Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək


Monopolistlərin yenə "çiçəyi çırtladı" -   Vətəndaş isə əlavə xərcə düşəcək
Rövşən Ağayev: “İnsanların mənafeyi düşünülməyib, aztəminatlı istehlakçılar fikirləşilməyib”
 
Nazim Bəydəmirli: “Müxtəlif monopolist şirkətlər bundan bəhrələnəcək, monopoliyanı gücləndirəcəklər
 
Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən birdəfəyə limit səviyyəsinin 2-3 dəfəyə qədər azaltması gündəmin əsas müzakirə mövzularındandır. Əksər ekspertlər bildirirlər ki, yeni qaydalar vətəndaşın ziyanınadır.
 
Qeyd edək ki, yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.
 
Eyni zamanda, eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.
Ekspert Rövşən Ağayev:
Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, hökumət son illər gömrükdən daha çox fiksal məqsədlər üçün istifadə edir: “Anlamaq lazımdır ki, gömrük büdcəni doldurmaq üçün vasitə deyil. Bu gün Azərbaycanda büdcənin 15 faizindən çoxu gömrükdən gələn gəlirlər hesabına həll edilir. Dünyada gömrük fiksal məqsədlər üçün yox, daha çox ölkənin daxili bazarının qorunması, iqtisadiyyatın qorunması funksiyasını daşıyır. Amma bizim hökumət gömrüklə bağlı qərarlar verərkən daha çox büdcəyə artıq vəsait gəlməsini hesablayır”.
 
“Son dəyişiklik əhalinin əleyhinədir. Məsələn, mən özüm də poçt vasitəsilə telefon almışam. Telefonun 500 dollar dəyəri var idi, sərf edirdi. İndi bu olmayacaq. Belə baxanda, poçtla alış-verişdən varlılar yox, daha çox orta təbəqə yararlanır. Ona görə, mən qərarı doğru saymıram. 1500 dollardan 800 dollara kəskin eniş düzgün deyil. Hesab edirəm ki, bir qədər əsaslandırılmış qərar verilməli idi, yaxşı hesablanmalı idi ki, ölkəyə poçt vasitəsilə hansı dəyərdə mallar gətirilir, bu mallar daha çox hansı təbəqənin mənafeyinə uyğundur. Yəni ki, insanların mənafeyi düşünülməyib, aztəminatlı istehlakçılar fikirləşilməyib”, - deyə Ağayev qeyd edib.
 
İqtisadçı bildirib ki, bundan daha çox monopolistlər bəhrələnəcəklər: “Qərar bir çox iri şirkətlərə daha çox qazanmaq imkanı verəcək. Əvvəlki qayda tətbiq edilən zaman rəqabətlilik yaranırdı. İnsanlar hansısa məhsulu xaricdən gətirdəndə daxildəki iri şirkətlər özlərində olan həmin məhsulların qiymətini məcburi olaraq endirirdilər. İndiki şəraitdə həmin monopolist şirkətlərin əlinə yaxşı fürsət düşüb. İnsanlar məhsulları poçt vasitəsilə ala bilməyəndə, iri şirkətlər məhsula istədiyi qiyməti tətbiq edəcək. Bu, yenə də deyirəm, lap yoxsul yox, nisbətən orta təbəqə üçün ziyan verəcək. Varlı adam üçün onsuz da fərqi yoxdur, məhsulun qiyməti 1500 dollar olsun, 2000 dollar olsun, onu alacaq”.
 
“Tutaq ki, insanlar poçt vasitəsilə 350-400 dollara normal telefon ala bilirdilər. İndi bunu edə bilməyəcəklər. Şirkət də görəcək ki, həmin telefonu vətəndaş gətirə bilmir, o zaman süni istifadəyə yol verəcək, qiyməti artıracaq. Yəni ki, bu şəkildə monopoliyanı gücləndirmək düzgün deyil”, - ekspert əlavə edib.
Nazim Bəydəmirli vergilərlə bağlı dəyişiklikləri izah edir
Daha bir iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli da hesab edir ki, Nazirlər Kabinetinin məlum qərarı əhalinin ziyanınadır. AYNA-ya açıqlamasında Bəydəmirli bildirib ki, bir neçə il bundan qabaq iqtisadiyyatın liberallaşdırılması, elektron ticarətin artması ilə bağlı təşəbbüslər var idi: “Biz də bu təşəbbüsləri alqışlamışdıq ki, vətəndaşların öz istehlakı üçün gətirdiyi məhsullara 1500 dollarlıq limitin qoyulması yaxşı haldır. Hökumət düşünürsə ki, vətəndaş məhsulu şəxsi üçün istehlak etmir, satış məqsədi güdür, o zaman məsələni araşdıra bilərdi. Öyrənə bilər ki, bir insan eyni əşyadan il ərzində nə qədər poçt vasitəsilə alır. Təəssüf edirəm ki, hökumət gömrükdə bu dəyişikliklə, insanların vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da çətinləşdirir. Bu, monopoliyadan qaynaqlanan addımdır. Belə administrativ çətinliyin yaradılması heç də gömrük qaçaqmalçılığının aradan qaldırılmasına xidmət etmir. Əksinə, müxtəlif monopolist şirkətlər bundan bəhrələnəcək, monopoliyanı gücləndirəcək”.
 
“Görünür ki, ölkədəki monopolist şirkətlərin dövriyyələri, gəlirləri azaldığına görə, onlar dövlətin əli ilə məhdudlaşdırıcı addımlar atdırırlar. Bununla da iflasdan yaxa qurtarmağa çalışırlar. Çünki bu qərarla müştərilər həmin şirkətlərdən asılı vəziyyətə düşəcəklər. Bu, doğru deyil. Dövlətin siyasəti vətəndaşın rifah halının yaxşılaşdırılmasına xidmət etməlidir. Gömrük Komitəsi ləğv edilməli, gömrük və vergi siyasəti bir qurum tərəfindən aparılmalıdır”, - deyə ekspert söyləyib.
 
N.Bəydəmirlinin qənaətincə, bu gün ölkədə süni qiymət artımını yaradan yeganə qurum Gömrük Komitəsidir: “Məlum qərardan sonra qiymət artımının olması qaçılmazdır. Həm arxasında məmur dayanmayan sahibkar sıradan çıxacaq, həm də vətəndaşın cibinə ziyan dəyəcək. Dövlətin siyasəti o olmalıdır ki, vətəndaşın rifahı yaxşı olsun, vətəndaş daha az pul xərcləsin. Əgər bu mallar ölkədə istehsal olunmursa, buna niyə belə yüksək tarif tətbiq edərək başqa ölkələrin iqtisadiyyatına xidmət göstəririk?! Bütün hallarda düzgün olmayan, vətəndaşın ziyanına işləyən qərardır. Hesab edirəm ki, Nazirlər Kabineti yenidən verdiyi qərara baxmalıdır, vətəndaşın rifahına xidmət edən qərar qəbul etməlidir”.
Müəllif: Anar Bayramoğlu
Tarix: 26-08-2020, 14:48
Xəbəri paylaş



Xəbər lenti