Ekspert: “Əgər taliblər istehsalın qarşısını ala bilsələr, təbii olaraq həmin narkotikdaşıma yolları da istifadəsiz qalacaq”
ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxması ilə paralel «Taliban» hərəkatının hakimiyyətə gəlməsi yeni reallıqlar yaradıb. Əfqanıstan onilliklərdir ki, qlobal heroin inhisarçısı mövqeyindədir. Orada istehal olunan heroin əsasən Avropa bazarlarına daşınır.Azərbaycan narkotiklərin Əfqanıstandan Avropaya daşınması üçün tranzit ölkələrdən biridir. Narkotiklər Əfqanıstandan İran, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirilməklə Avropadakı narkomafiyalara çatdırılır. Rəsmi məlumatlara görə, ölkələr ərazisindən keçirilərkən tonlarla heroinin çox az hissəsi ələ keçir. Məsələn, 2018-ci ildə Ukraynanın Təhlükəsizlik Xidməti Türkiyədən bitum rulonlarla (ruberoyd) bərə ilə Odessaya gətirilmiş 500 kiloqram heroini müsadirə edibmiş. 2014-cü ilin iyulunda isə Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 3 ton maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılmışdı. ABŞ Dövlət Departamentinin hesabatlarına əsasən, Azərbaycan Əfqanıstan narkotiklərinin Avropaya tranziti həyata keçirilən ölkələrdən biridir. Bu tranzitin illik həcmi onlarla tonla qiymətləndirilir.Təkcə Rusiyada əfqan heroinindən ölənlərin sayı ildə 30 min nəfərə çatır. Bu, keçmiş SSRİ-nin Əfqanıstandakı hərbi əməliyyatlarda verdiyi itkilərdən çoxdur. Hesabatda deyilir ki, korrupsiya, cəzasızlıq və qanunsuzluq Əfqanıstanda narkotik istehsalının çiçəklənməsinə gətirib çıxarıb. Belə ki, bu ölkədə istehsal olunan opiumun cəmi 2 faizini zərərsizləşdirmək mümkün olur. Əfqanıstandan opium əsasən Pakistan, Mərkəzi Asiya respublikaları və İran üzərindən daşınır. İran öz ərazisində narkotikin cəmi 20 faizini tuta bilir, Pakistan 17, Rusiya və bir sıra Avropa ölkələri isə cəmi 5 faizi zərərsizləşdirir. Əfqan mənşəli heroinin əsas tranzit marşrutlarından biri də Azərbaycan üzərindən keçir. Taliblər Əfqanıstanda hakimiyyətə gəlməmişdən öncə 1 qram heroinin qiyməti Kabil bazarlarında 3-5 dollardan yuxarı deyildi, lakin Avropanın böyük şəhərlərinin küçələrində bu qiymət 1 qram üçün 100 dolları keçirdi. BMT hesabatına görə, 2018-ci ildə Əfqanıstanda istehsal olunan narkotik maddələrin həcmi ABŞ-ın bu ölkəyə müdaxilə etdiyi 2001-ci illə müqayisədə 2 dəfə artıb. İşsizlik, korrupsiya Əfqanıstanı yoxsul ölkəyə çevirib və narkotik becərilməsi belə bir şəraitdə əhalinin gəlir mənbəyinə çevrilib. Narkotik istehsalına alternativ gəlir mənbələri isə yox səviyyəsində olub.
Taliblər hakimiyyətə gələndən dərhal sonra Əfqanıstanın narkotik istehsalını dayandıracaqlarını bəyan ediblər. Bu barədə «Taliban» nümayəndəsi Zabiulla Mücahid açıqlamasında deyib.“Əfqanıstan heç bir növdə narkotik istehsal etməyəcək. İndi heç kim narkotik qaçaqmalçılığında iştirak edə bilməz. İndən belə Əfqanıstan narkotiklərdən azad olunmuş dövlət olacaq”, - deyə Mücahid bildirib.
Əfqanıstanda «Taliban»ın iqtidar olması narkotrafikə necə təsir edəcək? Bu trafikin Azərbaycana təsirləri necə olacaq? Əfqanıstana getmək istəyən silahlılar, terrorçular marşrut kimi ölkəmizi də seçə bilərmi?
