“KARANTİN REJİMİNİ UZATMAQ ARZUOLUNAN DEYİL” – Deputat hökumətə təkliflər verdi



Avqust ayı sona yaxınlaşdıqca ən çox müzakirə olunan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin necə davam etməsi ilə bağlıdır.
Deputat, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur. O, Dünya Səhiyyə Təşkilatının da karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmədiyini xatırladıb.
Millət vəkili qeyd edib ki, iqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil: "Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur.
Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir".
Vüqar Bayramov təklif edib ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icazə verilsin.
"Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür", - millət vəkili vurğulayıb.
"AzPolitika.info"
Tarix: 27-08-2020, 15:19
Xəbəri paylaş



Xəbər lenti