Üfunət dolu qoxu və çirkab suları içində qalan insanlar - VİDEO
Kürdəmirin Soltan Şıxəliyev küçəsinin sakinləri imdad diləyir
Kürdəmirin Soltan Şıxəliyev küçəsinin sakinləri üfunət dolu qoxu və çirkab suları içində qalıblar. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, həmin küçədə kanalizasiya xətti olmadığından çirkab sular küçəyə axır. Bu isə böyükdən kiçiyə hər kəsi narahat edir.
Yerli sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, dərdlərinə çara tapan olmayıb.
“Azərsu” ASC nin 2 nömrəli Regional Su Kanal İdarəsinin Kürdəmir Su Kanal Sahəsindən bildirilib ki, Kürdəmir şəhər üzrə 9 kilometr uzunluğunda kanalizasiya xətti var. 1977-ci ildə çəkilən xəttin tamamilə yararsız halda olması səbəbiylə 2015-ci ildə dövlət dəstəyi ilə 800 metr, hazırda “Azərsu”nun daxili imkanları hesabına isə 600 metr məsafədə yeni xətt çəkilir.
Sakinlər ümid edirlər ki, ərazidə yeni kanalizasiya xətləri çəkilənə qədər, onlar üçün alternativ xətt çəkilər və bu insanların canları üfunət qoxulu, çirkab dolu sulardan qurtulacaq.