Müdafiə nazirini “ağ əlcək” kimi dəyişməyə məcbur olan Ermənistanda gündəmi əvvəlkitək Azərbaycan müəyyən edir
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin etdi. Onlardan 3-ü kapitulyasiya aktından sonra təyin edilib.
Sonuncu müdafiə naziri Arşak Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub. Azərbaycan ərazilərinə qanunsuz səfər edib, Qaragöl ətrafında təxribatlar törədilib, mövqelərimizin atəşə tutulması intensivləşib və s. Sonuncu dəfə Azərbaycan Müdafiə Nazirliyi noyabr ayının 10-da sərt xəbərdarlıq etdi ki, Ermənistanın dağılmış hərbiyyəsi “təxribatları gələcəkdə təkrarlayarsa, Bakının görəcəyi tədbirlər daha sərt və təsirli olacaq. Nəticəni isə çox gözləmək lazım gəlmədi. Azərbaycan tərəfinin sərt və təsirli addımlarını hiss edən Ermənistan rəhbərliyi təxribatlara əl atan naziri dəyişmək məcburiyyətində qaldı. Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edildi. Prezident Armen Sərkisyanın müvafiq əmri ilə bu vəzifəyə baş nazirin müavini Suren Papikyan təyin edildi. Arşak Karapetyan bir neçə ay əvvəl bu vəzifəyə təyin edilmişdi.
Artıq məlumatlı mənbələrin xatırlatdığı kimi, Suren Papikyanın 35 yaşı var, tarix müəllimidir. Papikyanın özünün dediyi kimi, “başqa dövlətin” hərbi xidmətində olarkən komandirini bıçaqlayıb, buna görə məhkum olunub, İrəvan “Nübaraşen” həbsxanasında iki il cəza çəkib, amnistiya ilə azadlığa buraxılıb. Kadr dəyişikliyinə səbəb Ermənistan ordusunun Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində üzləşdiyi növbəti rüsvayçılıqla bağlı olduğu iddia olunur. Xəbər verildiyi kimi, Arşak Karapetyanın əmri ilə erməni silahlı bölmələri həmin istiqamətdə mövqelərini irəli çəkməyə və Azərbaycan Ordusunun mövqelərinin təminat yollarını kəsməyə cəhd göstərib. Buna cavab olaraq Azərbaycan Ordusu sürətlə əlavə qüvvə və hərbi texnika cəlb edərək erməni əsgərlərini geri çəkilməyə məcbur edib, üstəlik, onları əvvəlki postlarından da qovub çıxarıb. Bu bir daha göstərir ki, müdafiə nazirini “ağ əlcək” kimi dəyişməyə məcbur olan Ermənistanda gündəmi əvvəlkitək Azərbaycan müəyyən edir. Əgər Suren Papikyan da Arşak Karapetyan kimi təxribatlarla, bölgədə gərginliyi artırmaqla məşğul olarsa, onun da vəzifədə sürəsi uzun sürməyə bilər.
Arşak Karapetyan son vaxtlar Moskva ilə çox yaxınlaşmışdı, bu vəzifədən qovulmanın səbəbləri sırasında ola bilərmi? Moskvadakı dairələrin təsiri altına düşərək Ermənistanı zora, Azərbaycanla yeni qarşıdurmaya soxa bilərdimi?Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Paşinyanın hələ inandığı müdafiə nazirini tapa bilmədiyini düşünür: “Müdafiə nazirlərinin tez-tez dəyişdirilməsi Paşinyanın normal siyasət yeridə bilməməsindən, hakimiyyət böhranından xəbər verir. Paşinyan tam arxayın ola biləcəyi müdafiə naziri axtarır, amma görünür ki, hələ tapa bilmir. Karapetyan kifayət qədər iddialı görünürdü, amma hakimiyyətə yeni problemlər yaratmaqdan başqa bir iş görə bilmədi. Sizin də qeyd etdiyiniz kimi, daha çox Moskvaya bağlı idi, Paşinyanın deyil, Kremlin tapşırıqlarını yerinə yetirirdi. Paşinyan həddindən artıq gərgin vəziyyətdədir. Bu, onun hərəkətlərində özünü göstərir. Vəziyyətdən çıxmağa çalışılır, Azərbaycanın haqlı tələblərini yerinə yetirməli olduğunu başa düşür. Amma kadrları ona bu istiqamətdə addım atmağa imkan vermirlər. Bununla Paşinyana müsbət imic yaratmaq fikrində deyilik, o da digər kəmağıl ermənilərdən fərqlənmir. Sadəcə, reallığı başa düşür, vəziyyətdən çıxmağa, yəni Azərbaycanın qanuni tələblərinə əmək etməyə çalışır. Yeni nazir onun ümidlərini doğruldacaqmı, cavab vermək çətindir. Bəlkə də kadr hərbçisi olmaması onun daha sözəbaxan olacağına ümidlər verir. Digər keyfiyyətləri ilə bağlı ziddiyyətli məlumat verilir. Hər halda, yaxın günlərdə onun da nə ”frukt" olduğu ortaya çıxacaq. Bir şey aydındır ki, Ermənistanın bu vəziyyətində yeni gələn hər hansı nazirin əvvəlkindən yaxşı olacağı ehtimalı azdır. Ermənistan “bataqlıq sindromu”ilə aşağıya enməkdə davam edir".
