Ekologiya və Təbii Sərvətlər nazirliyi (ETSN) ölkənin ən böyük nazirliklərindəndir.
Vaxtilə 5 Komitə və İdarələrin birləşdirilməsindən yaradılan nazirliyin hazırda tabeliyində 58 şəhər və rayonu əhatə edən 11 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi fəaliyyət göstərir.
Bundan əlavə respublikanın 15 rayonunda Ekologiya və Təbii Sərvətlər nazirliyinin balansında fəaliyyət göstərən Regional Meşə Təsərrüfatı Mərkəzləri də var.
Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əksəriyyəti müstəqil olaraq dövlət satınalmaları həyata keçirirlər.
Azərbaycanın digər dövlətdən maliyyələşən qurumlarının əksəriyyətində olduğu kimi ETSN-nin tabeliyində fəaliyyət göstərən idarələrin də sifarişçi olduğu satınalmaların bəziləri qeyri-şəffaflığı ilə diqqət çəkir.
ETSN bu ilin aprel ayında Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin sifarişçi olduğu tender ilə yerli medianın gündəmini "zəbt" edə bildi.
ETSN-nin medianın gündəminə gəlməsinə səbəb isə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin "cari təmir işləri" lotu üzrə sifarişçi olduğu 476.272 (dörd yüz yetmiş altı min iki yüz yetmiş iki) manatlıq tenderi idi.
Lakin nazirliyin məsələ ilə bağlı açıqlamasında Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin sifarişçi olduğu satınalmanın mediada göstərilən məbləğinin həqiqəti əks etdirmədiyi deyilirdi.
Qlobal.az sözügedən mövzu ilə bağlı aidiyyatı qurumların münasibətini öyrənərək araşdırma aparıb.
Meşələrin İnkişafı Xidməti hər şeyin qaydasında olduğunu deyir Namik Xıdırov - Meşələrin İnkişafı Xidmətinin rəisi
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşələrin İnkişafı Xidmətindən Qlobal.az-a verilən məlumatda Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında bu il təmir aparılması və 476 min manat vəsaitin ayrılması barədə yayılmış məlumatın korrekt olmadığı deyilir.
"Bildiririk ki, Müəssisənin inzibati binasının təmiri 2019-cu ildə aparılıb və müsabiqənin qalibi ilə 47 min 672 manat məbləğində müqavilə imzalanıb.
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasının təmiri məqsədilə kotirovka sorğusunu 2019-cu ildə Meşələrin İnkişafı Departamenti aparıb.
Müsabiqədə 3 şirkət iştirak edib və ən aşağı qiymət təqdim edən podratçı "Trades” MMC ilə satınalma müqaviləsi imzalanaraq binada təmir işləri aparılıb.
Qeyd edək ki, www.etender.gov.az portalında satınalma müqaviləsi barədə müvafiq məlumatlar yerləşdirilərkən mexaniki səhv olaraq 47 672.37 AZN əvəzinə 476 272.37 AZN göstərilib. Qeyd olunan səhv hazırda aradan qaldırılıb.
"Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”a əsasən müsabiqədə podratçıların ixtisas göstəricilərinə dair qiymətləndirmə nəzərdə tutulmayıb, eyni zamanda təmir işləri üçün lisenziya tələb olunmur.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti: Məsuliyyəti tender komissiyası daşıyır Sahib Məmmədov - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis əvəzi
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin sifarişçi olduğu satınalmanın hansı qurum tərəfindən "şişirdildiyini" aydınlaşdırmaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə müraciət etdik.
