Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video

Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - VideoKabil, Əfqanıstan

“Taliban” hakimiyyətə gələndən sonra Kabil fərqli libasa bürünüb. Əlbəttə, buna qədər də Əfqanıstan paytaxtı xoş təəssürat buraxmırdı, boz obrazı vardı. Amma indi son illər az-çox unudulmağa başlanan mənzərə müşahdiə olunur. Qadınlar sanki qeybə çəkilib. Şəhərin mərkəzində yalnız ailəsi ilə birlikdə attraksionların yanında bir neçə çarşablı qadın görmək mümkündür. Əyləncə yerləri əsasən kişilərə xidmət göstərir.

Bizimyol.info xəbər verir ki, Kabildə xeyli uşaq küçələrdə ac-yalavac dolaşır. Qərb mətbuatının videolarının birində azyaşlıların çörək mağazasının qarşısına necə toplaşdığı görünür. Onlara boyat çörəklər paylayırlar. Hamı payını almaq üçün mübarizə aparır.
Axşamlar mərkəz küçələr qaynayır. Bir çox obyektlərin işıqları insanları özünə cəlb edir. Toyuq kababının iyi ətrafa yayılıb. Amma bu həm də ac insanlar üçüç kədərli mənzərə yaradır.
Kabildə ciddi yoxlama var. Şəhərin giriş və çıxışındakı postlarda avtomobilləri saxlayıb baqajına baxırlar. Hətta sürücülərin üst-başı yoxlanılır.
Şəhərdə silahlı adam çoxdur. Buna baxmayaraq, tirin müştərisi az deyil. Burada əlinə tüfəng alan kişilər mümkün qədər dəqiq olmağa çalışır.
Küçələr əsasən toz içindədir. Asfalt yollar çox azdır. Yolların əksəri sıradan çıxıb.
Əfqanıstan çoxdandır xarici ölkələrin, təşkilatların köməyindən asılı qalıb. BMT əhalini ən vacib tələbat malları ilə təmin etmək üzərində düşünür. Bunun üçün Əfqanıstan sakinlərinə 1.2 milyard avro ayrılacaq.
“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdiyini avqustun 15-də elan etmişdi. Həmin gün xeyli insan Kabil aeroportuna üz tutmuşdu. Onlar bütün mümkün yollarla ölkəni tərk etməyə çalışırdı. Avqustun ortalarından indiyə qədər onminlərlə əfqanın vətənindən getdiyi bildirilir. Qərb mənbələri azı 1 milyon Əfqanıstan vətəndaşının ölkəni tərk etməyi arzuladığını xəbər verir. Gedənlər əsasən Belarusa və Türkiyəyə üz tutur. Əfqanlar buradan Şengen zonasına keçməyə ümid edir.
Əfqanıstanın qadınlardan və qızlardan ibarət milli komandaları ölkəni daha rahat tərk edə bilib. Futbolçulara Avropada siyasi sığınacaq verilib.
Bizimyol.info

Tarix: 28-09-2021, 10:45
Xəbəri paylaş



Xəbər lenti