Siyasi şərhçi Əhəd Məmmədli Rusiya tərəfin bu təyinatdan razı qalmadığını qeyd etdi: “Ermənistanda son bir ildə 4 müdafiə nazirinin dəyişməsi ötən əsrin 90-cı illərdə Azərbaycanda tez-tez dəyişdirilən müdafiə nazirlərini xatırladır. Tarix bir növ təkrarlanır, bu dəfə erməni tərəfində. Bu ondan xəbər verir ki, Ermənistan ordusu hazırda Rusiyanın nəzarətindədir. Ola bilsin ki, Karapetyanın Qarabağa qanunsuz səfərindən Paşinyanın xəbəri olmasın. Azərbaycan Ordusunun ciddi xəbərdarlığından sonra olsun ki, Paşinyan bu addımı atmağa məcbur oldu. Düzdür, yeni müdafiə naziri təyin olunan kimi dörd rayonumuz atəşə tutuldu. Ola bilər ki, bu, Rusiyanın Paşinyana cavabı olsun. Erməni ordusunda olan əlaltıları vasitəsilə istifadə edə bilər. Yəni yeni təyinatdan Kreml razı deyil, belə başa düşülür. Ermənistan daxilindəki ”Beşinci kolon"la bacara bilmirsə, o zaman problemi Azərbaycan özü həll etsin. Ermənilərə layiqli cavabın növbəti dəfə verilməsinin vaxtı çatıb. Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir".
Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Ermənistanın müdafiə naziri Arşak Karapetyanın vəzifədən uzaqlaşdırılması əsasən Azərbaycanla son insidentlər və Kremlin sifarişini yerinə yetirməsindən irəli gəlir. Karapetyan Paşinyana problemlər yaradırdı və vəzifədən də uzaqlaşdırıldı. Ümumiyyətlə, Karapetyan Rusiyaya bağlı biri idi və ordunu sabah hakimiyyətə qarşı qaldıra bilərdi. Paşinyanın indiki kadrı mülki şəxsdir və demək olar ki, öz kadrı hesab etmək olar. Amma Kreml tərəfindən bu istiqamətdə təzyiqlər olacaq. Rusiya məhz Ermənistan silahlı qüvvələri vasitəsilə daim bu ölkənin siyasi müstəvisinə təsir və təzyiq edib. Paşinyan orduda ona qarşı müxalifəti tam təmizləyir. Bu, Azərbaycanla əlaqələrə də müəyyən müsbət təsir edə bilər. Təbii ki, Karapetyan çalışır ki, Ermənistanla Azərbaycan arasında münasibətlər qurulmasın. Moskvanın göstərişı ilə hərəkət edirdi. Suren Papikyan isə Paşinyanın iradəsindən kənar addım atmayacaq. Paşinyan orduda tam təmizləmə aparır”.
Ermənistanda müdafiə naziri təyin olunan Suren Papikyan bu vəzifədə müvəqqəti adamdır və onun əsas işi nazirlikdə təmizləmə aparmaqdan ibarətdir. Bu haqda Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır.“Bizim hökumətdəki mənbələrimiz deyirlər ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yeganə məqsədlə göndərib-orada nə baş verdiyini araşdırmaq. Məsələ ondadır ki, Müdafiə Nazirliyinin daxilində didişmə gedir, hərbçi məmurlar bu və ya digər işə görə məsuliyyəti bir-birilərinin üzərinə atırlar, bir-biriləri haqda yüksək rəhbərliyə çuğulluq edirlər”- qəzet yazır.
Bildirilir ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca silkələmək niyyətindədir. Nəticədə isə bir çox başlar gedəcək, o cümlədən yüksək rütbəli hərbçilər öz vəzifələrini itirəcək. Baş qərargah rəisi Artak Davtyanın müavinləri və bir çox generallarla birlikdə işdən çıxarılacağı gözlənilir.
“Past” qəzeti isə yazır ki, Müdafiə Nazirliyində dəyişikliklər nazirin dəyişməsi ilə başa çatmayacaq, nazirliyin və baş qərargahın strukturunda radikal dəyişikliklər aparılacaq.
Tarix: 17-11-2021, 09:11