
ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumlarının artırılması barədə sərt qərar qəbul edib.
Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı bəyanatda ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarını “antiamerikan” adlandırıb və dərhal yeni addım atdığını açıqlayıb.
Onun sözlərinə görə, indiyədək tətbiq olunan 10 faizlik qlobal rüsum artırılaraq 15 faizə qaldırılır və qərar dərhal qüvvəyə minir.
“Onilliklər boyu bir çox ölkə ABŞ-ni cəzasız şəkildə talayırdı. Mən prezident olaraq qlobal tarifləri hüquqi cəhətdən icazə verilən maksimum səviyyəyə, 15 faizə yüksəldirəm”, - deyə Tramp bildirib.
Ekspertlər hesab edir ki, bu addım dünya ticarətində yeni qarşıdurma dalğası yarada, xüsusilə Çin, Avropa və Asiya bazarlarında cavab rüsumlarına səbəb ola bilər. Qərar həm də qlobal inflyasiya və enerji qiymətlərinə təsir göstərə biləcək addım kimi qiymətləndirilir.