Milli Məclisin deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsi ilə orada narkotiklərin istehsalı, dövriyyəsi azalıb: “Taliblər 1996-cı ildən 2001-ci ildə qədər hakimiyyətdə olduqları illər ərzində nəzarətlərində olan ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparıblar. Bunun nəticəsində Əfqanıstandan Avropaya daşınan narkotiklərin dövriyyəsi dəfələrlə azalıb. Taliblər hakimiyyətdən uzaqlaşdırılandan sonrakı dönəmdə isə narkotiklərin dövriyyəsi dəfələrlə artıb. Bu ondan xəbər verir ki, «Taliban»a qədər Əfqanıstanda narkotik mənşəli bitkilərin becərilməsinə şərait yaradılıb. Oradakı qruplaşmalara narkotiklərin kultivasiya yolu ilə becərilməsi, ticarəti ilə məşğul olmağa imkan verilib. Bu gün «Taliban» hakimiyyətə gəlmiş təşkilatdır və narkotrafikin qarşısının alınması üçün həmin təşkilatın dövlətlər tərəfindən Əfqanıstanın legitim hakimiyyəti kimi qəbul edilməsi lazımdır. Əfqanıstanla Tacikistan arasında min kilometrdən artıq sərhəd var. Həmin sərhədin təxminən 900 kilometri «Taliban»ın nəzarətindədir. Bədəxşan vilayətinin nəzarətdə olmayan hissəsindən narkotrafik davam edir. Özbəkistan istiqamətindən də vaxtilə bir trafik keçirdi. Rəşid Dustumun vaxtında həmin trafik fəaliyyətdə idi. Moskva Sərhəd zastavası deyilən ərazidən də trafik var. Əgər taliblər istehsalın qarşısını ala bilsələr, təbii olaraq həmin narkotikdaşıma yolları da istifadəsiz qalacaq”.
Ekspert deyir ki, ABŞ və koalisiya qüvvələri Əfqanıstanda olduğu dönəmdə narkoplantasiyaların olduğu ərazilərə 1 mərmi belə düşməyib: “Halbuki digər ərazilərdə mərmilər partlayır, evlər dağılır, yanırdı. Narkoplantasiyalardan olduqca böyük pullar əldə edilirdi. Əgər ”Taliban" hakimiyyətdə duruş gətirib legitim Əfqanıstan hakimiyyəti kimi ayaqda qala bilsə, qarşısında duran çox böyük problem məhz narkotik vasitələrin becərilməsi, trafikinin qarşısının alınması olacaq".
Ekspert deyir ki, bu gün Əfqanıstan kəndlisi narkotik əkib-becərməyə üstünlük verir: “Narkotik becərilməsi taxıl becərməkdən 5-10 qat artıq gəlir gətirir. Yoxsul əhalinin başqa gəlir yeri olmadığına görə daha çox narkotik becərməyə üstünlük verirlər. Narkotik becərilməsi ucuz, əldə olunmuş məhsulun gəliri isə qat-qat artıqdır. Ümumilikdə Əfqanıstanda faydalı qazıntılarla zəngin yataqlar var. Dünyanın litium yataqlarının ən böyük hissəsi Əfqanıstandadır. Litium akkumulyator istehsalında əsas xammaldır və bu gün dünya avtonəhənglərinin hibrid avtomobil istehsalını hər gün artırmasını nəzərə alsaq, Əfqanıstanın litium yataqlarının dəyəri haqda təsəvvür formalaşar. Yəni taliblər təkcə litium yataqlarının işlənməsini həyata keçirə bilsələr, iqtisadi baxımdan Əfqanıstanın simasını dəyişə bilərlər. Çinin Əfqanıstanda işçi qüvvəsindən istifadə etmək təşəbbüsləri də var. Bu gün narkotik vasitələrdən əldə olunan gəlir Əfqanıstanın kölgə iqtisadiyyatında çox böyük çəkiyə malikdir”.
Ekspert deyir ki, Əfqanıstanda «Taliban»ın hakimiyyətə gəlməsi ümumilikdə regionda “yatmış terror”un yenidən meydana gəlməsinə yol aça bilər: “Artıq ”Əl-Qaidə", İŞİD kimi terrorçu təşkilatlar özünü göstərməkdədir. Qorxulu tendensiyalardan biri “Hizb ut-Təxrir əl-İslami” terror təşikilatının yenidən baş qaldırmasıdır. “Taliban” Əfqanıstandakı Quantanamo türməsində saxlanılan çoxsaylı terrorçuları azadlığa buraxıb. Bu, “yatmış terror” ocaqlarını ayılda bilər və böyük təhlükədir. Düşünürəm ki, illər öncə olduğu kimi daha terrorçu təşkilatlara, Əfqanıstana axın olmayacaq. Azərbaycanda bu istiqamətdə çox ciddi qanunlar qəbul olunub. Əvvəllər terror təşkilatlarına qoşulmaq üçün Azərbaycandan gedən və ölkəyə qayıtmayanların terrorçu təşkilatlara qoşulması istisna deyil. Amma ümumilikdə Əfqanıstana gedənlərin olacağını düşünmürəm. Bu gün «Taliban»la Pakistanın arasında sıx əlaqələr var. Pakistanla Azərbaycan arasında da əlaqələr olduqca yüksək səviyyədədir, məlumat mübadiləsi var. Türkiyə ilə «Taliban»ın əlaqələri var və Azərbaycan bu əlaqələrdən istifadə edə bilir. Hətta getmək niyyətində olanlar varsa belə, anlamalıdırlar ki, xüsusi xidmət orqanlarının məlumat mübadiləsi çərçivəsində bunun qarşısı alınacaq".
Elşən MƏMMƏDƏLİYEV
Tarix: 7-09-2021, 08:41