1 milyon 700 min manatlıq korrupsiya işi ilə bağlı Tərtər rayon İcra Hakimyyətinin dörd icra nümayəndəsinə töhmət verilib...
Məlumata görə Tərtər İcra Hakimiyyətinin başçısının dörd nümayəndəsi vətəndaşlara saxta sənədlər verib. Bundan sonra Evoğlu icra namyəndəsi Elçin Mahmudova, Xoruzlu icra nümayəndəsi Fazil Əliyevə, Tərtər şəhər icra nümayəndəsi Sahib Həsənova və Seydimli icra nümayəndəsi Nərmin Vəliyevaya töhmət verilib.
Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Seydimli, Evoğlu, Xoruzlu İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrə və Tərtər Şəhər İcra nümayəndəsinə töhmət verilməsi bu ilin sentyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tərtərdə keçirdiyi əməliyyatla əlaqəlidir. Həmin əməliyyat nəticəsində Anar Məmmədov, Elşad İbrahimli, Həbibə Həbibli, Xeyri Həcər, Emin Məmmədov və Nurəddin adlı sahibkar tutulublar.
Həbs olunanlara ünvanlı sosial yardımların saxta sənədlər əsasında təyin olunmasında ittiham irəli sürülüb. Tutulanlardan Anar Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tərtər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan onu bu postda Emin Məmmədov əvəzləyib. Anar Məmmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər şöbəsinin müdiri vəzifəsinə keçirilib. İstintaqın qənaətinə görə Anar Məmmədov, ardından Emin Məmmədov DSMF Tərtər şöbəsinin müdiri işlədikləri dövrdə həmin şöbədə sektor müdiri və əməkdaşları vəzifələrini tutan Elşad İbrahimli, Həbibə Həbibli və Xeyri Həcər, sahibkar Nurəddin adlı şəxslə əlbir olub saxta sənədlər əsasında ünvanlı sosial yardım təyinatı aparmaqla külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.
Həbs olunan Anar Məmmədovun Tərtər rayonunun keçmiş deputatı Sahib Alıyevin yaxın qoyumu olduğu da bildirilir. Bir aydan artıq davam edən istintaq zamanı 1 milyon 700 min manatlıq dövlət vəsaitinin saxta sənədlər payi-mal edildiyi üzə çıxıb. Aydınlaşdırılıb ki, Tərtər İcra Hakimiyyətinin başçısının dörd nümayəndəsi də vətəndaşlara saxta sənədlər verib. Bundan sonra Evoğlu icra namyəndəsi Elçin Mahmudova, Xoruzlu icra nümayəndəsi Fazil Əliyevə, Tərtər şəhər icra nümayəndəsi Sahib Həsənova və Seydimli icra nümayəndəsi Nərmin Vəliyevaya töhmət verilib.
Aldığımız məlumata görə Nərmin Vəliyeva Tərtərdə imkanlı şəxslərdən hesab olunur. Rayonda çoxlu torpaq sahələri, 096 seriyası ilə bir neçə maşını, Bakıda 3 evi olduğu bildirilir.
Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon-nun əməkdaşı Seydimli, Evoğlu, Xoruzlu İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə və Tərtər Şəhər İcra nümayəndəsinə zəng edib. Tərtər şəhər və Evoğlu, Xoruzlu kənd nümayəndələri dəfələrə zəng etməyimizə baxmayaraq, telefonu açmayıblar.
Seydimli icra nümayəndəsi Nərmin Vəliyeva telefonu açsa da, sualımızı dinlədikdən sonra heç bir cavab vermədən telefonu söndürüb. Sonradan Nərmin Vəliyevaya dəfələrlə zəng etsək də, telefonu açmayıb.
Bütün hallarda yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Pia.az