Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”

“İki yumurta istehsalçısı bir-biri ilə rəqabət apararaq yumurtanın qiymətini düşürüblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynov bir neçə gündür bəzi marketlər şəbəkələrində yumurtanın qiymətinin 1 qəpiyə düşməsinə reaksiya verərək, əlaqədar qurumları sərt tənqid edib:

“Yumurtanın 1 qəpiyə satılması ilə bağlı mənə də çoxsaylı zənglər gəlib. Sosial şəbəkələrdə bu yumurtaların keyfiyyətsiz olması haqqında çoxsaylı şərhlər yazılır. Çox təəssüf ki, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın rəhbəri buna aydınlıq gətirmir. Mənimlə söhbətində də ümumi bazar məsələlərini önə çəkərək, guya tələb və təklifin üstünlük təşkil etməsini səbəb göstərdi. Bu, ilk baxışdan mümkün olan məsələ deyil. Versiyalar da var ki, guya Rusiyadan radiasiyalı yumurta gəlib, amma Azad İstehlakçılar Birliyi bu barədə kiçik araşdırma apardı. Çox təəssüf olsun ki, bazarda, biznes mühitində bəzi problemlər var. Məncə, bu, birbaşa iki böyük yumurta istehsalçısının illərdir davam edən rəqabətindən irəli gəlir. Bazarda üstünlük əldə etmək üçün mübarizə aparırlar. Onlardan biri belə bir addım ataraq bazara ucuz yumurta buraxıb, digərinin bazarını öldürməyə çalışıb. Deyilənə görə, bu yumurtaları bütün marketlər şəbəkəsinə deyil, yalnız bəzilərinə veriblər. Düşünürəm ki, bu, bir cinayətdir. Bu, faktdır və təəssüf ki, antiinhisar qurumu bunu araşdırmayıb. Müəyyən dövlət qurumları bu məsələni araşdırmalı və ciddi bəyanat verməlidir. Bu, anormal haldır. Bazardakı vəziyyətdən sui-istifadə edib qiyməti qaldırmaq və ya başqasını müflis etmək üçün məhsulu süni şəkildə ucuzlaşdırmaq yaramazlıqdır. Quşçular Assosiasiyasının prezidenti bu problemə çox primitiv cavab verir. Bazar prinsiplərinə görə yumurtanın 1 qəpiyə düşməsi mümkün deyil. Bu, yalnız kimlərinsə ambisiyası ucbatından baş verən hadisədir. Dövlət orqanlarından bu problemlə bağlı təcili tədbir görmələrini arzu edirəm. Unutmayaq ki, sosial şəbəkələrdə radiasiyadan, “rezin yumurta”lardan bəhs edilir, amma qurumlar susur. Quşçular Birliyi niyə xalqa məlumat vermir? Bu hadisə əhali arasında böyük çaşqınlıq yaradıb”.

Tarix: Bu gün, 17:50
Xəbəri paylaş



Xəbər lenti