Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon ABŞ dollarına yüksələ bilər. “Bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%-ə qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon ABŞ dollarına (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək”-deyə hesabatda bildirilir.Xatırladaq ki, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransda turizmin problemləri geniş müzakirə olunub.
Prezident pandemiya dövründə görülən tədbirlərlə bağlı bildirib ki, turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödənilib: "Məsdə budur ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, yaxşı bilirsiniz, bu potensialı artırmaq çox çətin və məsul məsələdir".
Pandemiyaya görə Azərbaycan da da 4 aydan artıqdır bağlı qalan turizm sektoru çətin günlərini yaşayır. Əsas gəlirləri xarici ölkələrə turist səfərləri təşkil etməkdən çıxan şirkətlər üçün vəziyyət ikiqat ağırdır. Mövsümün əvvəlindən Türkiyə, Avropa, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə yerləşən turistik məkanlara erkən sifarişlər edən agentliklər ödədikləri vəsaitləri geri ala bilmirlər.
Müştərilərin əksəriyyəti yaranmış vəziyyətə görə səfərlərdən imtian edib vəsaitlərinin qaytarılmasını istəyirlər. Şirkətlər həm bu tələbi qarşılamalı, həm də ofisdlərin, işçilərin saxlanması üçün vəsait xərcləməlidirlər.
Çökən sektorun saysız-hesabsız problemləri...
"Turizm sektorunda durum çox ağırdı, aylardır işləmirik, işçilərə maaş ödəyə bilmirik. Dövlətdən bizim şirkətə dəstək olaraq sadəcə aprel və may aylarının maaşlarının 50 faizi ödənildi. Bundan başqa heç bir güzəşt, yardım almadıq. İşçiləri ixtisar etməyə də icazə vermirlər. Məcbur olaraq həm DSMF ödənişlərini, həm də maaşlarını ödəyirik".Bunu "AzPolitika.info"-ya Azərbaycanda fəaliyyət göstərən iri turizm şirkətlərindən birinin meneceri bildirib.
O, qeyd edib ki, xərcləri maksimum azaltmaqla ayaqda qalmağa çalışsalarda buna nail olmaq çox çətindir: "İcarədarlarla razılaşıb kirayə qiymətləri aşağı salmışıq, bəziləri heç almırlar. Amma əvəzində müqavilə məbləğinin vergisini ödəyirik".
Şirkət meneceri əsas problemlərdən biri kimi turizm sektorunda əsas monopolist şirkət olan "Summer Tour"-un yaratdığı çətinlikləri göstərdi: "Bu şirkət mart ayı və Novruz bayramı üçün Dubaya, yay ayları üçün isə Antalyaya erkən rezervasiyalarının ödənişlərini alıb.
Bəzi şirkətlər 30, bəziləri isə 100 faiz ödəniş ediblər. "Summer Tour" ödənişləri geri verməkdən imtina edir. Bilirirlər ki, ödənişləri 25 faiz cərimə çıxılaraq uçuşlar bərpa olandan 60 gün sonra qaytaracaq. Yaxud təklif edirlər ki, tam məbləği gələn ilin yay mövsümünə saxlayaq. Amma müştərilərin çoxu ödənişləri geri qaytarmağı tələb edir. Biz indi həm vəsaiti, həm də 25 faiz cəriməni ödəmək məcburiyyətindəyik".
Mənbə daha sonra bildirib ki, son dövrdə yaradılmış Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Agentlikləri Assosasiyası (ATAA) pandemiya dövründə heç bir iş görməyiblər: "Görüblərsə də bunu paylaşmırlar, biz hiss etmirik. Guya prezidentə müraciət yazılıb. Amma məktubun mətnini istəsək dəəldə edə bilmirik. Bəlkə də heç yazılmayıb...".
Şirkətin meneceri "AZAL" və Turk Hava yollarının artıq uçuşlara başladığını xatırladıb: "Amma bilet satışları sadəcə onlayn qaydada rəsmi saytlarından edirlər
Turizm şirkətlərinə satışa icazə verilmir. Hətta kartı olmayan, saytdan istifadə edə bilməyən insanlara bilet almağa köməklik edən şirkətlərə xəbərdarlıq edirlər ki, vəziyyət düzələndə onlara məhdudiyyət qoyulacaq. Turk Hava Yolları da AZAL-ın diqtəsi ilə bu addımı atır. Çünki agentliklərə başqa bütün istiqamətlərə satış açıqdı".
Həmsöhbətimiz turizm assosasiyalarının fəaliyyətsizliyindən də gileyləndi: "AZTA və ATAA-ya sual vermək lazımdır ki, bu 4 ay ərzində hansı işlər görüblər? Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aviaşirkətlərlər hansı müzakirələr aparılıb, əldə olunan nəticələr nədən ibarətdir? Ortada heç bir iş yoxdur, qalmışıq pis durumda...".
