Köçəryandan yeni həmlə: Lakin artıq gecdir...


Köçəryandan yeni həmlə:         Lakin artıq gecdir...
Deputat: “Ermənistanda artıq Köçəryan-Sarqsyan dövrü bitib”
 
Politoloq: “Onların iki seçimi var: Ya reallıqla barışacaqlar, ya da...”
 
Ermənistandakı son prezident seçkilərindən sonra məğlub olan “Ermənistan” blokunun lideri və eks-prezident Robert Köçəryan ilk açıqlamasını verib. Bildirib ki, Ermənistanda yeni erkən seçkilərin 1,5 ildən sonra baş tutacağı ehtimalı yüksəkdir.
 
“Ermənistan” blokunun ilk ümumi iclasında çıxış edən Köçəryan Paşinyan iqtidarını respressiv idarəetmədə günahlandırıb: “Səlahiyyətli orqanların qarşısında iki seçim var. Birincisi, müxalifətə qarşı repressiyanı davam etdirmək və Ermənistanın maraqlarına zidd olan Ankara ilə Bakının maraqlarına uyğun addımlar atmaq”.
 
Ermənistan siyasətində “Qarabağ klanı”nın lideri kimi tanınan və işğalçılıq siyasətini bu ölkəyə gətirənlərdən biri Robert Köçəryanın məlum açıqlaması hansı zərurətdən meydana çıxıb: plan üzrə açıqlamadır, yoxsa məğlubiyyətin eyforiyası?

Milli Məclisin üzvü Məşhur Məmmədov AYNA-ya şərhində deyib ki, artıq Ermənistanda Köçəryan dövrü bitib: “Robert Köçəryan, Serj Sarqsyan və digər siyasi qüvvələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində xüsusi yer alıblar. Onlar daim “Qarabağ kartı” üzərində oynayıblar və bu dəfə də eyni ssenarini üzrə hərəkətə keçdilər. Məqsəd 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qazandığı tarixi zəfərdən sui-istifadə edib, yenidən iqtidarı ələ keçirmək idi”.
 
“Ümid edirdilər ki, Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra erməni ictimaiyyəti Paşinyandan üz çevirəcək. Bu məqsədlə siyasi hərəkatlar da yaratdılar. Nəticədə Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilər elan etdi. Bu seçkilər zamanı Paşinyan blokunun inamlı qələbə qazanması, Köçəryan və tərəfdarlarının isə acı məğlubiyyəti bir daha göstərdi ki, Ermənistan cəmiyyəti müharibə istəmir. Çünki artıq başa düşürlər ki, məhz işğalçılıq siyasəti Ermənistanı böyük iqtisadi fəlakətlərlə üz-üzə qoyub”, - deyə deputat bildirib.
 
Onun fikrincə, hazırda erməni cəmiyyəti nicat yolunu xaricə mühacirət etməkdə görür: “Seçkilərdə məğlub tərəfin liderinin yenidən seçkilər keçiriləcəyi ilə bağlı bəyanatı ictimai rəyi yenidən çaşdırmaq niyyətindən qaynaqlanır. Köçəryan başa düşür ki, onların siyasi erası bitib və bundan sonra erməni cəmiyəti heç bir halda onları dəstəkləyən deyil”.
 
Məmmədov hesab edir ki, təxribatçı qüvvələrin yenidən fəallaşacağı gözlənilsə də, nəticə verməyəcəyi yəqindir: “Bir halda ki, onlar ən həssas məqamda, müharibədə uduzmuş Paşinyan üzərində qələbə qazanmağa müvəffəq olmadılar, hansı nəticədən danışmaq olar?! Onlar müxtəlif təxribatçı hərəkətlərə yol verir, Ermənistan erməniləri və Qarabağ erməniləri arasında uçurum yaratmağa çalışırlar. Xankəndidə bir qrup separatçının baş separatçı Araik Arutunyana qarşı aksiya keçirməsi, Paşinayana dəstək verdiyinə görə onun “istefasının” tələb edilməsi bunun bariz nümunəsidir. Necə ki, Ermənistan erməniləri işğalçı qüvvələrə dəstək vermədi, Qarabağ erməniləri də Azərbaycanın tərkibində birgəyaşayış dövrünə qayıtmalıdırlar. Onarın yeganə xilası bundan ibarətdir”.
 
