“Gürcü arzusu” Saakaşvilini həbsdə saxlaya biləcəkmi?...



“Əsgərlər, atəş açmayın! Bu, mənəm - sizin imperatorunuz!” - bəli, böyük Napoleon Elba adasından məhz bu sözlərlə Parisə qayıtmışdı.
Əlbəttə, hər bir müqayisə qüsurludur. Hətta elə müqayisə olur ki, nəninki ironiya, həm də sarkazm yaradır. Bu baxımdan biz heç bir halda Saakaşvilini Napoleonla müqayisə etmək fikrində deyilik, ən azı ona görə ki, gürcü polisi öz keçmiş prezidentinin qollarından yapışıb onu ən adi cinayətkarlar kimi həbsxanaya sürüklədi.
Bəs onda Saakaşvili nəyə ümid edirdi? Əvvəlcə onu qeyd edək ki, Saakaşvilinin xarakterində siyasi avantüraya meyl var. Amma əsas motiv bu deyildi. Sonuncu parlament seçkilərindən sonra Gürcüstan hakimiyyətilə Avropa arasında bir az soyuqluq yaranmışdı - qitənin demokatik ölkələri və təşkilatları parlament seçkilərinin yenidən, təkrar keçirilməsini tələb edirdilər. Amma hakim “Gürcü arzusu” buna razılıq vermirdi.
Odur ki, sonuncu bələdiyyə seçkiləri daha bir ümid idi və belə güman olunurdu ki, bu seçkilər demokratik keçirilsə, o halda Gürcüstan ilə Avropa ölkələri arasında münasibətlər yoluna qoyular. Amma artıq Saakaşvili olayından sonra demək olar ki, belə olmayacaq, seçki vaxtı eks-prezidentin həbsindən sonra ölkədə demokratik mühitin olduğunu heç kim iddia etməyəcək.
Üçüncüsü, Saakaşvili beynəlxalq dəstəyə arxayın idi. Hətta ABŞ-da belə onun həbsindən xəbərdardırlar və bunu nəzərdə saxlayırlar. Biz hələ rəsmi Kiyevi və digər ölkələri demirik.
Bəs prosesin evolyusiyası necə olacaqdır? Hələlik ilkin məlumatlara görə, hakim “Gürcü arzusu” yerli seçkiləri udub, Saakaşvilinin partiyası isə ikinci yerdə qərarlaşıb. Amma “Gürcü arzusu”nun ulduz saata arxada qalıb. Onun lideri B.İvanişvili ilin əvvəlində siyasi səhnəni tərk etdi, halbuki heç kim üçün sirr deyildi ki, İvanişvili hakim partiyanın “pul kisəsi” idi.
İndi prezident də daxil olmaqla hamı bəyan edir ki, Saakaşvili əfv olunmayacaq. Odur ki, Gürcüstanı qalmaqallı siyasi proses, səs-küylü məhkəmə gözləyir.
Amma cəmiyyətdə müəyyən yorğunluq var. Saakaşvlinin Gürcüstana dönüşü ərəfəsində bir neçə təşkilat bəyan etmişdi ki, onlar eks-prezidentin təhlükəsiz qayıdışını təmin edəcəklər. Amma hələ ki, hansısa bir piket və ya aksiya haqqında məlumat yoxdur.
Saakaşvili Gürcüstanda bir çox müsbət başlanğıcların əsasını qoydu. Amma ən böyük siyasi iş, islahat oldur ki, onun sayəsində insanlar evlərində rahat yata bilirlər. Saakaşvilinin vaxtında məhz bu yox idi. Bir vaxt bir gürcü eksperti dedi ki, heç kim arxayın deyildi ki, polis maşını onun evinin qabağını kəsdirməyəcək.
Bəli, 1937-ci ilin ab-havasını xatırladan bu vəziyyəti insanlar heç vaxt unutmayacaqlar və unutmular. Bəli, demək olar ki, əgər sən təmiz və vicdanlı vətəndaşsansa heç nədən qorxmamalısan. Amma belə deyil. Hər bir insan təmiz və vicdanlı olduğunu sübut edincə, necə deyərlər, dərisi boğazından çıxırdı. 37-ci ildə də belə olmuşdu. Onda məgər insanları elə təmiz və vicdanlı olduğuna görə təqib etmirdilərmi?..
Ona görə də konkret bir söz deyə bilmirik. Ola bilsin ki, Saakaşvilini müdafiə edənlər hərəkətə keçəcək və eks-prezident azad olacaq. Bunu ona görə deyirik ki, İosif Stalinin bu vaxta qədər dəstəyi var. Bu mənada Saakaşvilinin niyə olmasın?
Həm də uzun zaman hakimiyyətdə olmasına rəğmən hakim partiya özünün özəl uğurları ilə öyünə bilmir, hər şey Saakaşvili dövründən qalmadır. “Gürcü arzusu” Rusiya ilə münasibətləri yoluna qoya bilmədi, xarici siyasət kursu əvvəlki istiqamətdə davam edir. Dəyişiklik yalnız ondadır ki, ölkə daxilində nisbətən boşluq yaranıb, amma bu da korrupsiyanın təzədən dirçəlməsinə gətirib çıxarıb. Odur ki, sürprizlər çox ola bilər. Bütün hallarda gürcü hakimiyyətinə Saakaşvilini həbsdə saxlamaq çətin olacaq...

Hüseynbala Səlimov
Tarix: 5-10-2021, 14:26
Xəbəri paylaş



Xəbər lenti