Ermənilər üçün fəlakətli sentyabr ayı

Hüquq müdafiəçisi Anar Məmmədli
İkinci Qarabağ müharibəsinin ildönümü yaxınlaşarkən Ermənistan-Azərbaycan münaqişəsinin tarixində xüsusi yeri olan və Vahid/Böyük Ermənistan ideyasına zərbə vuran başqa müharibəyə diqqət çəkmək istərdim. Söhbət 101 il öncə Cumhiriyyətçi Türkiyə ilə birinci Ermənistan Respublikası arasında müharibədən gedir.
Qurtuluş savaşında Şərq cəbhəsi komandanı olan Kazım Karabəkir Paşa 1920-ci ilin iyulunda qısa müddətli hücumla erməni hərbi qüvvələrini Oltudan (Ərzurum) çıxarır. Ardınca daha da irəliləyərək, Ermənistanı Şərqi Anadoluda tutduğu digər ərazilərdən çıxarmaq istəyir. Ancaq bolşevik Rusiyası, Fransa və ABŞ-la açıq/gizli diplomatik danışıqlarda olan Mustafa Kamal ona gözləməyi tapşırır.
Çox keçmir ki, 1920-ci ilin avqustunda Antanta dövlətləri ilə Osmanlı sultanlığı arasında Sevr müqaviləsi imzalanır. Bu sənədə görə həmin dövrdə Kars vilayətinə nəzarət edən Ermənistanın sərhədləri qərbdə Ərzurum, cənubda Van-Bitlis, şimalda isə Trabzonadək genişlənəcəkdi. Ancaq Ankara hökuməti bu sənədi tanımır və Kars vilayətinin (söhbət 93 Harbində itirilmiş ərazilərdə Çar Rusiyasının yaratdığı vilayətdən gedir) Türkiyəyə qaytarılması üçün hərəkətə keçir. ABŞ-ın hərbi dəstəyinə ümid edən Yerevan hökuməti Azərbaycanı işğal etmiş Bolşevik Rusiyasının vasitəçilik təşəbbüslərini eşitmir. Və Türkiyənin hərbi manevrlərinə qarşı sentyabrın 24-də erməni ordusunun əks-hücuma başlayır. Karabəkir Paşa ordunun hərbi əməliyyat planının son hazırlıqlarını bitirərək, sentyabrın 28-dən noyabrın 7-dək davam edən 40 günlük müharibəyə başlayır və indiki Ermənistana daxil olur. Nəticədə Ermənistan ordusu Ərzurum, Kars, İğdır, Ağrı və Artvinlə yanaşı Gümrüdən də geri çəkilir. On gün sonra imzalanan Gümrü sazişi ilə bu şəhər geri qaytarılır. Hərbi əməliyyatlar barədə geniş məlumatı Karabəkir Paşanın “İstiqlal harbimiz” kitabından əldə edə bilərsiz. Göründüyü kimi, 100 il ərzində iki müharibə eyni aylarda baş verərək Ermənistan üçün eyni aqibətlə başa çatıb.
101 il öncəki müharibənin Qarabağ münaqişəsinə təsirinə gəldikdə, buna ABŞ-da yaşayan erməni tarixçi-alim Riçard Hovannisyanın “Ermənistan Respublikası” adlı 4 cildlik kitabında müşahidə etmək olur. Müəllifin millətçi və emosional baxışları onun obyektivliyini azaltsa da, nəşr tarixinin 1970-90-cı illərə təsadüf etməsi, Daşnaksyütün partiyası arxivləri, Osmanlı, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın diplomatik sənədlərinə istinadlar kitabı maraqlı edir.
Hovannisyanın təqdimatında bəlli olur ki, 1919-cu ilin 15 avqustunda ingilislərin vasitəçiliyi ilə Qarabağ Erməni komitəsinin 7-ci konfransında qəbul edilmiş sazişdən sonra erməni siyasi çevrələrində (həm ölkə, həm də diaspora daxilində) Qarabağı Azərbaycanın tərkibində mədəni muxtariyyəti olan bölgə kimi tanınmaq meylləri artır. Amma müəllif Rəsulzadənin bu saziş münasibətilə “Azərbaycan” qəzetinin 24 avqust sayındakı məqaləsinə istinad edərək, erməni liderlərinin narahatlığına yer ayırır. Rəsulzadə yazısında Qarabağ erməniləri ilə sazişin əldə olunmasını təqdir edir, iki xalq arasında nifaqı pisləyir, eyni zamanda növbəti missiya kimi Zəngəzur və Naxçıvandan erməni hərbi dəstələrin çıxarılmasını, bu bölgələrin “ana vətən”lə qovuşmasını göstərir. Hovannisyana görə, Yusifbəyli hökuməti 1919-cu ilin sentyabrından diplomatik və hərbi müstəvidə həmlələrə keçir. Bunu Yerevanda 10 ay səfir kimi çalışmış Məhəmməd xan Təkinskinin Bakıya göndərdiyi teleqramlardan, Daşnaksyütün partiyasının parlament debatları və ingilis vasitəçilərlə görüşlərdən anlamaq olur.
