Tərtər Rayon İcra Hakimiyyətində 2025-ci ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Neft-Kimya Prosesləri İnistitutunun direktoru, akademik Vaqif Abbasov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.
Görüşdən öncə tədbir iştirakçıları şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tələbə adı qazanmış bütün məzunları ürəkdən təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib, doğma vətənimiz müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.
Sonra rayon rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”- kəlamlarını yada salıb, qeyd edib ki, bu sözlər müəllim əməyinə verilən ən yüksək dəyərdir.
Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.
Qeyd olunub ki, rayonumuzda ölkə rəhbərinin sərəncamı ilə 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi, Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilmişdir.
Cari ildə Təhsil Nazirliyi tərəfindən Bəyimsarov kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi-uşaq bağcası əsaslı, şəhər 1 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları cari təmir olunub. Hazırda Bəyimsarov, Qazyan və Hüsənli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılır.
Respublika üzrə XI sinif buraxılış imtahanlarında 23 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplayıb ki, onlardan da biri Sarov kənd tam orta məktəbin məzunu Çinarə Quliyevadır. Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı isə orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb. Hər iki məzun Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub.
Qeyd edək ki, rayonumuzun umumtəhsil məktəblərini bitirən 727 nəfər məzundan 387 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 217 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan da 10 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplayıb. Bu il 3 nəfər Polis Akademiyasına, 10 nəfər Qarabağ Universitetinə, 6 nəfər isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 600-dən yuxarı bal toplayanların sayı 1 nəfər artmışdır.
Rayonun Talış kənd tam orta məktəbini bitirən məzunlar (4 nəfər) 100 faiz, Köçərli kənd tam orta məktəbi (10 nəfər) 76 faiz, Gülabatlı kənd tam orta məktəbi (4 nəfər) 57 faiz, Şəhər 1saylı tam orta məktəbi ( 53 nəfər) 48 faiz, Qapanlı kənd tam orta məktəbi (6 nəfər) 46 faiz, Səhlabad kənd tam orta məktəbi (6 nəfər) 42 faiz, 2 saylı məktəb lisey (12 nəfər) 38 faiz, Soyulan kənd tam orta məktəbi nəfər) 38 faiz, 5 saylı tam orta məktəb (11nəfər) 36 faiz, Buruc kənd tam orta məktəbi (5 nəfər) 36 faiz ali məktəbə daxil olub.
Rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, onların müəllim və valideynlərini ürəkdən təbrik edib, can sağlığı və uğurlar diləyib.
Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, akademik Vaqif Abbasov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, şəhər 1 saylı məktəbin direktoru Amil Hüseynov, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Qızıl medala layiq görülmüş 5 nömrəli tam orta məktəbin məzunu Sevinc Əlizadə, buraxılış imtahanlarında maksimum nəticə toplayan Sarov kənd tam orta məktəbinin məzunu Çinarə Quliyeva çıxış ediblər.
Çıxış edənlər tələbə adı qazanmış gəncləri təbrik edərək, onlara elm, təhsil yollarında ugurla addımlamağı, vətənə, xalqa gərəkli övlad olmağı arzulayıb, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb və yüksək balla ali məktəbə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr, qəbulda yüksək nəticə əldə edən tam orta məktəblərin kollektivlərinə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamələr təqdim edilib. Akademik Vaqif Abbasov isə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyevaya hər ay öz aylıq məvacibindən 250 manat təqaüd verəcəyini bildirib.