Saatlıda icra hakimiyyətinin vəzifəli şəxsinin ŞOK ƏMƏLLƏRİ


Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmiş Oktay Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Oktay Zülfüqarov Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyi dövrdə Saatlı rayon Novruzlu kənd körpələr evi-uşaq baxçasında faktiki yerinə yetirilmiş uşaq günlərinin çeşidlər üzrə ərzaq məhsullarının silinməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Qərarının 2 və 3 saylı əlavələrinin tələblərini pozub.

Belə ki, Oktay Zülfüqarov ərzaq məhsullarının silinməsinə dair sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. O, vəzifə saxtakarlığı edib.

Istintaq sənədlərinə görə, Oktay Zülfüqarov 2015-ci ildə 3 ərzaq növü üzrə qurudulmuş meyvələr 120 manat, qənnadı məmulatları 139,20 manat, yarmalar və makaron məmulatı 207,08 manat olmaqla cəmi 466,28 manat, 2016-cı ildə 2 ərzaq növü üzrə qurudulmuş meyvələr 40,00 manat, yarmalar və makaron məmulatı 448,50 manat olmaqla cəmi 488,50 manat, 2017-ci ildə 3 ərzaq növü üzrə çay 11,20 manat, qənnadı məmulatları 104,04 manat, yarmalar və makaron məmulatı 262,49 manat, tomat 0,94 manat olmaqla cəmi 378,58 manat, ümumi məbləği 1333,36 manat təşkil edən ərzaq məhsullarının əsassız olaraq sinilməsinə nail olub.

Oktay Zülfüqarov həmin vəsaitdən 618,06 manat məbləğini nəğdiləşdirib və dövlət əmlakı olan nəğd pul vəsaitlərini, yəni özgə əmlakını-dövlətin büdcə vəsaitini qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talayıb.

Daha sonra Oktay Zülfüqarov Novruzlu kənd Körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində su hovuzu və köməkçi qurğuların tikintisi üçün sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirini özündə ehtiva edən 282230-cu maddə üzrə mal-materialların alqı-satqısına dair “Nəcəf-2017” MMC-nin direktoru Bəybala Əkbərov ilə müqavilə bağlayıb və sözü gedən əsaslı təmirə dövlət büdcəsindən ayrılmış pul vəsaitindən mənimsəmək məqsədi ilə tərəfindən tərtib edilmiş “Forma № 2” sənədinə bilə-bilə yalan məlumatlar daxil edib.

Oktay Zülfqarov ayrılmış 2500 manat pul məbləğinin “Nəcəf-2017” MMC-nin “Kapital Bank” ASC-də olan hesabına köçürülməsinə nail olub, həmin məbləğdən tələbinə əsasən Bəybala Əkbərovun direktoru olduğu “Nəcəf-2017” MMC-nin “Kapital Bank” ASC-nin Saatlı rayon filialından bank hesabından çıxarıb.

Oktay Zülfüqarov Saatlı rayonu İcra Hakimiyyəti başçısının Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi və baş mühasib işləyən Mirqasım Rzayevin yanında 2125 manat pul vəsaitindən 1500 manatını təyinatı üzrə, yəni su hovuzu və köməkçi qurğuların tikintisi üçün istifadə etməyib, həmin məbləği dövlət əmlakıını ələ keçirib.

Daha sonra Oktay Zülfüqarov ərazi üzrə dövlət qurumlarına dəftərxana və təsərrüfat xərclərinə dair azad sahibkar Azər Fətullayev ilə müqavilə başlayıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılan 3196 manat pul məbləğinin Azər Fətullayevin “Kapital Bank” ASC-də olan hesabından çıxardıb. O, pul vəsaitindən 613  manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən Oktay Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya isriaf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Saatlı rayon Məhkəməsinin hökmü ilə Oktay Zülfüqarovun barəsində bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması və iki min manat miqdarda cərimə cəzası təyin edilib.

Hökmdən narazı qalan Oktay Zülfüqarov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Oktay Zülfüqarovun barəsində olan azadlığın məhdudulaşdırılamsı cəzası 5 min manat miqdarında cərimə cəzası ilə əvəz olunub.

Tarix: 9-07-2020, 12:16
Xəbəri paylaş



Xəbər lenti