Təklə Ərazi Dairəsinin Sığıncaq kənd sakini Nurlan bir həftə öncə Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə çox ciddi yaralar almışdır. Belə ki, 2 ayağına, yan baldır sümüyünə xeyli qəlpə dolmuşdur. Hazırda Gəncə hərbi hospitalında müalicə olunur. Dünən xəstəxanada onun yanında olmuş əmisi Xalid Quliyev bizə məlumat verdi ki, qardaşım oğlunun müalicəsi Gəncədə yüksək səviyyədə aparılsa da, Nurlan ailəsindən, evindən çox nigarandır.
Əmisi bildirib ki, yaralının müalicəsi deyərdim ki, xəyal etdiyimizdən də yüksək səviyyədə aparılır. Həkimlər buradakı yaralıların başına pərvanə kimi dolanır. Daha stolun üstündə hansı meyvələr, hansı yeməklər yox idi. Hətta xəstəyə xərclik verməyimizə imkan verilmədi,. Həkimlər dedi ki, bütün ehtiyacları bizlikdir. Lakin...
Bəli, lakin Nurlan o yeməklərə, meyvələrə toxunmaq belə istəmirdi. Bu, səbəbsiz də deyilmiş.
Səbəb isə ailənin dəhşətli dərəcədə kasıb olmasıdır. Təsəvvür edin ki, Nurlanın yaralanma xəbəri kəndə gələndə el-oba, qohum-qardaş onların evinə axışıb.
Oturmağa stul, gələnlərin qabağına qoymağa qənd-çay belə olmayıb. Qonşu Cəlilabada gedib kreditlə 5-6 stul və 1 stol gətiriblər. Mağazadan isə nisyə qənd-çay götürüblər.
Ailə 4 nəfərdən ibarətdir. Qız başqa evin gəlinidir. Onun da həyat yoldaşı hərbiçidir. Bir uşaqla ailəni birtəhər dolandırırlar. Nurlan isə evin tək oğludur.
Atası Ruslan kişi qapılarda günü 8-10 manata fəhləlik edirmiş, indi iş də yoxdur. Ana xəstədir, əməliyyata ehtiyacı var. Lakin pul yoxdur
Qohum-qardaş yığışıb bir neçə il əvvəl ailəyə 3-4 daş üstündə bir ev tikiblər. Əgər buna ev demək mümkünsə...
Quyusu yox,
Otağlardan çoxunun döşəməsi, tavanı yox, əksəriyyətinin pəncərəsi, qapısı yox
Evdə televizor, adi məişət avadanlıqları yox . Ütü lazım olanda qonşuya gedir. (Bir köhnə, nasaz soyuducuları var)
Bu vaxtadək sosial yardım almayıblar, 190 manat istəklərinə də yox deyiblər:
Ana ağır xəstə, təcili əməliyyat olunmalıdır.
Ərzaq da ki, bir gün tapanda bir gün tapmırlar.
Əmisi deyir:-İndi neyləyək? Qohum-qardaş da kasıbdır, imkanı yoxdur ki, əl tuta. 350 manat qaz borcu, eləcə də xeyli işıq borcu var. Hələ mağazaya olan borclarını demirik.
İndi yaralı əsgər orada necə rahat olsun ki, burada xəstə anası acdır.
Evdə mebel adına heç nə yoxdur.
Hamınızdan xahiş edirəm, bu ailəyə yardımçı olun. 100 qramlıq çay da onlara köməkdir.
Yaralı əsgərin doluxsuna-doluxsuna “Evimizdə vəziyyət necədir?” sualına cavab verə bilmədim, hələ də nəmli baxışları içimi göynədir.
Nurlan isə sağalan kimi yenə döyüş meydanına getmək istəyir. Lakin bu günlərdə əməliyyata girəcək Nurlanın əlil olmayacağına güman azdır.
Bu əsgər sabah əlil kimi evinə qayıtsa, sınıq-salxaq taxtanın üstündə yatmalıdır.
İndi gözləyək ki, şəhid olsun, sonra onlara güzəran quraq.
Yaralı əsgər ölkəmizin bu qüdrətli vaxtında evində qarın dolusu çörək tapmayan ailəsindən nigar qalmamalıdır axı.
(Yardımçı olmaq isyəyənlər 050(070) 322 75 23 saylı telefonla əlaqə saxlaya bilərlər).
Zahir Əmənov //cenub.az//
DİA.AZ-dan: Çox ürəkağrıdan bir mənzərədir. Hər halda, xeyirxah insanlarımız yetərincədir və sözsüz ki, boğazından loxması keçməyən yaralı əsgərimizin ailəsinə millətimiz yardımçı olacaq. Amma acınacaqlı orasıdır ki, Masallıda dövlət adına oturub rayonu idarə edənlər bütün bunları seyr etməklə məşğuldur. Əgər belə deyildisə, ən azından yaralı əsgərimizin ailəsi onlara həmdərd olmağa gələnləri kreditə götürdükləri stol-stulda ağırlamazdı...
Tarix: 20-07-2020, 21:54