Samir Dübəndi: "Turizm sektoruna aid ixtisaslaşmış dəstək paketləri təqdim edilməyib"
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə vəziyyəti təsvir edərkən deyib ki, Nazirlər Kabinetinin son iclasında turizm sektorunun 48% itkiyə getməsi haqqında fikirlərlər razı deyil: "Turizm sektorunda, demək olar ki, heç kəs işləmir. Necə ola bilər ki, göstərici 48%-ə bərabər olsun?".
O, qeyd edib ki, hökumətə göndərdikləri 15 bənddən ibarət təkliflərdə bu sektorun problemlərini göstəriblər: "Bu təkliflər icarə haqları da daxil olmaqla müxtəlif növ dəstəyi nəzərdə tutur. Düzdür, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə müəyyən kredit mexanizmləri hazırlanıb təqdim olunur. Bu çox gözəldir. Amma turizm sektoruna aid ixtisaslaşmış dəstək paketləri təqdim edilməyib.
Bir daha qeyd edirəm ki, turizm sənayesi daha çox əziyyət çəkib və demək olar ki, sıfırdadır. Bu gün pandemiya yeni biznesə nisbətən kiçik və orta sahibkarlığa daha çox təsir edib. Yəni iri sahibkarlar yığdıqları ehtiyatlar, yaxud hansısa fondların hesabına özlərini qoruyub saxlaya bilirlər. Amma KOB-lara bunu aid etmək olmaz. Əslində KOB-lar normal vaxtda belə gəlirləri və xərcləri bərabər olub. Belə olan halda isə hansısa ehtiyat saxlamaqla bağlı danışmaq mümkün deyil".
Azər Allahverənov: "Turizm sektorunda inhisarçılıq aradan qaldırılmalı, azad rəqabət mühiti olmalıdır"
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "AzPolitika.info"-ya bildirib ki, pandemiya dövründə turizm məkanlarınıln bağlı olması, ölkələr arasında əlaqələrin, səfərlərin dayanması turizm sektoruna ciddi zərbə vurub: "Bizim aidiyyatı strukturlar turizm sektorunun qarşılaşdığı problemlərin həlli istiqamətində müəyyən işlər aparır. Ölkə rəhbərliyi bununla bağlı müvafi tapşırıqlar verib. Prezident bildirib ki, yerli qurumlar təkliflər hazırlayıb təqdim etsinlər. İlk növbədə daxili, daha sonra xarici turizmin inkişafı istiqamətində təkliflər öyrəniləcək və addımlar atılacaq. Beləliklə, göstəriləcək dövlət dəstəyinin çərçivələri müəyyən ediləcək".
Ekspert hesab edir ki, ilk növbədə şirkətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində addınlar atılmalıdır: "Pandemiya dövründə sahibkarlığa dəstəklə bağlı tədbirlərə turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinin dəstəklənməsi də daxildir. Amma bu sahənin inkişafı ilə bağlı kopleks tədbirlər yəqin ki yaxın zamanlarda açıqlanacaq strateji paketdəəksini tapacaq".
Şirkətlərin qaldırdıqları problemlərə gəlincə, A. Allahverənov deyir ki, bu sektorun iknişafına nail olmaq istəyiriksə, ilk növbədə azad rəabət şəraiti yaradılmalıdır: "Xüsusən, başqa sahələrdə olduğu kimi, turizm sektorunda da monopoliya, inhisarçılıq halları aradan qaldırılmalıdr. Pandemiya şəraiti göstərdi ki, qlobal təhlükələr zamanı bütün şirkətlər eyni qaydada onun qarşısında acizdirlər. Yaxşı olar ki, şirkətlər də postpandemiya dövrünə öz strategiyalarını yenidən nəzərdən keçirsinlər.
Əlbəttə, bu sektora dövlət dəstəyinin göstərilməsi olduqca vacibdir. Bu zaman bütün şirkətlər potensiallarına, mövcud imkanlarına görə bu yardımlardan kənarda qalmamalıdırlar. Paralel olaraq azad rəqabət mühiti formalaşdırılmalıdır. Bu zaman sivil rəqabətlə yanaşı şirkətlər arasında konstruktiv əməkdaşlıq da mümkündür. Çünki pandemiya dövrü bu sektorda əməkdaşlıq üçün yeni perspektivlər açmış oldu".
Ekspert vurğulayır ki, turizm assosasiyalarının üzərinə düşən əsas iş şirkətlərin problemlərini, ehtiyaclarını öyərnib müvafiq dövlət qurumları qarşısında təkliflərlər çıxış etməkdən ibarət olmalıdır.
Tarix: 23-07-2020, 13:21