Koronavirusun çatmadığı Gədəbəy: kafe-restoranlar qan ağlayır, müştərilər qəhətə çəkilib... – Reportaj

 

Mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər yerlərində koronavirusla bağlı tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Artıq restoran və kafelər fəaliyyət göstərməyə başlayıb. Bununla da bəzi rayon və şəhərlərdə həyat tədricən əvvəlki axarına qayıdır.

Koronavirusa yoluxma halının hələ qeydə alınmadığı rayonlar sırasında olan Gədəbəydə də restoran və kafelər açılmağa başlayıb. Lakin ciddi şəkildə müştəri qıtlığı yaşanır. Buna rayonun mərkəzində və bəzi kənd yerlərində apardığımız müşahidələr zamanı əmin olduq.

Məhdudiyyətlərin götürülməsinə baxmayaraq, küçələrdə insanların sayı azdır. Onların bəziləri ilə apardığımız söhbətlərdən sonra bu qənaətə gəldik ki, rayon sakinləri virus aradan qalxmamasından, xüsusilə də son günlər yoluxanların sayının yenidən artmasından ehtiyat edirlər.

Rayondakı kafelərdən birinin sahibi iki gündür fəaliyyət göstərdiyini söylədi. Onun dediyinə görə, müştəriləri daha çox avtomobil sürücüləridir: “Alver çox zəifdir. Müştərilər sırasında taksi sürücüləri çoxluq təşkil edirlər, onlar da daha çox çay sifariş verirlər. Çayın qiyməti isə məlumdur. İşçilərin gündəlik əməkhaqqını və xərcliyimi güc-bəla ilə çıxarıram. Amma bu çətin günlərin müvəqqəti olduğunu düşünürük və tezliklə virusdan əvvəlki kimi müştərilərimizin çox olacağına ümidliyik. Əslində kafe pis yerdə deyil. İnsanların gediş-gəlişlərinin çox olduğu yerdədir. Amma 4 maydan hələ qısa müddət keçib və bəzi insanlar hətta məhdudiyyətlərin götürülməsindən belə xəbərsizdirlər. Bu səbəblərdən müştərilər azdır. Onu da deyim ki, əsas problemim kafenin kirayə haqqını bu ay ödəməyimlə bağlı olacaq. Bir aydan sonra bəlkə nələrsə düzəldi. Bu şəkildə davam etsə, məcburam kafeni təhvil verim”.

“Ləzzət” kafenin sahibi Akif Camalov da gileyləndi: “Gördüyünüz kimi, müştəri olduqca azdır. Günlər keçdikcə hər halda gələnlərin sayı artar. Havaların bir az sərt keçməsinin də təsiri var. Amma istənilən halda qoyulan qaydalara əməl edirik. Düşünürük ki, insanların sağlamlığı hər şeydən önəmlidir. Gələn müştəriyə ilk növbədə əl-üz yuyulan yeri göstəririk. Onlara qulluq edəndə xüsusi əlcəklərdən istifadə olunur. Girişdə spirt qoyulub. Kim istəsə, istifadə edir. Bu şəkildə virus təhlükəsi tam aradan qalxanadək işimizə davam edəcəyik”.

Ailəvi restorandan çıxan Anar adlı rayon sakini isə  bunları dedi: “Dünən, srağagün də kafelərdə olmuşam. Sıxlıqdan əsər-əlamət qalmayıb. Camaat sanki nədənsə çəkinir. Virus xofunu adlada bilmədiklərini deyə bilərəm. Məsələn, indi çıxdığım yerə gələndə bir nəfər aralıda uşağı və həyat yoldaşı ilə oturmuşdu. Bizdən başqa demək olar ki, kimsə yox idi. Ara-sıra tək-tük adamlar gəlib, tez də aradan çıxırdılar. Sən deyən qaydada yeyim-içim, kef edim, bunlar yoxdur. Həmişə buradan keçəndə daha çox yeməyi bu kafedə yeyirəm. Əvvəllər burada iynə atsan yerə düşmürdü. Bəzən yer boşalması üçün gözləyirdik. Mən burada olduğum müddətdə dörd nəfər tək-tək gəldi, başqa bir şəxs və mən də ailəmizlə oturmuşduq. Bu şəkildə davam edərsə, kafe işlədənlər üçün çox acınacaqlı vəziyyət yarana bilər. Onların əksəriyyəti icarəyə yer götürüb işlədir. Müştəri olmasa, yer haqqını heç cür verə bilməzlər. Bu vəziyyət deyərdim ki, təkcə Gədəbəydə yaşanmır. Mən tez-tez avtomobilimlə Şəmkir və digər yerlərə gedirəm. Son günlər orada da eyni vəziyyətlə rastlaşmışam”.

Çayxanada ofisant işləyən Nəcəf: “Bizim kafenin əsas müştəriləri yaşlı insanlar idilər. Çünki kafedə domino, nərd verilir. Əksər kafelərdə bunlar olmadığı üçün yaşlılar bura üz tuturdular. Virusla bağlı bu yaşda insanlara qoyulan qadağa öz təsirini açıq göstərir. Üç gündür işləyirik, tək-tük yaşlı insan gəlib. Onlar da tez dağılışıblar. Demək olar ki, bütün günü boş-bekarıq”.

Rayonun Zəhmət kəndində yerləşən “Şirxan” və Slavyanka kəndindəki “Meh” istirahət mərkəzlərində də olduq. Hər iki yerdə eyni mənzərə ilə rastlaşdıq. Müştərilər gözə çarpmırdılar...

Cavanşir ABBASLI,
Musavat.com,
Fotolar müəllifindir

Instagram

Tarix: 8-05-2020, 23:54
Xəbəri paylaş



Xəbər lenti