Təkinskinin Yerevanda persona non-qrata elan olunmasından sonra yeni səfir Əbdürrəhim Haqverdiyevlə Yusifbəyli arasında teleramlar Bakı hökumətinin Zəngəzur və Naxçıvanın Azərbaycana birləşdirlməsi yönündə planlardan xəbər verir. Amma oktyabrda Xosrov Sultanovla Əliağa Şıxlinskinin komandanlığında başlayan əməliyyatlar Zəngəzuru tam ələ keçirib Araz boyunca Culfa və Ordubadək koridor açmağa yetmir. Beləliklə, ABŞ-ın vasitəçiliyi ilə noyabrda Tiflisdə atəşkəs sazişi imzlanır. Faktiki olaraq bu sazişlə iki ölkə arasında mübahisəli ərazi durumuna düşən Zəngəzur mahalı təxminən indiki şəkildə bölünür.
Ancaq 1920-ci ildə Azərbaycanın Parisdə de-fakto tanınması, ağ qvardiyaçıların Şimali Qafqazda məğlubiyyəti daşnakların radikal qanadını hərəkətə keçirir və Qarabağda üsyan planı hazırlanır. Hovannisyanın qeydinə görə bu planı Qarabağdakı ermənilərin hamısı dəstəkləmir və bu Yerevanda radikal daşnakların avantürası kimi qiymətlənir. Nəticədə Qarabağda ermənilərin mart üsyanı Zəngəzura da yayılmaqla hərbi toqquşmalara səbəb olur və bu qarşıdurma 2-3 ay çəkir.
Bolşveiklərin Qarabağ, Zəngəzur və Naxçıvana tam yerləşməsi 20-ci ilin yayına təsadüf edir və ardınca yuxarıda bəhs etdiyim Türkiyə-Ermənistan müharibəsi başlayır. Bu hərbi əməliyyatlar zamanı Naxçıvanda möhkəmlənmək istəyən ermənilərə qarşı həm yerli hərbi birləşmələr, həm türk ordu bölmələri, həm də bolşeviklərin (azərbaycanlı və rusiyalı) həmləsi ilə Yerevan noyabrda 3 tərəfdən mühasirəyə düşür. Bundan sonra təslim olan Daşnak hökuməti istefa verir və Ermənistanda sovetləşmə başlayır.
Qayıdaq erməni tarixçisinin kitabında keçən bəzi mətləblərə
Hovannisyanın fikrincə, 1918-20-ci illərdə siyasi elita və diasporanın başlıca hədəfi “Qərbi Ermənistan”ı (Şərqi Anadolu) qorumaq, bunun üçün Qərbin, xüsusən də ABŞ və Fransanın hərbi dəstəyini əldə etmək idi. Kitabda Gürcüstanla müharibə, hökumət böhranları, yoxsulluq və sosial-iqtisadi problemlərdən bəhs edilsə də, əsas yeri “Qərbi Ermənistan” və şərq sərhədləri məsələsi təşkil edir. Aydın olur ki, 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması (Qarabağ məsələsi konfransda müzakirə olunmur, yalnız 20-ci ilin San Remo konfransında hər iki ölkəyə sərhəd mübahisələrini dinc yolla həll etmək öhdəliyi qoyulur), bolşeviklərin Qafqaza daxil olması, Sevr müqaviləsinin icrasına hərbi dəstəyin verilməməsi və Türkiyənin sentyabrda başladığı əməliyyatlar Ermənistanın geniş əraziyə malik dövlətə çevrilmək planına son qoyur. Faktiki olaraq, iki illik nəzarətdən sonra Ermənistan Şərqi Anadoluda 20 min kv km ərazini, ardınca Qarabağ və Naxçıvanı itirir.
(Azərbaycan və Ermənistan hökumətlərinin ərazi iddiaları barədə kitabda verilmiş xəritələri şərh bölməsində paylaşıram).
Erməni diasporası və lobbi qrupları bu itkilərin əvəzində 1920-23-cü illərdə Naxçıvan, Zəngəzur və Qarabağı əldə edərək təskinlik tapmağa çalışırlar. Amma Karabəkir Paşanın 20-ci ilin payızında apardığı müharibədən sonra Naxçıvan Türkiyənin təzyiqi ilə Azərbaycanın yurisdiksiyasına keçir. Bolşeviklər isə erməniləri sakitləşdirmək üçün Qarabağın dağlıq hissəsində muxtar vilayət yaradırlar. Bu barədə tarixçi-professor Cəmil Həsənlinin “Azərbaycanda sovetləşmə” kitabını oxumağı məsləhət görürəm
Yeri gəlmişkən, ikinci dünya müharibəsindən sonra beynəlxalq çevrələrdə anti-semitizmlə mübarizə və soyqırımı debatlarının çoxalması erməni diasporasının gündəmində Erməni soyqırımı ilə yanaşı Qarabağ və Naxçıvan kimi mövzuları da aktuallaşdırıb. Bu proses 1970-80-ci illərdə Qərbin akademik çevrələrində müzakirələr və məqalələrlə müşayiət olunur. Amma bu yazılarda ən çox istinad edilən də məhz Hovannisyanın kitabları və məqalələridir. Ona görə araşdırmaçılara bu kitabla tanış olmağı tövsiyyə edirəm.
Son olaraq, “Dağlıq Qarabağ” ifadəsinə rəsmi-diplomatik yazışmalarda ilk dəfə ingilislərin vasitəçiliyi dönəmində rast gəlmək olur. “Mountainous part of Garabagh” ifadəsini ingilis hərbçilər və diplomatlar əsasən Qarabağın ermənilər yaşayan hissəsi üçün işlədir, ardınca bolşeviklər bu ifadəni muxtar vilayətin inzibati adına çevirirlər.
Tarix: 25-09-2021, 09:24
Xəbəri paylaş



Xəbər lenti