Hikmət İsmayılovun “AF Bank” iflası: “Bank of Baku” ilə birləşmə xilasdırmı?



Yaxın vaxtlarda “AFB Bank” və “Bank of Baku”nun səhmdarlarının bu bankların birləşməsi barədə qərar qəbul edəcəyi gözlənilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, birləşmənin səbəbi “AFB Bank”-ın maliyyə vəziyyətinin pis olması və bankın kapitalının tələbə cavab verməməsidir. Onu da bildirək ki, AFB bankın iflası iki ilə yaxındır ki, davam edir. Belə ki, AFB Bankın 2018-ci ilin 2-ci rübü üzrə hesabatına görə, 2-ci rübün sonuna bankın müştərilərə verdiyi ümumi kredit portfeli 224 milyon 768,3 min manat, xalis kreditlər 166 643 min manat təşkil edib. Bu dövrdə bankın problemli kreditlərin məbləği isə 111 milyon 933,18 min manat olub. Başqa sözlə, bankda problemli kreditlərin xüsusi çəkisi 49,8%-ə yüksəlib. Müqayisə üün bildirək ki, ölkənın bank sektoru üzrə problemli kreditlərin xüsusi çəkisi 14,3% təşkil edir.
Eyni zamanda cumhuriyyet.az bankın hesabatlarına əsasən bildirir ki, kreditlərlə bağlı əsas problemlər bu ildən başlanıb. Belə ki, iki il əvvəl – 2016-cı ilin sonunda bankın ümumi kreditləri 225 399,4 min manat (o cümlədən xalis kreditlər 198 milyon 001 min manat) olub. Həmin dövrdə bankın problemli kreditləri 28 milyon 732,9 min manat olub. Nəticədə problemli kreditlərin xüsusi çəkisi 12,7% təşkil edib. 2017-ci ilin sonunda isə ümumi kreditlər azalaraq 218 milyon 053 min manata (o cümlədən xalis kreditlər 163 milyon 193,8 min manat) enib. Bu dövrdə problemli kreditlər isə əksinə, ikiqat artaraq 59 milyon 268,7 min manata yüksəlib. Nəticədə problemli kreditlərin payı 27,2%-ə qalxıb. 2018-ci ilin 2-ci rübünün nəticələrinə görə isə, yuxarıda deyildiyi kimi, bankın problemli kreditlərin məbləği təqribən 112 milyon manata, onların xüsusi çəkisi isə 49,8%-ə çatıb. 2019-cu ilin yanvar-iyun aylarında isə “AFB Bank”ın gəlirləri 19,093 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 20,2% az), xərcləri 10,698 milyon manat (3,2% az), xüsusi ehtiyatlara ayırmaları isə 6,719 milyon manat (11,1% az) təşkil edib. Son nəticədə Bank I yarımili 1,677 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 68,5% və yaxud 3,2 dəfə azdır.
“AFB Bank”ın “Bank of Baku” ilə birləşməsi də təsadüfi deyil Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar bu iki bankı birləşdirən kilid ismi ortaya çıxarıb. 2019-cu ilin əvvəllərinədək “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. Artıq ilyarımdır ki,bu pay bütünlüklə H.İsmayılova keçib. Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz). Onu da bildirək ki, Hikmət İsmayılov Kəmallədin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. Hikmət İsmayılov həmçinin ölkənin ən iri banklarından olan “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və heydərovların iş ortağıdır.
Eyni zamanda cumhuriyyet.az olaraq digər bir maraqlı məqamı diqqətə çatdıraq ki, İsmayılov Hikmət Abuzər oğlunu rəsmi milyonçu hesab etmək olar. Bu şəxs, yuxarıda da qeyd etdiyimiz kimi “Bank of Baku”-nun 31,11% səhminin sahibidir və AFB Bankı ilyarım öncə 70 mln. 393 min manata alıb. Maraqlıdır fiziki şəxs olan Hikmət İsmayılov ildə nə qədər vergi ödəyir?..
Əyyub Məmməd
Tarix: 22-07-2020, 08:55
Xəbəri paylaş



Xəbər lenti