Masazırdakı bu tikintinin içracısı kimə güvənir? - İsrail kimdir?

Masazır qəsəbəsi, Nizami küçəsində qanunsuz tikinti işləri aparıldığı ilə bağlı qaynar xəttimizə məlumat daxil olub. 

Bizimesr.media xəbər verir ki, ərazidə təxminən 20-yə yaxın işçinin heç bir təhlükəsizlik geyimi və qoruyucu vasitə olmadan təhlükəli şəraitdə işlədiyi müşahidə edildi. Tikinti texnikalarının yol örtüyünə zərər vurduğu da görünürdü. 

Üstəlik, ərazidə tikintinin kimə məxsus olduğunu və hansı əsasla aparıldığını göstərən məlumat lövhəsi də yox idi. Cavabdeh şəxsi soruşduqda əvvəlcə onun ərazidə olmadığı bildirildi. Bir qədər sonra özünü məsul şəxs kimi təqdim edən şəxs gəldi.

İşçilərin təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşduqda isə “Heç nə olmaz, guya nə qanunidir ki?” cavabını verdi. Suallarımıza cavab vermək əvəzinə əraziyə gəlməyimizin qanunsuz olduğunu iddia edən şəxs daha sonra telefonunu uzadaraq dedi:

“Götür, İsrail bəylə danış”. Biz isə onun kim olduğunu soruşduqda “Siz İsrail bəyi niyə tanımırsınız?” cavabını aldıq. İsrail bəyin əraziyə gəlib suallara cavab verməsini istədikdə isə “Gələ bilməz” deyildi.

Burada suallar yaranır: İsrail bəy kimdir? Hansı vəzifəni tutur? Nəyə görə biz onu tanımalıyıq? Ən diqqətçəkən məqam isə sonda deyilən bu sözlər oldu:

“Gedin aidiyyəti qurumlara deyin, gəlib tikintini söksünlər”. 

Əgər tikinti sökülməlidirsə, niyə hələ də işlər davam edir? Əgər qanunidirsə, niyə sənədlər və məlumat lövhəsi yoxdur? Masazırdakı tikinti ilə bağlı cavab gözləyən suallar kifayət qədərdir. 

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Tarix: Bu gün, 10:32
Xəbəri paylaş



Xəbər lenti