Müəlliflər: Zülfüqar Ağayev və Qolnar Motevalli İran Azərbaycanla sərhəddə hərbi mövcudluğunu genişləndirir. Səbəb iki qonşu dövlət arasında İsrail üzündən yaranmış mübahisədir. Görünən odur ki, bu lokal “əzələ oyunları” daha ciddi qarşıdurmaya səbəb ola, bütün regiona yayıla bilər. Bu gün Cənubi Qafqaz bölgəsindən keçən neft-qaz kəmərləri vasitəsilə Avropaya böyük həcmdə enerji resursları tədarük edilir. Üstəlik, bu regionda Rusiya ilə Türkiyənin də ciddi maraqları var. 1. Mübahisəyə səbəb nədir? Tehranla Bakı arasında gərginlik son dövrlərdə artıb. Buna İranın bir bəyanatı səbəb olub. Tehran bəyan edib ki, Azərbaycan iki ölkə sərhədinin yaxınlığında İsrail hərbçilərinin iştirakına icazə verib. “İsrailin iştirakı”na istinad edən İran oktyabrın 1-də Azərbaycanla sərhədin yaxınlığında hərbi təlimlərə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində, İsrail qüvvələrinin iştirakı ilə bağlı iddiaları təkzib edib və buna cavab olaraq müttəfiqi Türkiyə ilə birgə hərbi təlimlərə başlayıb. Başqa sözlə, İran Azərbaycanla İsrail arasında xüsusilə hərbi sahədə əməkdaşlıqdan narahatdır. Tehranda yəhudi dövlətinin onun nüvə obyektlərinə gizli hücumlar etdiyinə dair şübhələr var. İranla Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanı olan ölkələrdir. Bundan başqa, onların güclü dil və etnik bağları da var. Üstəlik, İranla Azərbaycan çoxəsrlik tarixi bölüşür. Bütün bunlara baxmayaraq, Azərbaycanla qonşusu Ermənistan arasında Dağlıq Qarabağ regionu üzündən baş vermiş ötənilki müharibədən sonra Tehran-Bakı münasibətlərində gərginlik durmadan artır. 2. Ermənistanla Azərbaycan arasındakı son müharibə nə ilə nəticələnib? Azərbaycan Ermənistan üzərində qazandığı qələbə nəticəsində 1990-cı illərin əvvəllərindən erməni işğalı altında olan, İranla sərhəd bölgədə yerləşən ərazilərini geri qaytarıb. Söhbət 130 kilometr (81 mil) uzunluğa malik sərhəddən gedir. İndi Bakı İranı Azərbaycan əraziləri vasitəsilə Ermənistana birləşdirən avtomobil magistralı üzərində nəzarəti də bərpa edib. Bu magistral Qara dəniz və Rusiyaya uzanan vacib ticarət marşrutunun üzərində yerləşir. İndi Azərbaycan Ermənistana yük daşıyan İran maşınlarından rüsum tutmağa başlayıb. Bu isə Tehranın qəzəbinə dəbəb olub. Çünki Bakının son qərarı faktiki olaraq Ermənistanla İran arasında ticarət əlaqələrini iflic edib, İranın daha uzaq bazarlara çıxışına problem yaradıb. Amma Bakı bunadək Tehrandan ermənilərin yaşadığı Dağlıq Qarabağa yük daşımalarının dayandırılmasını dəfələrlə tələb etmişdi. Azərbaycan prezidenti İlham Əliyev son açıqlamalarından birində İranı bu tələblərə məhəl qoymadığını bildirmişdi. İndi Yerevanla Tehran Azərbaycandan yan keçəcək alternativ yolun tikintisi ilə bağlı müzakirələr aparır. 3. Baş verənlər nələrə yol aça bilər? İranla Azərbaycan arasında gərginlik regional enerji layihələrinə təhdid yarada bilər. Xatırladaq ki, BP və onun tərəfdaşları 1994-cü ildən bəri Azərbaycanda neft-qaz sahəsinin inkişafı və enerji resurslarının nəqli ilə bağlı layihələrə 70 milyard dollardan çox investisiya qoyub. Məsələn, 1768 kilometr (1098 mil) uzunluğa malik Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan dəniz limanı ilə birləşdirir. Bundan əlavə, Bakı Gürcüstan və Türkiyədən keçərək Avropaya qədər uzanan, ümumilikdə 3500 kilometrlik qaz kəmərlərinin tikintisində iştirak edib. Bu il dekabrın 31-dən etibarən isə o, Yunanıstan və İtaliya daxil olmaqla, Avropa İttifaqı ölkələrinə ABŞ-ın da dəstəklədiyi “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə qaz tədarükünə başlayıb. 