Bu ilin ötən dövrü ərzində Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95 və ev 131 ünvanlarında yerləşən 13 şirkət dövlət qeydiyyatına alınıb.
Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu şirkətlər yeni yaranmalarına baxmayaraq dövlət qurumlarl tərəfindən elan olunan tender müsabiqələrinin qalibi olmağı bacarıblar.
Füzuli rayon İcra Hakimiyyəti mart ayında tender müsabiqəsi elan edib və cəmi bir ay əvvəl - fevral ayında Yasamal rayonu, Alatava 1, ev 95 və ev 131 ünvanlarında qeydə alınan şirkətlər bu müsabiqələrin qalibi olublar:
06.02.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Məmədhüseyin Hümbətov Məmmədhüseyn oğlu olan “Çinar-N” MMC “Füzuli rayonu, Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri” üçün İcra Hakimiyyətindən 199 min 326,89 manat alıb.
13.02.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Xəyal Mustafazadə Aqil oğlu olan “XƏMSƏ-M.X” MMC “Füzuli rayonu, Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri” üçün İcra Hakimiyyətindən 199 min 221,82 manat alıb.
27.02.2020-ci il tarixində Alatava 1, ev 95 ünvanında qeydə alınan və qanuni təmsilçisi Emin Bayramov Elşad oğlu olan “AĞÇALA-L.M” MMC “Sair xərclər” üçün İcra Hakimiyyətindən 140 min 143 manat alıb.
27.02.2020-ci il tarixində Alatava 1, ev 95 ünvanında qeydə alınan və qanuni təmsilçisi Natiq Sadıqov Yavər oğlu olan “QƏDİMYURD” MMC “Füzuli Rayon Kommunal Müəssisələr Kombinatına müxtəlif adda mal-materialın satın alınması” üçün İcra Hakimiyyətindən 191 min manat 51 qəpik alıb.
Alatavadakı məlum ünvanda qeydiyyatdan keçən digər şirkətlər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tender müsabiqələrində qalib olublar:
06.02.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Məmədhüseyin Hümbətov Məmmədhüseyn oğlu olan “BÜLLÜR-M” MMC “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda keçiriləcək regional konfransların və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiricək regional müşavirələrin təşkilatı işlərini” təşkil etmək üçün Komitədən 162 min 600 manat alıb.
10.02.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Xəyal Mustafazadə Aqil oğlu olan “BABADAG” MMC “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların , “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin təşkilatı işlərini” təşkil etmək üçün Komitədən 186 min 500 manat alıb.
27.02.2020-ci il tarixində Alatava 1, ev 95 ünvanında qeydə alınan və qanuni təmsilçisi Emin Bayramov Elşad oğlu olan “NOHUR-E.B” MMC “Bakı şəhərində keçiriləcək konfransların təşkilatı işlərini” təşkil etmək üçün Komitədən 179 min 000 manat alıb.
27.02.2020-ci il tarixində Alatava 1, ev 95 ünvanında qeydə alınan və qanuni təmsilçisi Natiq Sadıqov Yavər oğlu olan “ZƏRDƏRƏ” MMC “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin təşkilatı işlərini” təşkil etmək üçün Komitədən 179 min 140 manat alıb.
Gördüyünüz kimi, yuxarıda adları qeyd olunan 8 şirkət eyni ünvanda yerləşirlər və onlara 4 nəfər rəhbərlik edir. Şirkət rəhbəri olarak göstərilən hər bir şəxs bir dəfə İcra Hakimiyyətindən, bir dəfə də Komitədən vəsait alıblar. Eyni zamanda alınan vəsaitlər də təxminən bir-birinə yaxın məbləğlər olub.
Cəmi bir aylıq şirkətlərin bu cür yüksək məbləğdə tender müsabiqəsinin qalibləri olmaqla bərabər, həm də tamamilə fərqli sahələrdə iş görəcəklər. Məsələn, Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Xəyal Mustafazadə Aqil oğlu olan “XƏMSƏ-M.X” MMC “Füzuli rayonu, Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmir edəcək, Alatava 1, ev 131 ünvanında qeydə alınan və qanuni təmsilçisi Xəyal Mustafazadə Aqil oğlu olan “BABADAG” MMC isə “XXI əsrdən baxış: din və qadın” və “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda konfranslar, seminar-treninqlər təşkil edəcək.
Məlum ünvanla bağlı diqqət çəkən məqamlardan biri də odur ki, aprel və may aylarında Yasamal rayonu, Alatava 1, ev 95 və ev 131 ünvanlarında daha 5 şirkət qeydə alınıb.
16.04.2020-ci il tarixində Alatava 1, ev 95 ünvanında qanuni təmsilçisi Mərhəmət Abbasov Əkbər oğlu olan “ZAMAN-LTD 2020” MMC qeydə alınıb.
05.05.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qanuni təmsilçisi Saleh Həsənov Ağaşah oğlu olan “ORBİTA TEXNİK” MMC qeydə alınıb.
05.05.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qanuni təmsilçisi Saleh Həsənov Ağaşah oğlu olan “YUPİTER TEXNİKA” MMC qeydə alınıb.
18.05.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qanuni təmsilçisi Taleh Həsənov Ağaşah oğlu olan “ALTUN-2020” MMC qeydə alınıb.
31.05.2020-ci il tarixində Alatava 1, ev 131 ünvanında qanuni təmsilçisi Rəhim Həsənov İntiqam oğlu olan “DAŞLI QALA” MMC qeydə alınıb.
Fevral ayında Yasamal rayonu, Alatava 1, ev 95 və ev 131 ünvanlarında qeydə alınan şirkətlərin mart ayında elan olunan və nəticələri 3 ay sonra - may ayında açıqlanan tender müsabiqələrinin qalibi olduqlarını nəzərə alsaq, o zaman may ayında Yasamal rayonu, Alatava 1, ev 95 və ev 131 ünvanlarında qeydə alınan şirkətlərin adlarına da avqust-sentyabr aylarında hansısa dövlət qurumunun keçirdiyi tender müsabiqəsinin qalibləri arasında görə bilərik…
Onu da qeyd edək ki, may ayında tender müsabiqəsinin nəticələri açıqlanan zaman məsələ ilə bağlı yeniavaz.com-a Füzuli rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Kombinatından verilən açıqlamada bildirilib ki, tender müsabiqəsi İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tərəfindən elektron qaydada həyata keçirilir və bu səbəbdən də onlar tenderdə iştirak edən şirkətlərin hansı tarixdə, hansı ünvanda qeydiyyatdan keçdiyini bilmirlər.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi bir-neçə gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tarix: 30-07-2020, 14:12