Azərbaycan Prezidenti İlham Əliyevin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri, əlbəttə, Ermənistan siyasi elitasını narahat edib. Hərçənd indi onların seçkilərdən başqa nə isə düşünməyə imkanları yoxdur. Bir-birilərinin, az qala, “ətini yeməklə” məşğul olan siyasətçilər “başlarını qaşımağa da” vaxt tapmırlar. Müxalif qüvvələr xalqın rəğbətini qazanmaqdan ötrü müxtəlif şirnikləndirici vədlər verirlər. Hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan isə var qüvvəsi ilə hakimiyyətini qorumaq üçün çalışır.BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov seçkilərin nəticəsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Əvvəldən mövcud olan xaos indi daha da artıb. Namizədlər bir-birilərini ləkələməklə, belə demək mümkünsə, “çamur atmaq”la məşğuldurlar. Exit-polun nəticələrinə görə, Paşinyan 22 faiz səsə sahibdir. Köçəryan isə ondan bir az az səs malikdir. Deməli, dəqiq proqnoz vemək çətin olsa da, Paşinyanın şansları daha çoxdur. Çünki xalqın əksəriyyəti məhz Köçəryanın hakimiyyəti dövründə yaşayıb və onun gətirdiyi fəlakətlərin şahidi olub. Köçəryanın əsas üstünlüyü müharibədəki məğlubiyyətin səbəbkarı kimi Paşinyanı göstərməkdir. Əslində isə problemin kökü məhz “Qarabağ klanı” dövründə qoyulub. Həmin vaxt Ermənistan hakimiyyəti işğalçılıq siyasətini davam etdirməsəydi hadisələr bu məcraya gəlməz, savaş başlamazdı”.
Tarix: 16-06-2021, 23:51