“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyevlə birlikdə rayon icra hakimiyyətində bu il ali məktəbə qəbul olan və birinci sinfə gedən şəhid övladları ilə görüşüb.
Görüşdə çıxış edən rayon rəhbəri tələbə adını qazanan məzunları, məktəb həyatının başlanğıcında olan birinciləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Gənclərə biliklərə dərindən yiyələnməyi, təhsil illərini yüksək göstəricilərlə başa vurmağı, Vətənə sadiq vətəndaş olmağı arzulayıb.
Sonra dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.
Ölkəmizdə təhsil sahəsində qazanılan uğurlardan da danışan rayon rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil siyasəti respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Təhsil Sektorunun müdiri Oktay Sarıkişiy tələbə adını qazanmış və ilk dəfə məktəbə qədəm basan şəhid övladlarını ürəkdən təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Qeyd edək ki, bu il Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva Bakı Dövlət Universitetinin tarix fakultəsinə, 44 günlük Vətən müharibəsinin mülki şəhidləri Anar Quluyevin oğlu Elnar Quluyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin neft-qaz mühəndisliyi fakultəsinə və Sabit Əsədovun qızı Fidan Əsədova Bakı Dövlət Universitetinin Qazax filialının filologiya fakultəsinə daxil olublar. Vətən Müharibəsi şəhidləri Allahverdi Səfiyevin qızı Məryəm Səfiyeva, Elnur Hüseynovun qızı Şəhanə Hüseynova və Elnur Abbaslının qızı Xanım Abbaslı isə birinci sinfə gedəcəklər.
Sonda ali məktəbə qəbul olmuş şəhid övladlarına Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr, birinci sinifə gedən şəhid övladlarına isə məktəbli ləvəzimatları təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.