Rusiya Ukrayna sərhədinə çoxlu sayda əsgər və sursat göndərdikdən sonra ABŞ Avropa İttifaqına xəbərdarlıq edib.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ hakimiyyəti son hadisələrlə bağlı Avropa İttifaqı rəsmilərinə regionu yaxından izlədiyini bildirib.
ABŞ həmçinin Aİ ölkələri ilə qaçqın və enerji böhranı davam etdiyi bir vaxtda Moskvanın Ukraynaya müdaxiləsinin mümkün olduğunu bildirib.
Verilən məlumatda ABŞ-ın Avropa İttifaqı ilə bəzi sənədləri paylaşdığı da qeyd edilib.
Rusiya isə Ukrayna ilə bağlı baş verənlərin daxili işlər olduğunu bildirərək ABŞ-ı ittiham edib. Rusiya rəsmiləri ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərməklə təxribat törətdiyini irəli sürüb.
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsi son vaxtlar regionda gərginliyi artırıb. Almaniya kansleri Angela Merkel dünən Rusiya prezidenti Putinlə görüşüb. Putin Ukraynanın silahlı pilotsuz təyyarələrdən istifadəsinin razılaşmaları pozduğunu, ABŞ-ın Qara dənizdəki hərbi fəaliyyətinin də narahatlığa səbəb olduğunu bildirib.