4. Gərginlik münaqişəyə çevrilə bilərmi? İranın Azərbaycan-İsrail əlaqələrindən narahatlığı yenilik deyil. Amma son hərbi təlimlər gərginliyin indiyədək olmadığı qədər yüksək həddə çatdığını göstərir. İranın ali dini lideri Əli Xamenei oktyabrın 3-də qonşu ölkələri xarici qüvvələri öz ərazilərində gizlətməkdən çəkinməyə çağırıb. Doğrudur, o, öz çıxışında Azərbaycanın adını çəkməyib. Amma dini liderin müraciəti onun “Twitter” hesabında Azərbaycan dilində dərc edilib. Tehranı narahat etmiş daha bir məsələ Azərbaycanın onun sərhədləri yaxınlığında Türkiyə və Pakistanla birgə ötən ay keçirdiyi hərbi təlimdir. 85 milyonluq İran əhalisinin təxminən üçdə birinin azərbaycanlı olması isə vəziyyəti daha da qəlizləşdirir. Onların əksəriyyətinin Azərbaycanla güclü bağlılığı var. Odur ki, iranlı rəsmilər iki ölkə arasında qarşıdurmanın daha da pisləşəcəyi halda separatçılıq dalğasına imkan verməmək haqda da düşünür. 5. Münaqişəyə hansı ölkələr cəlb oluna bilər? Tərəflər arasında hərbi əməliyyatların alovlanması bu ilin iyununda Azərbaycanla müdafiə sahəsdində müqavilə imzalamış NATO üzvü Türkiyəyə də təsir göstərəcək. Ankara Azərbaycana hücum olacağı təqdirdə Bakıya yardım göstərəcəyinə söz verib. Ümumiyyətlə, Türkiyə uzun illərdir Azərbaycana hərbi sahədə dəstək verən əsas dövlətdir. Ankara Bakını Ermənistanla son müharibəsi zamanı da silah tədarükü və məsləhətçilər vasitəsilə açıq şəkildə dəstəkləyib. Bu gün Türkiyə qüvvələri Ermənistanla Azərbaycan arasında atəşkəsin monitorinqini aparmaq üçün bölgəyə gətirilib. Onlar bunu Rusiya ilə birlikdə edirlər. Xatırladaq ki, hazırda Dağlıq Qarabağ regionunda 2 min rusiyalı sülhməramlı xidmət aparır. Bu arada, Rusiyanın Ermənistanda hərbi bazası var. Moskva ilə Yerevan arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi də mövcuddur. Bunun fonunda son müharibədən sonra Azərbaycanla Rusiya arasında münasibətlər bir qədər gərgindir. Səbəb Yerevanla Bakı arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamənin reallaşdırılması ilə bağlı yaranan problemlərdir. 6. İran İsrailin regiona gəlişindən niyə narahatdır? Tehran Azərbaycanla yəhudi dövləti arasında əlaqələri milli təhlükəsizliyinə təhdid sayır. İranda düşünürlər ki, İsrail Azərbaycanla yaxın münasibətləri sayəsində uzun illərdir dronlar vasitəsilə onu izləyir. Məlumdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İsrailin mürəkkəb kəşfiyyat və hərbi dronlarının alıcısıdır. İran isə yəhudi dövlətini nüvə obyektlərinə hücumda, ötən il nüvə proqramı ilə bağlı yüksək rütbəli ekspert daxil olmaqla, 5 alimin qətlə yetirilməsində ittiham edir. İranın nüvə silahını əldə etməsinin qarşısını alacağına söz verən İsrail bu ittihamları nə təkzib edir, nə də təsdiqləyir. 7. Azərbaycanla İsrail bir-birinə nə təklif edir? Azərbaycan İsrailə neft tədarük edən əsas ölkədir. İsrail isə əvəzində, Azərbaycana yüksək texnologiyalı dronlar və digər silahlar satır. Bu, Azərbaycanın son müharibədəki qələbəsində həlledici rol oynayıb. Yeri gəlmişkən, Stokholm Beynəlxalq Sülh İnstitutunun hesabatında deyilir ki, 2011-2020-ci illərdə İsrail Rusiyadan sonra Azərbaycana silah tədarük etmiş ikinci dövlət olub. İnstitutun hesabatına görə, 2016-2020-ci ilərdə İsrailin silah ixracının 17%-i məhz Azərbaycanın payına düşüb. İranın etirazına baxmayaraq, Azərbaycan israilli liderləri dəfələrlə qəbul etsə də, Azərbaycanın heç bir prezidenti indiyədək İsrailə rəsmi səfərə yollanmayıb. Bakı iki ölkə arasında münasibətlərə çox həssas yanaşır. İsrailin Bakıda səfirliyi olsa da, Azərbaycan hələ də Təl-Əvivdə diplomatik missiya açmayıb. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |