Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... 2018-ci ilin iyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılması o zaman ölkədə ciddi səs-küyə səbəb oldu. Hətta həmin vaxt Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində belə fasilələrlə çətinliklər yarandı. Xatırladaq ki, Göyçay çayı üzərində körpünün uçması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə iki nəfərə ittiham da elan edilmişdi. Lakin... Lakin bu məsələ bir müddət sonra unuduldu. Yəni mövsümü xarakter daşıdı. Müvafiq orqanlar müxtəlif rayonlara ezam edilsələr də, nəticədə qısa müddət sonra dəyirman öz bildiyini təkrar etməyə başladı. Əslində bu məsələdə dəyirman deyil, məhz qum-çınqıl karxanaları öz bildiklərini edirlər. Və qəribəsi isə odur ki, sanki bu tip obyektlər dövlət səviyyəli strateji müəssisələrdir. Kimsə, hətta media belə bu sahəyə lazımınca diqqət ayırmır. Ötən gün İmişlidən Conflict.az-a kifayət qədər maraqlı bir video göndərilib. Videonu sayta təqdim edən şəxs bildirir ki, görüntüdə əks olunan karxana İmişli rayon, Bəciravan kəndinin ərazisində, eyni zamanda meşə zolağında yerləşir. Yerli əhalinin iddiasına görə karxana Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevə məxsusdur.
Və o da iddia edilir karxana quliyevlərin Elçin adlı qardaşı tərəfindən idarə olunur. Karxanaya de-fakto rəhbərlik edən şəxs isə onların Kamran adlı yaxınlarıdır. Məlumatı verən şəxs əlavə olaraq bildirdi ki, əraziyə yük maşınları istisna, kimsə buraxılmır. Çünki karxananın təhlükəsizlik xidmətinə hətta yerli əhalinin belə əraziyə buraxılmaması üçün xüsusi tapşırıq verilib. Bəs bu məlumatda diqqət çəkən məqam nədir? Məlumatı verən mənbənin iddiasına görə problemin ən böyüyü karxananın əsasən yarımsəhra reliefə malik İmişli rayonunun çox az hissəsini əhatə edən meşə zolağında fəaliyyət göstərməsidir. İkinci isə torpaq sahələrinin müəyyən bir hissəsinin şoran olmasıda ciddi problemlərin əsasını qoymaqdadır. Nədir bu problemlər? Mənbənin verdiyi məlumata görə artıq bir müddətdir ki, karxanaya yaxın ərazidə tikilən evlərdə müəyyən ölçüdə çatlar əmələ gəlib. Problemlə bağlı müxtəlif instansiyalara şikayətlər edilsə də, hələ ki, müraciətlərə baxılmayıb. O zaman sual olunur: Yaranmış və yaranma ehtimalı böyük olan problemlərə baxılmamasının səbəbi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir, yoxsa..? Yox əgər səbəb başqadırsa o zaman buyurun cənablar. Cavablarınızı təqdim edin dərc edək. Redaksiya bu sahədə mütəxəssis olmasada, sadə həqiqətlərlə müəyyən məntiqi nəticələrə gəlmək olur. Əvvəla yuxarıda qeyd edildiyi kimi qum-çınqıl karxanasının fəaliyyəti bir o qədər də yaşıllıq əraziyə malik olmayan bölgədəki bu tip ərazilərin sıradan çıxması qədər vacib deyil. Onsuzda İmişli rayonu bəlkədə ölkədə bu sahə ilə məşğul olmaq istəyənlərin ən çox üz tutduğu bölgədir. Hətta Conflict.az olaraq bir müddət bu məsələnin ciddi problemə çevriləcəyi ilə bağlı SOS xarakterli məlumatda dərc etmişdik. Kolxoz təsərrüfatının dağılmasından sonra müəyyən qədər torpaq sahəsinə sahiblənən yerli əhalinin bir hissəsi həmin ərazini əkib-becərmək imkanını itirdi. Bu məsələdə maliyyə və suvarma zamanı yaranan problemlərdə müəyyən rol oynadı. Belə olan təqdirdə çarəsizlikdən sahib olduqları ərazini yerli olmayan ayrı-ayrı iş adamlarına satmaq məcburiyyətində qalan kənd sakinləri sonradan həmin qərarlarının girovlarına çevrildilər. Çünki yerin təkindən yüksək təzyiqlə qum-çınqıl çıxarılması prosesi zamanı yaranan dəryaçalardakı su kütləsi əsasən istifadəyə yararsız və duzludur. Yəni ətrafda olan münbit əkin sahələrinində şoranlaşması üçün stimul ola bilər. Bundan başqa su kütləsi dəryaçalara toplandıqca yaxınlıqdakı tikililərin altında sabit olan torpaq sahəsinin altı boşalır və həmin tikili deformasiyaya uğrayır. Nəticədə ziyan görən kəndli olur. Məsələni kifayət qədər müxtəlif istiqamətlərdə, yuxarıda qeyd edildiyi kimi hətta sadə məntiqlə belə müzakirə etmək, müxtəlif qənaətlərə gəlmək mümkündür. Lakin bir məsələ unudulmamalıdır, ölkə Prezidenti cənab İlham Əliyevin həmişə xüsusi olaraq vurğuladığı bir məqam var: Biz xalqın xidmətçiləriyik. Hesab edirik ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdə icra etdiyi vəzifədən dolayı xidmətçi kateqoriyasına daxildir. Redaksiyaya göndərilən videoda əks olunan ərazidə fəaliyyət göstərən qum-çınqıl karxanasının məhz ona məxsus olduğu iddia edilir. Elə isə iddianı təsdiq və ya təkzib etmə səlahiyyəti də məhz cənab Quliyevə aiddir.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.