Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Bayandur kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Bayandur kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sədri Eldar əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhid Əli Süleymanovun xatirəsinə ucaldılmış bulağın önünə gül-çiçək dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Kəngərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Bayandur kəndinin 194,98 hektar ərazisi, 140 təsərrüfatı, 616 nəfər əhalisi var. Ərazidə 1 ibtidai məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 kitabxana, 1 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 230 baş iribuynuzlu, 425 baş xırdabuynuzlu heyvan, 3480 baş quş, 34 arı ailəsi saxlayırlar.

Son üç ildə Bayandur kəndində su arxları 1,5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 120 ədəd müxtəlif növ ağac əkilib,  kənddaxili yollar 1000 metr məsafədə təmir olunub, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb, kəndə yeni internet xətti çəkilib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Məhəmmədəli Məmmədov yeni subartezian quyusunun qazılması və subartezian quyusuna gedən yolda olan qaz xəttinin yuxarı qaldırılması, Nadir Kərimov kəndin elektrik xətlərinin SİP kabellə əvəzlənməsi və digər məsələlər barədə müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 24-07-2025, 23:06
Xəbəri paylaş



Xəbər lenti