Qurum rəsmiləri ilə telefon danışıqlarımızda onlar Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin sifarişçi olduğu satınalmanın rəqəmlərinin tender.gov.az saytında artıq göstərilməsini mexaniki səhv olduğunu desələr də, sonradan müraciətimizə verdikləri yazılı açıqlamada məsuliyyətin tender komissiyasının üzərində olduğunu bildirdilər.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədovun imzası ilə daxil olan məktubda deyilir:
"Dövlət satınalmalarını tənzimləyən qanunvericilikdə satınalma prosedurunun təşkili və keçirilməsi, habelə qalib malgöndərənin (podratçının) müəyyən edilərək, onunla satınalma müqaviləsinin bağlanması və bununla bağlı bildirişin dərc edilməsi dövlət satınalmalarının vahid portalı tərəfindən həyata keçirilir (tender.gov.az) və həmin portalda qeyd olunan sənədlərin və məlumatların düzgün yerləşdirilməsinə görə satınalan təşkilat və onun tərəfindən formalaşdırılan tender komissiyası məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, keçirilən satınalma prosedurları ilə bağlı məlumatlar satınalan təşkilat və və ya tender.gov.az saytından əldə oluna bilər".
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzini kim təmir etdi? Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin "cari təmir işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 47 min 672 manat, qalibi isə "Trades" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
"Trades" MMC Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin "cari təmir işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi elan edilməmişdən iki ay əvvəl - 2019-cu ilin senyabr ayının 27-də təsis edilib.
On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 56, mənzil 105/30 ünvanıdır. Şirkətin qanuni təmsilçisi isə Hüseynov Fərid Əliəkbər oğludur.
Şirkət barəsində daha heç bir informasiya verilmir.
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə "Trades" MMC arasında bağlanan sözügedən müqavilə 2019-cu ilin dekabr ayının 31-də başa çatıb.
Maraqlıdır ki, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə "Trades" MMC arasında bağlanan satınalma müqaviləsi barədə məlumat müqavilə imzalandıqdan altı ay sonra - 2020-ci ilin may ayının 4-də tender.gov.az saytında dərc edilib.
Qlobal.az-ın əməkdaşının özəl mənbələr vasitəsi ilə əldə etdiyi məlumata görə "Trades" MMC-nin qanuni təmsilçisi 1990-cı il təvəllüdlü Hüseynov Fərid Əliəkbər oğlu Biləsuvar rayonunun Səmədabad kəndində yaşayır. Sosial vəziyyəti ürəkaçan olmayan Hüseynov Fəridin xırda təsərrüfat işləri ilə məşğul olduğu bildirilir.
Prinsipiallıq göstərməyən Mərkəz direktoru Bəybala Allahyarov - Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovdur. Bəybala Allahyarov 2017-ci ilin iyun ayının 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında (
http://eco.gov.az/az/nazirlik/xeber?newsID=7521&fbclid=IwAR3ADQZQHxsTQqE20ZIFiBv96qotdaRQWmRMiDFjWXp1cAssDGTgxM4VKwM) "Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib" başlığı ilə dərc edilən xəbərdə prinsipialsızlıqda ittiham edilir. Xəbərdən kiçik bir parçanı diqqətinizə çatdırırıq: "...Nazirlik, faktiki olaraq qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe etdirən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasını mümkünsüz hesab edib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub. Şabranın meşə ərazisində araşdırma davam etdirilir. Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və yuxarıda göstərilən səbəbdən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir. Yoxlamanın nəticələrinə görə, toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq".
Maraqlıdır ki, rəsmi olaraq prinsipialsızlıq göstərdiyinə görə vəzifədə qalması mümkün hesab edilməyən şəxs sonradan həmin nazirlikdə yenidən vəzifəyə təyin edilib.
Hesablama Palatası audit aparmadığını deyir Vəfa Mütəllimova - Hesablama Palatasının İcmal büdcə və strateji təhlil şöbəsinin müdiri
Qlobal.az Hesablama Palatasının Şabran Regional Meşə Təsərrüfatı Mərkəzində 2019-cu ilin ikinci yarısından may ayınadək olan dövrdə audit aparıb-aparmaması barədə Palatadan münasibət öyrənib.
Hesablama Palatasının əməkdaşı Vəfa Mütəllimova göstərilən dövr üzrə Hesablama Palatasının Şabran Regional Meşə Təsərrüfatı Mərkəzində audit aparmadığını qeyd etdi.
Qlobal.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib" başlıqlı xəbərindən çıxarış
Tarix: 17-06-2020, 07:19