Deputatın fikrincə, bundan sonra Ermənistan iqtidarı onlara dəstək verən deyil: “Azərbaycanın bununla bağlı rəsmi mövqeyi var. Mövqeyimiz ondan ibarətdir ki, mina xəritələri təqdim edilməli, Zəngəzur dəhlizinin inşa olunmasına maneçilik törədilməməli, tarixi işğalçılıq siaysətindən imtina edilməlidir. Bundan sonra biz sülh sazişi imzalamaq və birgə yaşayışı təmin etmək iqtidarındayıq”.
Sona Əliyeva - Publika.Az
Milli Məclisin sabiq üzvü, siyasi icmalçı Sona Əliyeva AYNA-ya şərhində Robert Köçəryanın məlum açıqlamasının bir işə yaramayacağını deyib: “Onun bu açıqlaması qisas məqsədi daşıyır. Robert Köçəryan, Serj Sarqsyan və “Qarabağ klanı”na bağlı qüvvələr üçün unikal imkan yarandı ki, onlar Nikol Paşinyanı devirsinlər. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistan ordusu ağır məğlubiyyətə düçar oldu. Ermənistan üçün belə bir həssas məqamda onlar heç nəyə nail olmadılarsa, deməli, Ermənistan ictimaiyyəti artıq onlara inanmır və dəstək göstərmir. Yəqin ki, bundan sonra da dəstək verməyəcək”.
 
“Qeyd edim ki, bu, tamamilə haqlı mövqedir. Onlar uzun müddət “Böyük Ermənistan” ideyası ilə əhalini sosial səfalət həddinə gətirdilər. Öz ölkələrini bütün regional iqtisadi layihələrdən kənarda qoydular. Əhali kütləvi şəkildə mühacirətə üz tutdu. Bütün bunların nəticəsində vaxtilə “Qarabağ klanı”nı iqtidardan devirib, Paşinyanı hakimiyyətə gətirən erməni cəmiyyəti yenidən öz mövqeyinə sadiq qaldı. Nəhayət, ermənilər anladılar ki, onların yeganə nicatı işğalçılıq siyasətindən əl çəkməkdir. Son seçkilərdə müharibədə məlğub olan hökumətin başçısına yenidən etimad göstərilməsi də bunun bariz nümunəsidir”, - deyə həmsöhbətimiz söyləyib.
 
Əliyeva hesab edir ki, Qarabağ erməniləri də Ermənistan erməniləri kimi, reallıqla barışmalı və təxribatçı qüvvələrin təsir dairəsindən kənar dayanmalıdırlar: “Məhz bu yolla öz gələcək müqəddəratlarını təyin edə bilərlər. Onların iki seçimi var: Ya reallıqla barışacaq, ya da özlərini tamamilə təcrid edəcəklər. Mövcud şəraitdə Ermənistan iqtidarı da onlara lazımi səviyyəyə dəstək verən deyil. Çünki Qarabağ Ermənistan üçün ikinci plana keçib”.
 
“Hazırki mərhələdə rəsmi İrəvan üçün əsas məsələ Ermənistanın itirmiş olduğu mövqeləri bərpa etməkdir. Yalnız işğalçılıq siyasətindən əl çəkmək, Azərbaycanın qanunlarını qəbul etməklə, onlar bu vəziyyədən xilas ola bilərlər. Robet Köçərayn, Serj Sarqsyan dövrü arxada qalıb və bundan sonra Ermənistan cəmiyyəti onlara heç zaman dəstək göstərməyəcək”, - deyə sabiq deputat fikrini yekunlaşdırıb.
Tarix: 2-07-2021, 23:59
Xəbəri paylaş



Xəbər lenti