
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev Kərim Novruz oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Allahverdiyev Kərim Novruz oğlu 1972-ci il may ayının 2-də Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində anadan olmuşdur. Qapanlı kənd 8 illik məktəbini bitirdikdən sonra 96 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri hadisələrə biganə qala bilməmişdir. "Tərtər özünümüdafiə batalyonu"nun tərkibinə könüllü daxil olaraq erməni faşistlərinə qarşı mübarizəyə başlamışdı. Bu batalyonun tərkibində Ağdərə bölgəsində yaşayış məntəqələrinin azad olunması uğrunda düşmənə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 1992-ci il tarixdə Ağdərə bölgəsində Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Subay idi. Yuxarı Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
