Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, hər zaman aktuallığı ilə hər kəsin diqqətini cəlb edib. Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elm olmaqla bərabər, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini və dialеktikasını da izahlı şəkildə öyrədir.
Bir sözlə, müasir bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, bir o qədər də çətin məsələdir. Bütün bunlara baxmayaraq, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturunda vəzifə sahibi olan elə şəxslər var ki, onlar ekologiyamızın bu yöndə əhəmiyyətinə məhəl qoymurlar, açıq-aşkar şəkildə bu sahəyə qənim kəsilirlər, yeri gəldikdə şəxsi maraqlarının həlli yöndə minbir hoqqalardan çıxıb hər cür qanunsuzluq əməllərinə də qol qoyurlar. Bənzəri olmayan qanunsuzluqlara qol qoyan vəzifə sahiblərindən biri də, Nazirliyin nəzdindəki “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin rəhbəri Samir Fərəcovdur.
Çünki, 2019-cu ildə adı çəkilən bu idarənin rəhbəri qeyri-rəsmi şəxslərlə əlbir olaraq elə bir qanunsuzluq əməllərinə qol qoyub ki, sanki həmin mənzərəni gördükcə şoka deyil, birbaşa “şökə” düşməli oluruq. Belə ki, adı çəkilən bu idarə rəhbərinin qol qoyduğu qanunsuzluq əməlləri ilə bağlı məlumatlar redaksiyamıza çatdırılqdan sonra, məhz qarşı tərəf olaraq Samir Fərəcovdan sadalanan faktlara münasibət öyrənmək üçün, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinə rəsmi qaydada müraciət etdik.
Məsələnin maraqlı tərəfi o oldu ki, 14 may 2020-ci il tarixdə 5 saylı Yaşıllaşdırma idarəsinin rəisinə ünvanladığımız 228 saylı məktubumuza qarşı tərəf 15 may 2020-ci il tarixdə 5Yİ/15 saylı məktubla cavab verdi. Verilmiş cavab məktubunda yazılmışdır ki, “2017-ci ildə qeyd olunan əraziyə tərəfimizdən müxtəlif cinsli ağac və kol bitkiləri əkilmişdir. 2019-cu ildə vətəndaş İsmayılov Rəşad Rəhim oğlu həmin ərazinin 2007-ci ildən ona məxsus olması tələbi ilə bağlı bizə müraciət etmişdi. Elə ki, Rəşad İsmayılovun belə bir iddia tələbi əsasında Dövlət Reyestri Xidmətinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirildi və qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları vuruldu, o halda bəlli oldu ki, qeyd olunan ərazi Rəşad İsmayılova məxsusdur. Belə bir səbəb üzündən də, 2019-cu ilin sonlarında həmin ərazidəki müxtəlif cinsli ağac və kol bitkiləri tərəfimizdən çıxarıldı və ərazinin digər sahələrinə köçürüldü. Mübahisəli torpaq sahəsi isə, vətəndaşın özünə qaytarıldı”.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Samir Fərəcovun Gundemxeber.Az saytının redaksiyasına verdiyi belə bir cavab məktubundan sonra, Ekalogiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə 17 iyun 2020-ci il tarixdə rəsmi qaydada məktub ünvanlamalı olduq. Ünvanladığımız bu məktuba isə, 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Mübariz Vəliyevin imzası ilə təsdiq olunmuş 1425 saylı məktubla cavab verildi. Bu məktubda isə qeyd olunmuşdu ki, “Bakı-Şamaxı magistral avtomobil yolunun 25-ci km-də yolun sol tərəfində 15 iyun 2020-ci il tarixdə, hansı ki, ikinci dəfə xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda saat 15:20 radələrində 5 saylı Yaşıllaşdırma idarəsinin xidməti ərazisinin 1-ci sahəsində 0,39 ha sahədə yanğın hadisəsi baş verir. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası baş vermiş yanğın hadisəsinin qarşısını alır və bu gün də, adı çəkilən qurumda hadisəsinin başvermə səbəbləri araşdırılmaqdadır. Yanğın hadisəsi zamanı müxtəlif sayda ayrı-ayrı ağac növləri, yəni cəmi 34 ağac yanaraq məhv olmuş və bununla bağlı 5 saylı Yaşıllaşdırma idarəsində akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda yanğın hadisəsinin naməlum şəxs tərəfindən törədildiyi və bununla bağlı Qaradağ RPİ-nə rəsmi qaydada müraciət olunduğu da bildirilir”.
Əslində vəzifə sahibi olan şəxslərin verdikləri bu cür absurd cavablar, baş aldatmaqdan başqa bir şey deyil. Çünki, qeyd olunan ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxarılaraq məhv edilməsi prosesi, məhz 2019-cu ilin son aylarında həyata keçirilib. Yəni, qarşı tərəfin qeyd etdiyi “köçürülmə” prosesi yanğın hadisəsindən çox-çox əvvəl həyata keçirilir və bunların bir-biri ilə heç bir bağlılığı yoxdur. Hazırda redaksiyamızda zeytun və müxtəlif cinsli ağacların 2019-cu ilin son aylarında kökündən çıxarılaraq məhv edilmə kadırları var. Ona görə də, təqdim edəcəyimiz video-çəkiliş əsasında lazımi araşdırma işlərinin aparılması və bununla bağlı redaksiyamıza rəsmi qaydada cavabın verilməsi, bu gün bizim üçün olduqca önəm daşıyan məsələlərdəndir. Düşünürük ki, Siz belə bir problemin olduqca diqqətli və lazımınca araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırığınızı verəcəksiniz. Əgər diqqətli araşdırma işləri aparılarsa o halda bəlli olar ki, qeyd olunan iki hektardan artıq ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxardıldığı torpaq sahələri fərdi şəxslərə satılmışdır. Onlar da, həmin torpaq sahələrində özləri üçün fərdi yaşayış evləri inşa etmişlər və bu gün bəzi evlər inşa olunmaqdadır. (Gündəmxəbər)
Fotoları təqdim edirik
Tarix: 24-07-2020, 11:55