Bu nöqtədə cəmiyyətin haqlı sualları ortaya çıxır:
"DogruXeber.tv" xəbər verir ki, Maqsudlu kənd sakinlərinin verdiyi məlumata əsasən, Rasim Abbasovun uzun illərdir vəzifədə qalmasının əsas səbəbi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun birbaşa himayəsi ilə izah olunur. Sakinlərin iddiasına görə, məhz bu himayə onu həm inzibati nəzarətdən, həm də ictimai hesabatlılıqdan kənarda saxlayıb.
Əgər bu iddialar həqiqətə uyğundursa, artıq məsuliyyət təkcə kənd ərazi nümayəndəsinin deyil, rayon icra başçısının siyasi və inzibati məsuliyyəti məsələsinə çevrilir. Çünki icra başçısı qanunvericiliyin tələblərini kənara qoyaraq problemli keçmişə malik kadrı qoruyursa, bu, açıq şəkildə vəzifədən sui-istifadə və patronaj idarəçiliyi deməkdir.
Elmi-siyasi baxımdan bu hal patron–klient münasibətləri modelinin klassik nümunəsidir. Yəni hüquq, şəffaflıq və peşəkarlıq yox, şəxsi sədaqət və qeyri-rəsmi münasibətlər əsas meyar kimi çıxış edir. Bu isə: Dövlət institutlarının zəifləməsinə, Sosial ədalətsizliyə, Vətəndaşların dövlətə olan inamının sarsılmasına gətirib çıxarır.
Burada tez-tez səsləndirilən bir arqument də var: “Şəxs cəzasını çəkibsə, cəmiyyətə qayıtmaq hüququ var.” Bu, doğrudur. Lakin dövlət qulluğu adi əmək fəaliyyəti deyil. Dövlət qulluğu etibar, nüfuz və hüquqi qüsursuzluq tələb edən xüsusi statusdur. Reabilitasiya anlayışı ilə dövlət adından qərarvermə səlahiyyəti eyni müstəvidə qiymətləndirilə bilməz.
Bu gün cəmiyyət açıq cavab gözləyir:
– Rasim Abbasovun təyinatı hansı rəsmi prosedurlar əsasında aparılıb?
– Onun şəxsi işi və keçmiş məhkumluğu aidiyyəti qurumlar tərəfindən obyektiv araşdırılıbmı?
– Ağdam icra başçısı Vaqif Həsənov bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyə hazırdırmı?
Bu suallar cavabsız qaldıqca problem lokal xarakter daşımır, dövlət idarəçiliyinin legitimliyi və hüquqi bərabərlik prinsipi sual altına düşür. Qanun həqiqətən hamı üçündürsə, o zaman vəzifə sahibləri üçün də eyni dərəcədə keçərli olmalıdır.
Məsələ ilə bağlı adı çəkilən Maqsudlu kənd ərazi icra nümayəndəsi Rasim Abbasovla redaksiya tərəfindən telefon əlaqəsi saxlanılıb və onun məhkumluğu ilə bağlı suallar ünvanlanıb. Rasim Abbasov uzun danışmağa önəm verməyərək qısa şəkildə bildirib ki, “kimin nəinə lazımdır ki, mən necə işləyirəm”. O, eyni zamanda qeyd edib ki, “16 ildən çoxdur bu vəzifədəyəm” və “aidiyyəti qurumlardan təmizlik kağızı alıb təqdim etmişəm”. Şəxs əlavə açıqlama vermədən söhbəti yekunlaşdırıb.
"DogruXeber.tv"