Yay gələn kimi ölkənin əksər yerlərində olduğu kimi, Şəkidə də insanların içməli su problemi bitib-tükənmək bilmir. Lakin bu kənddə artıq su problemi elə bir həddə çatıb ki, insanlara, onların təsərrüfatlarına ziyan vurmağa başlayıb.
Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.
Sakin: "Bir maşın su gətirdirik, 3-4 gün getmir. Biz hara gedək? 4 gündən bir 15 manat suya verdiyim pula ət alıb uşağıma yedirərəm. Toyuq-cücəyə verməyə su olmur. 1200 manat verib iribuynuzlu mal aldıq, susuzluqdan öldü”.
Qoxmuq kəndinin sakinlərinə gün ötrə su verilir. Qarşıdan da isti yay günlərinin gəldiyini nəzərə alsaq vəziyyətin nə qədər ağır olduğunu anlamaq o qədər də çətin deyil.
Çıxış yolu kimi sakinlər pulla su almalı olurlar. Bu su da yalnız içmək və vacib tələbatlara sərf edildiyindən mal-qara, ağaclar susuz qalıb.
Sakin: "Məcburiyyətdən uşaqların ağzından, qarnından kəsib, 15 manatlıq su gətirdirik. 15 manatlıq su da bir həftə bizə yetmir. Biz ağac sulamağa yox, içməyə su istəyirik. Mən qorxuram ki, virus düşər, bizə, körpə uşağa keçər”.
Sakin: "20 dəqiqə su gəlir, onun da 7 dəqiqəsi hava gəlir. Barmaq nazikliyində su gəlir, təzyiqi yoxdur. Su olmadığı üçün ciddi əziyyət çəkirik. . Nə zaman düzələcək bu su problemi? Hanı su? Bizim su hara satılır?”.
Susuzluq kənd sakinlərinin təsərrüfat fəaliyyətini də pozub. Min əziyyətlə əkib-becərilən bitkilər bu səbəbdən quruyur.
Sakin: "Kəndçiyik, meyvəmiz, tərəvəzimiz, təsərrüfatımız olmalıdır. Suvarma suyu olmadığına görə nə isə yetişdirib öz tələbatlarımızı da ödəyə bilmirik”.
Ümid edirik isti yay ayları gəlməmiş bu problem hell ediler. Əks halda susuzluq kənddə daha böyük fəsadlara yol aça bilər.
Tarix: 28-05-2020, 22:30