ruh yüksəkliyi yaratdığını bildiririk. Əminik ki, aparılan bu geniş miqyaslı işlərin yekunu olaraq Sərsəng su anbarı sisteminə daxil olan bütün obyektlər işğaldan azad olunacaqdır.
Sərsəng, Suqovuşan su anbarları bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Tarix: 8-10-2020, 20:38
Xəbəri paylaş



Xəbər lenti