“Karantin ölkə iqtisadiyyatını daha çox formalaşdıran, iş yerlərini təmin edən ərazilərdə saxlanılıb”.
Siam.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov xüsusi karantın rejiminin sentyabrın 30-dək uzadılması ilə bağlı qərardan danışarkən deyib.
Deputat qeyd edib ki, yoluxma hallarının yüksək olduğu qeyd olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bir sıra məhdudiyyətlər davam edəcək:
“Ölkədə yaradılan 82 milyard 681 milyon manatlıq Ümumi Daxili Məhsulun 73 faizə qədəri karantın rejiminin davam edəcəyi Bakı, Sumayıt şəhərləri və Abşeron rayonun payına düşür. Bu o deməkdir ki, hər 100 manatlıq dəyərin 73 manatını yaradan 2 şəhər və 1 rayonda daha bir ay karantin qaydaları saxlanılacaq. Karantinin davam edəcəyi ərazilərdə 1.6 milyon nəfərlik muzdla çalışan vətəndaşlarımızın yarıdan çoxu fəaliyyət göstərir. Digər makro-iqtisadi göstəricilərdə də oxşar mənzərədir. Deməli, karantin ölkə iqtisadiyyatını daha çox formalaşdıran, iş yerlərini təmin edən ərazilərdə saxlanılıb”.
Vüqar Bayramov bildirib ki, hətta karantin rejimi uzadılsa da, gələn aydan etibarən iqtisadi açılımın davam etməsi məqsədəuyğundur:
“Söhbət iqtisadi dəyərin və eləcə də iş yerlərinin yenidən bərpasından gedir”.
Qaynarinfo
Tarix: 29-08-2020, 16:15