İcra başçılarının məlum həbs dalğası və bir neçə rayonun rəhbərliyinə gənc kadrların təyinatı yerli idarəetmə orqanları ilə bağlı islahatların davamına ictimai inamı artırmaqdadır. Korrupsiyaya bulaşmış məmurların cəzalandırılacağına, kadr islahatlarının davamlı olacağına Füzuli ictiamiyyətində də yüksək əminlik var. Bu da səbəbsiz deyil. Səbəb isə 2011-ci ildən Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevin yumşaq desək rayon sakinlərinin “səbr kasasını daşırması”dır.***
Xatırladaq ki, Füzuli rayon icra hakimiyyətinin hazırkı başçısı Alı Alıyev sovet dövrünün komsomol-partiya fəallarından olub. Keçmiş kommunistlərin tamamilə fərqli iqtisadi-siyasi formasiyada rəhbər kimi fəaliyyətinin tipik nümunəsidir Alı Alıyev. Kommunist dövründə komsomol komitəsində şöbə müdiri, partiya komitəsində təlimatçı kimi vəzifələrdə işləmiş, Leninin təbliği ilə məşğul olmuş bir sovet məmuru müstəqillik dövründə bir rayona rəhbərlik edir(?) Bunun nəticəsidir ki, Füzuli rayon sakinləri yerli idarəetmə orqanlarında biganəlik, süründürməçilikdən əziyyət çəkirlər. Bu istiqamətdə yenixeber.org-a daxil olmuş məlumatlara keçməzdən əvvəl cənab Alıyevlə bağlı bü günədək mediada yer alan məlumatlardan birini xatırlayaq…
Alı Alıyev dövlətin pulunu belə “yeyib”
“Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub. Söhbət “Çinar-N” MMC (məbləğ 199 326 AZN), “Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və “Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.
Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər” nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar.
“Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.
“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.
“Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir”.
Alı Alıyevlə bağlı mediada buna bənzər N sayda məlumatlar
sıralanıb. Maraqlıdır ki, dövlət vəsaitinin mövzu olduğu bu məlumatlar qarşı tərəfdən təkzib olunmayıb. Elə bu faktın özü də saysız suallar doğurur.
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır…
Elə isə Alı Alıyev nədən bu qanunları görməzdən gəlib? “Yumurtadan dünən cik eləyib çıxmış” şirkətlərə yüzminlərlə dövlət vəsaitinin etibar edilməsini necə başa düşək”? Dövlətin məlum maliyyə-iqtisadi durumunda bu faktların hüquqi qiyməti niyə verilmir? Kimdir gözəgörünməz əlin sahibi? Və s.
“Kraun KO” şirkəti və Alı AlıyevFüzuli rayonundan yenixeber.org-a daxil olan məlumatda həm də əkin sahələrinin rayon rəhbərliyi tərəfindən iri şirkətlərə satılmasından bəhs olunur. Məlumata görə rayonun erməni işğalında olmayan ərazisinin böyük bir hissəsi “Kraun KO” şirkətinə verilib. (Halbuki, Füzuli rayonunun işğal olunmamış ərazisində məskunlaşmış on minlərlə insanın əkib-becərməyə bir hektar da olsa torpağı yoxdur.) “Kraun-Ko” şirkəti ilə Alı Alıyevin bağlılığı haqqında ziddiyyətli məlumatlar dolanır. Əkin sahəsinin hansı qayda və razılaşmalarla rayona aidiyyatı olmayan şirkətə verilməsi araşdırılması vacib olan faktorlardır… Mövzu ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Məlumat üçün bildirək ki, “Kraun-Ko” şirkəti sabiq qalmaqallı deputat Əhəd Əhmədova bağlılığı ilə tanınıb. Rəsmi sənədlərdə rəhbəri Elman Həsənov adlı bir şəxs olan şirkətin 100 minlərlə ha torpaq sahəsinin olduğu bildirilir.
Alı Alıyevin bu vəzifəyə təyin olunana kimi rəisi olduğu Füzuli Rayon Suvarma Sistemləri İdarəsini də əvvəlki qaydada idarə etdiyi haqqında rayon saknləri arasında söhbətlər gəzir…
Rayon sakinləri arasında dolanan başlıca söz-söhbət isə yaxın günlərdə Alı Alıyevin dünən həbs olunan həmkarı Ceyhun Cəfərovun taleyini yaşaya biləcəyidir. Doqquz ildən artıqdır Füzuli rayonunun icra başçısı olaraq sahib olduğu əməllərin hesabının günlərin birində sorulacağı istisna olunmur.
Mövzunun davamı olacaq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Tarix: 27-08-2020, 07:48