Vladimir Zelenski Münhendəki çıxışında Rusiya prezidenti Vladimir Putin haqqında da danışıb.
Onun sözlərinə görə, Rusiya prezidenti yeni işğal planları qurur, qonşu Avropa ölkələrini nəzarətdə saxlamaq istəyir və müharibəsiz mövcudluğunu təsəvvür edə bilmir.
"Putin kafelərə getmir, nəvələrini uşaq bağçasına aparmır. O, normal həyatla maraqlanmır", - deyə Ukrayna lideri bildirib. "O, adi insanlarla müqayisədə ərazi iddiaları ilə bağlı İmperatriça Yekaterina və Çar Pyotrla daha çox vaxt keçirir. Onu müharibəsiz təsəvvür edə bilərsinizmi? Ukraynada heç kim onun xalqımızı dinc qoyacağına inanmır... O, özünü çar kimi görür, amma əslində müharibənin köləsidir" deyə, o bildirib.
Musavat.com bildirir ki, Vladimir Zelenski "Politico"ya verdiyi müsahibədə isə özünü azad insan hesab etdiyini deyib və Rusiya prezidenti Putinlə arasındakı yaş fərqinə də diqqət çəkərək, daha gənc olduğunu(48 yaş) qeyd edib və Putinin(73) çox vaxtı qalmadığını irəli sürüb.
"Mən azad insanam və Putindən də cavanam, bilirsiniz. Xeyr, xeyr, inanın mənə, bu vacibdir. Onun çox vaxtı yoxdur, Allah qoysa, çox vaxtı yoxdur", - deyə Zelenski bildirib.
Zelenski nəşrə müsahibəsində Ukraynanın əsas kompromisini "Putini həbsxanaya salmamaq" adlandırıb. "Biz bir çox kompromislərə nail olmuşuq. Putin və dostları həbsxanada deyillər. Bu, dünyanın indiyə qədər etdiyi ən böyük kompromisdir", - deyə Zelenski bildirib.
“Kiyev rejiminin lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin yaşı haqqında danışmaqla sadəcə onun zəifliyini nümayiş etdirir.” Musavat.com xəbər verir ki, Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında bildirib.
O hesab edir ki, Zelenski bu cür ifadələrdən istifadə edərək hər kəsi özünün gənc olduğuna inandırır, çünki bu, onun əsas üstünlüyüdür. "Gürcüstanın keçmiş prezidenti Saakaşvili bir daha oxşar üstünlüklər iddia etdi. Hamımız onun hazırda harada olduğunu bilirik", - deyə Volodin yekunlaşdırıb.