Cəlilabad rayon Muğan kənd sakini, Vətən müharibəsi şəhidi Həsən Dəmirovun ailəsi kəndin bələdiyyə sədri Vasif Həsənov və onun atası Rasif Həsənovdan şikayətçidir.
Şəhidin qardaşı Xaqani Dəmirov
Moderator.az-a şikayəti zamanı bildirib ki, o Muğan bələdiyyəsi tərəfindən təhqir olunub.
X.Dəmirov deyib ki, o, şəhid qardaşının adını əbədiləşdirmək üçün kəndin girişində öz vəsaiti hesabına şəhid bulağı tikdirib:
“Kəndimizin girişində şəhid qardaşımın adını əbədiləşdirmək üçün Şəhid bulağı tikdirdim. Onda Vasif Həsənov bələdiyyə sədri işləmirdi. İndi isə onun bələdiyyədə mühasib işləyən atası Rasif Həsənov məni hədələyərək bildirir ki, sən kimsən ki, bizdən icazəsiz kənddə şəhid bulağı tikdirmisən. Mən bu bulağı tikdirmək üçün ilk öncə Cəlilabad rayon İcra Hakimiyyətindən icazə almışam. Görün nə qədər özbaşınalıqdır ki, kənd bələdiyyəsi rayon İcra Hakimiyyətinin icazəsini belə saymır”.
Şəhidin qardaşı deyib ki, bələdiyyə sədri kəndin şəhidlərinin adından sui-istifadə edərək torpaq satışıyla məşğuldur, onun bu çirkin əməli ifşa olunmalı və rayon rəhbərliyi tərəfindən cəzalandırılamıdır:
“Şəhid bulağının ətrafına torpaq tökdürmək üçün İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevlə görüşüb xahiş etdim. Yaşar müəllim dərhal bələdiyyə sədri Vasif Həsənovu çağırıb tapşırıq verdi ki, şəhidin bulağının ətrafına torpaq tökün. V.Həsənov mənə dedi ki, “torpaq gətirməyə traktor var, amma “Kamaz” yoxdur”. Dedim ki, “Kamaz” gətizdirin pulunu mən verəcəm. Mən sonra V.Həsənova zəng vurdum dedi ki, “gözlə, bir azdan torpaq gətirəcəyik”. Gedib Şəhid bulağında gözləsəm də torpaq gətirən olmadı. Əsəbimdən evimə getdim. Bir neçə saat sonra geri qayıdıb gördüm ki, bulağın yanına bir “Kamaz” torpaq töküblər. Yenə zəng vurdum və V.Həsənov dedi ki, “indi ikinci “Kamaz” da gəlir”. Mən də dedim ki, torpağı yayarsınız. İkinci “Kamaz” torpaq gələndən sonra gördüm ki, torpağı yaymadılar. V.Həsənova yenidən zəng vurdum dedi ki, “mən evimdəyəm”, amma yanında traktor səsi gəldiyini eşidirdim. Mən dərhal kəndimizdə “Sarıqaya” deyilən əraziyə gedəndə şoka düşdüm. Gördüm ki, ordan torpağı “Kamaz”lara doldurub satırlar”.
Şəhid qardaşı deyir ki, bələdiyyə sədrindən torpağı hara daşıtdırdığını soruşanda dedi ki, məni aldadaraq dedi ki, digər şəhid ailəsinə göndəririk:
“Soruşanda ki, bu torpaqlar hara gedir? V.Həsənov dedi ki, “bu torpağı da şəhid Tural Rəhimovgilə göndəririk”. Şəhidin adını çəkdiyi üçün ona inandım. Bələdiyyə sədrinin atası Rasif Həsənov isə başladı mənimlə mübahisə etməyə. Dedi ki, “sən səbirsizsən”. Mən də dedim ki, o gündən bəri deyirdim baxmırdınız, amma Yaşar müəllim deyəndən sonra torpaq verdiniz. R.Həsənov mənə cavabında dedi ki, “Nə olub e, tək elə sən şəhid ailəsisən? Mən özüm də şəhid ailəsiyəm”. Dedim ki, sən Vətən üçün oğul vermisən? Sənin oğlun burda yanında dayanıb. R.Həsənov dedi ki, “atam Sovet dövründə müharibədə həlak olub”. Biz şəhid T.Rəhimovgilə getdik və atası Arif müəllim dedi ki, “bizə torpaq gətirən olmayıb”. Biz “Kamaz”ları izləyəndən sonra məlum oldu ki, sən demə bələdiyyə sədri və atası şəhid qardaşlarımızın adından istifadə edərək torpağı kənddə müəyyən adamlara satır. Biz o adamların adlarına kimi bilirik”.
X.Dəmirov deyir ki, bundan sonra R.Həsənov onu hədələyib və deyib ki, kimə istəyirsən şikayət et, mənə heç kim, heç nə edə bilməz:
“Dedim ki, Rasif müəllim, bir qrup yığılmısınız ancaq özünüzə işləyirsiniz, şəhid yadınızdan çıxıb. Rasif Həsənov cavabında dedi ki, “sən kimsən ki, mənimlə belə danışırsan?, Mənim öz qrupum da, yazanım da, pozanım da var. Özümüz bilərik nə edərik. Əlindən nə gəlir get elə”. Mən də dedim ki, mən şəhid ailəsiyəm, məni nəyəsə məcbur etmə. R.Həsənov mənə deyir ki, “30 ildir işləmişəm, indiyə kimi mənə neyləyiblər? Mən, ya da oğlum, fərqi yoxdur. Mənim heç kimdən qorxum yoxdur”. Mən xahiş edirəm bu özbaşınalığa son qoyulsun. Belə hərc-mərcilik olarmı?”.
Vasif Əlihüseyn
Tarix: 6-04-2021, 08:22