Efiopiyanın Türkiyə ilə “Bayraktar TB2” dronları ilə bağlı müqavilə imzalaması qonşusu Misiri qəzəbləndirib.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Misir ABŞ və Avropa ölkələrindən bu anlaşmanın dayandırılması üçün Efiopiyaya müdaxilə etmələrini istəyib.
“Röyters”in iddiasına görə, Qahirə diplomatik kanallar vasitəsilə bununla bağlı ABŞ və bəzi Avropa ölkələrinə müraciət ünvanlayıb.
Qarşı tərəfdən Misir hökumətinin müraciətinə hansı cavabın verildiyi bildirilməyib.
Efiopiyanın Türkiyədən “Bayraktar” alması isə digər Afrika ölkələrini də hərəkətə keçirib. Afrikada Türkiyədən dron alacaq üçüncü ölkənin Ruanda olacağı bildirilib.
Ruandanın Mozambikin Cabo Delqado bölgəsində fəaliyyət göstərən terror təşkilatları ilə mübarizədə istifadə etmək üçün 12 ədəd “Bayraktar TB2” satın almağa cəhd etdiyi iddia olunub.
Mərakeş Afrikada Türkiyədən Bayraktar alan ilk ölkədir. Nigeriyanın da “Bayraktar TB2” almaq cəhdləri barədə məlumat yayılıb.