Serbiyadan ayrılan və müstəqilliyi ABŞ başda olmaqla bir sıra Qərb ölkələri tərəfindən tanınmış Kosovo bölgəsində vəziyyət gərginləşib. Serbiya hökuməti bəyan edib ki, Kosovoda etnik serblərin sıxışdırılmasına laqeyd qalmayacaq və əgər NATO tədbir görməsə bölgəyə öz qoşunlarını yeridəcək.
virtualaz.org xəbər verir ki, 90-cı illərin ortalarında qanlı müharibələrin getdiyi bu bölgədə növbəti eskalasiyaya səbəb Kosovo hakimiyyətinin etnik serblərin Serbiya nömrə nişanlı avtomobillərdən istifadə etməsini məhdudlaşdırması olub. Kosovo polisi elan edib ki, Serbiya nömrə nişanlı avtomobillər bu bölgəyə daxil ola bilməz və bunun üçün vilayətin müvəqqəti nömrə nişanı alınmalıdır. Bu da Kosovoda yaşayan etnik serbləri hiddətləndirib.Kosovonun şimalında yaşayan etnik serblər sentyabrın 20-də Priştina (Kosovonun inzibati paytaxtı)-Belqrad avtomobil yolunun üzərində yerləşən “Yarine” nəzarət-buraxılış məntəqəsi qarşısında dinc mitinq keçiriblər. Kosovo polisi toplaşanlara qarşı gözyaşardıcı qaz tətbiq edib, amma serblər dağılışmaqdan imtina ediblər. Kosovo hakimiyyəti bu etirazların ardınca Serbiya ilə inzibati sərhəddəki nəzarət-buraxılış məntəqələrinə xüsusi təyinatlılar və snayperlər, zirehli texnika yerləşdirib. Rəsmi Belqrad bu hadisələri Kosovo separatçı hakimiyyətinin etnik serbləri vilayətin ərazisindən sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib.
Serbiya ordusunun tankları Kosovo ilə inzibati sərhədlərə doğru hərəkət edir...
Yaranmış vəziyyətlə bağlı Serbiya Kosovo ilə inzibati sərhədlər boyu ordu hissələri yerləşdirib, Serbiya ordusunun vertolyotları sərhəd boyu uçuşlar keçirir. Serbiya prezidenti Aleksandr Vuçiç NATO Baş katibi Yens Stoltenberglə telefon danışığı aparıb. O, NATO-nu Kosovoda yaranmış vəziyyətə müdaxilə etməyə çağırıb.“Biz bunu birmənalı şəkildə göstərmişik və NATO Baş katibi Yens Stoltenberglə telefon danışığımda da bunu təkrarladım ki, Serbiya bölmələri ora daxil olmayacaq. Biz heç bir halda sülhü təhdid altına atmaq istəmirik. Sülh bizə hər şeydən vacibdir. Ona görə də dedim ki, biz NATO olaraq sizi 24 saat gözləyəcəyik. Və ancaq bundan sonra bizim əhaliyə qarşı poqrom davam edərsə Serbiya reaksiya verəcək və imkan verməyəcək ki, 1990-cı illərdə və 2004-cü ildə baş verənlər təkrarlanmasın”-Vuçiç yerli Pink TV-yə müsahibəsində deyib.
Bununla belə Serbiya ordusunun və polisinin Kosovoya daxil olması 1999-cu il sülh razılaşmasına əsasən mümkün deyil. Bu da Vuçiçin əl-qolunu bağlayır. Daxili işlər naziri və keçmiş müdafiə naziri Aleksandr Vulin isə bildirib ki, güc strukturları zorakılığın eskalasiyasına cavab verməyə hazırdır, amma münaqişədən qaçmağa çalışır.
Yaranmış vəziyyətlə bağlı Rusiyanın Belqraddakı səfirliyi də bəyanat yayıb. Bildirilir ki, Serbiya rəhbərliyi Kosovonun şimalında gərginləşən vəziyyətlə bağlı təmkinli davranır. Və ötən gün baş nazirin müavini və müdafiə naziri Neboşa Stefanoviç, Serbiya silahlı qüvvələrinin Baş qərargah rəisi Milan Moysiloviç Rusiya səfiri Aleksandr Botsan-Xarçenko və hərbi attaşe, general Aleksandr Zinçenko ilə birlikdə Serbiya ordusunun Kosovo və Metoxiya bölgələri yaxınlığındakı mövqelərinə baş çəkiblər. Səfirlik Priştinadakı vəziyyətin normallaşması üçün yeganə yolun tərəflərin böhrandan əvvəli vəziyyətə geri qayıtması və “birtərəfli qərarları ləğv etməsi” olduğunu bildirir.
Tarix: 27-09-2021, 15:12